• Təqvim

  • Maraq



İcra başçısı subartezian quyularında, tullantı sutəmizləyici qurğuda və su anbarlarında görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb


Hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsi uğurla icra olunur. Ölkə başçısının qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra edilən layihə Qazax şəhərində 26 min nəfərin su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanıb. Qazax şəhərində 1970-ci illərdə yaradılmış ilk mərkəzləşdirilmiş su təchizatı sistemləri istismara yararsız vəziyyətə düşdüyündən mövcud tələbatı qarşılamaq iqtidarında olmayıb. Bunlar nəzərə alınaraq 2019-cu ildə Azərbaycan hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Qazax şəhərində yeni infrastruktur yaradılır. Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində 12 subartezian quyusu qazılıb, 8,6 kilometr quyulararası su xətləri inşa edilib. Mənbədən götürülən suyun anbarlara ötürülməsi məqsədilə nasos stansiyası tikilib. Su mənbəyindən Qazax şəhərinə 9 kilometr magistral su kəmərinin tikintisi başa çatdırılıb. Şəhəri dayanıqlı içməli su ilə təmin etmək üçün tutumu 10 min kubmetr (hər biri 5 min kubmetr) olan su anbarının inşası yekunlaşmaq üzrədir. Şəhərdə yaranan tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi üzrə işlərin böyük hissəsi yerinə yetirilib. 

Məlumat üçün onu da qeyd edək ki, su və kanalizasiya sistemlərinin çəkilməsinə başlanılan ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayan rayon rəhbərinin müvafiq Sərəncamına əsasən su və kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət Komissiya da yaradılıb. Eyni zamanda, çəkilişlərə start verilən ilk gündən görülən işlərin mövcud vəziyyətinə dair mütəmadi olaraq görüşlərin, iclasların keçirilməsi, eləcə də çəkiliş aparılan ərazilərə yerində baxılması, işlərin keyfiyyəti ilə maraqlanılması bu sahənin daim diqqət mərkəzində olması deməkdir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətində şəhərin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasının mövcud vəziyyətinə dair növbəti iclas olub.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tikinti üzrə baş direktorunun müavini Anar Məmmədovun, 8 saylı Tovuz Regional SuKanal İdarəsinin rəisi Darvin Hüseynovun,  Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin layihə rəhbəri Sədi Namazovun, layihə rəhbərinin köməkçisi Azər Salmanovun, layihə üzrə sahə rəisi Toğrul Nərimanovun, "Azərsu” ASC-nin mühəndisi Rövşən Əsgərovun,  8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynovun, RİH başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Akif Vəliyevin, Mənzil İstismar Sahəsinin rəisi Mahmud Mirzəyevin iştirakı ilə bu günə kimi su və kanalizasiya sistemləri çəkilmiş ərazilərdə həyata keçirilən işlərin mövcud vəziyyəti geniş şəkildə müzakirə olunub.


Daha sonra rayon rəhbərliyi aidiyyatı şəxslərlə birlikdə Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində qazılmış 12 subartezian quyusunda, mənbədən götürülən suyun anbarlara ötürülməsi məqsədilə tikilmiş nasos stansiyasında, şəhərdə yaranan tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğuda və əhalini dayanıqlı içməli su ilə təmin edəcək tutumu 10 min kubmetr olan su anbarlarında görülmüş işlərin mövcud vəziyyəti ilə yerində tanış olub, işlərin keyfiyyəti ilə maraqlanıb.

Rayon rəhbəri istər keçirilən iclasın, istərsə də yerində baxışın əsas məqsədinin su və kanalizasiya sistemlərinin çəkilişi ilə bağlı görülmüş işlərin hazırki vəziyyəti ilə tanış olmaq, müzakirə etmək və işlərin keyfiyyəti ilə maraqlanmaq olduğunu qeyd edib. Ən əsası da bütün bu işlərin kökündə vətəndaş amilinin, məmnunluğunun, əhalinin 24 saat dayanıqlı su ilə təminatının dayandığını bildirib.

İcra başçısı çəkiliş yekunlaşan bütün ərazilərdə test aparılmasını, istər su sayğaclarının, istərsə də evlərə verilmiş su birləşmələrinin mövcud vəziyyətinin öyrənilməsini, görülməsi nəzərdə tutulan digər işlərin geniş şəkildə təhlil edilməsini,layihədə olduğu kimi həyata keçirilməsini, bütün işlərin günün tələbləri səviyyəsində qurulmasını vurğulayaraq aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.

Subartezian quyularına baxış





 Tullantı sutəmizləyici qurğuya baxış






 Su anbarlarına baxış





GOYEZEN.AZ



Facebook-da paylaş