Operativ Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib
İyulun 21-də Azərbaycan Respublikasının Baş naziri,
Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Qərargahın geniş tərkibdə
respublika müşavirəsi keçirilib. Müşavirədə Operativ Qərargahın üzvləri ilə bərabər
şəhər və rayonların icra hakimiyyəti başçıları, polis şöbələrinin rəisləri, baş
həkimlər iştirak ediblər. Müşavirənin gündəliyindəki iki məsələ - ölkə üzrə
peyvəndlənmə prosesinin gedişi və xüsusi karantin rejimində şənlik
mərasimlərinin – toy, nişan və s. tədbirlərin keçirilməsi zamanı xüsusi
karantin rejimi qaydalarına nəzarət məsələləri müzakirə olunub. Baş nazir Əli Əsədov bildirib ki, Prezident İlham
Əliyevin Sərəncamı ilə Operativ Qərargahın yaradıldığı dövr ərzində əhalinin
sağlamlığının qorunması üçün bütün imkanlar səfərbər edilərək xəstəliklə
mübarizəyə cəlb olunub, o cümlədən səhiyyə orqanlarının bütün maddi təminatı
ödənilib, habelə yoluxmanın və sağalmanın dinamikasına uyğun olaraq xüsusi karantin
rejiminin gücləndirilməsi və yumşaldılması üzrə inzibati tədbirlər görülüb. Xüsusi karantin rejimi çərçivəsində məhdudiyyətlərin
iqtisadiyyata göstərdiyi təzyiqə baxmayaraq, dövlət başçısının elan etdiyi
prinsip - vətəndaşların sağlamlığı əsas prinsip kimi tətbiq olunub.
Pandemiya ilə mübarizənin aparıldığı dövrün təcrübəsi
göstərir ki, xəstəliyə qarşı ən effektli mübarizə vasitəsi peyvəndlənmədir. Prezident İlham Əliyevin zamanında qəbul etdiyi qərara
əsasən ölkəmizə 15 milyon doz peyvəndin gətirilməsinə dair anlaşmalar əldə
olunub, sifarişlər edilib və hissə-hissə gətirilməkdədir. Məqsəd, ölkə
əhalisinin təqribən 70%-ə qədərini peyvəndləməkdir. Qəbul olunmuş qərarlar nəticəsində yoluxmanın
səviyyəsinin aşağı salınmasına nail olundu, yayın əvvəlinədək yoluxmanın
statistikası ikirəqəmli həddə endi, sağalanların sayı və çarpayı ehtiyatı
artırıldı. Ölkədəki əlverişli epidemioloji vəziyyəti əsas
götürərək, vətəndaşların, xüsusilə gənclərin çoxsaylı müraciətlərini nəzərə
alaraq, 2021-ci ilin iyulun 1-dən etibarən xüsusi karantin rejiminin qəbul
olunmuş qaydalarına uyğun olaraq şənlik mərasimlərinin keçirilməsinə icazə
verildi. Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi
və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən
ibarət monitorinq qruplarının Bakı şəhərində, eləcə də respublikanın digər
şəhər və rayonlarında fəaliyyət göstərən şənlik mərasimləri təşkil edilən
obyektlərdə apardıqları nəzarət tədbirləri nəticəsində, eləcə də Operativ
Qərargaha ictimaiyyət nümayəndələrindən daxil olan çoxsaylı müraciətlərdən
məlum olur ki, şənliklər bütün hallarda "İctimai iaşə müəssisələrində
koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki
göstərişlər” və "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin
aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda müəyyən olunmuş tələblərə
uyğun şəkildə keçirilmir. Qeyd edilib ki, əsasən Bakı şəhərinin şənliklər təşkil
olunan obyektlərində əksər hallarda qaydalara əməl olunur. Bununla belə: qonaqların
sayına qoyulmuş məhdudiyyət nəzərə alınmır, iştirak edən şəxslərin COVID
pasportu olmur, mərasimin vaxtı müəyyən olunmuş saatları keçir,
sanitar-epidemioloji normalar pozulur, obyektlərdə əməkdaşların 80%-nin
peyvəndlənmiş olması tələbi tətbiq olunmur. Oxşar hallar respublikanın başqa şəhər və rayonlarında
da müşahidə olunmaqdadır. Belə mənfi halların nəticəsidir ki, son günlər ölkə
üzrə yoluxmanın artımı müşahidə olunur. Vurğulanıb ki, prosesin bu şəkildə davam etməsi
arzuolunmaz nəticələrə aparıb çıxara bilər. Monitorinqin nəticələri,
vətəndaşların çoxsaylı müraciətləri və yoluxmanın artması ciddi və
təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. Baş nazir Operativ Qərargahın üzvlərinin, şəhər və
rayon rəhbərlərinin, nəzarətedici strukturların nümayəndələrinin nəzərinə bir
daha çatdırıb ki, əhalinin sağlamlığı ilə bağlı tədbirlərin tətbiqinə şəxsi
məsuliyyət daşıyırlar. Müzakirələrin gedişində şənlik mərasimlərinin
keçirilməsi zamanı tələb olunan qaydalara əməl olunması və daha səmərəli nəzarətin
həyata keçirilməsi üçün təkliflər səsləndirilib. Qeyd olunub ki, gənclərin, şənlik mərasimi sahiblərinin həyatlarının ən
sevincli və yaddaqalan gününün inzibati müdaxilələrlə pozulması arzuolunmazdır
və Operativ Qərargah belə müdaxilələrlə şənlik mərasimlərinin dayandırılmasının
tərəfdarı deyil. Müşavirədə peyvəndləmə prosesində aşkar edilən neqativ
hallara qarşı nəzarətin gücləndirilməsi və sərt tədbirlərin görülməsi məsələsi
də müzakirə olunub. Qeyd olunub ki, peyvəndləmənin yüksək sürətlə
aparılması üçün həm texniki imkanlar, həm də kifayət qədər peyvənd ehtiyatı
var. Peyvəndlənmənin sürətinin artırılması üçün Səhiyyə
Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinə səyyar vaksinasiya briqadalarının
sayının artırılması da daxil olmaqla konkret tapşırıqlar verildi. Sonda Baş nazir Əli Əsədov vətəndaşlara müraciət
edərək bildirib ki, peyvəndlənmə xəstəliyin qarşısını almaq üçün ən təsirli
vasitədir. Pandemiyanın əvvəlindən nümayiş etdirdiyimiz
həmrəyliyimizi peyvəndlənmə mərhələsində də davam etdirməyimiz vacibdir. nk.gov.az
Operativ Qərargah belə arzuolunmaz müdaxilələrə yol verilməməsi üçün
vətəndaşları şənlik mərasimləri zamanı xüsusi karantin rejiminin qaydalarına
əməl etməyə çağırır.
Operativ Qərargah şənliklərin keçirildiyi obyektlərin sahiblərinin nəzərinə bir
daha çatdırır ki, bütün məsuliyyət onların üzərindədir və qayda pozuntuları ilə
bağlı qəti və sərt tədbirlər görüləcəkdir.
Facebook-da paylaş