Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrası yekunlaşır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun
olaraq Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması
layihəsinin icrası yekunlaşmaq üzrədir. Layihə
Qazax şəhərində 26 min nəfərin su və kanalizasiya xidmətlərindən istifadəsinin
yaxşılaşmasına hesablanıb. Qazax şəhərində 1970-ci illərdə yaradılmış ilk
mərkəzləşdirilmiş su təchizatı sistemləri istismara yararsız vəziyyətə
düşdüyündən mövcud tələbatı qarşılamaq iqtidarında olmayıb. Bunlar nəzərə
alınaraq 2019-cu ildə Azərbaycan hökuməti və İslam İnkişaf Bankının birgə
maliyyələşdirdiyi layihə çərçivəsində Qazax şəhərində yeni infrastrukturun
yaradılmasına başlanıb. Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə
təmin etmək üçün Ağstafa rayonu ərazisində 12 subartezian quyusu qazılıb, 8,6
kilometr quyulararası su xətləri inşa edilib. Mənbədən götürülən suyun
anbarlara ötürülməsi məqsədilə nasos stansiyası tikilib. Su mənbəyindən Qazax
şəhərinə 9 kilometr magistral su kəmərinin tikintisi başa çatdırılıb. Şəhəri
dayanıqlı içməli su ilə təmin etmək üçün tutumu 10 min kubmetr olan su
anbarının inşası yekunlaşmaq üzrədir. Qazax şəhərində inşası nəzərdə tutulan 115 kilometr
paylayıcı su şəbəkəsinin 111 kilometrlik hissəsi tikilib. 6500 ünvana birləşmə
verilərək sayğaclar quraşdırılıb. Şəhər ərazisində inşası nəzərdə tutulan 85
kilometr tullantı su şəbəkəsinin 84,6 kilometri inşa edilib. Şəhərdə yaranan
tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı
sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi üzrə
işlərin 85 faizi yerinə yetirilib. İşçilərin əmək şəraitinin yaxşılaşdırılması və istehlakçılara
göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Qazax Sukanal
Sahəsi üçün müasir tipli inzibati binanın tikintisi yekunlaşıb. Layihə çərçivəsində gələcəkdə Qazax rayonunun
Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də
içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə layihədən 45 min sakin
faydalanacaq. Qeyd edək ki, indiyədək içməli su və kanalizasiya
layihələrinin icrasına başlanılmış 54 şəhər və rayon mərkəzinin 32-də içməli su
və tullantı su, 12-də isə içməli su şəbəkələrinin tikintisi yekunlaşıb.
Facebook-da paylaş