Qazax şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir
"Azərsu” Açıq
Səhmdar Cəmiyyəti cəbhə bölgəsində yerləşən Qazax şəhərinin içməli su və
kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasını
uğurla həyata keçirir. Podratçı təşkilat əraziyə lazımi texnika və
avadanlıqlar, mal-material ehtiyatları tədarük edərək küçələrdə su və
kanalizasiya xətlərinin tikintisini paralel aparır. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, "Azərsu”
ASC-nin sədr müavini Etibar Məmmədovun, "Akkord
Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tikinti üzrə
direktor müavini Anar Məmmədovun, "Azərsu”
ASC-nin, məsləhətçi və podratçı təşkilatların nümayəndələrinin iştirakı
ilə tikinti işlərinin icra vəziyyəti və gələcəkdə görüləcək işlər geniş
müzakirə olunub. "Azərsu”
ASC-nin sədr müavini Etibar Məmmədov əhalinin içməli su və kanalizasiya sistemi
ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd
edib ki, Prezident İlham Əliyev şəhər və rayon mərkəzlərinin, həmçinin
kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxlayır.
Cəbhə bölgəsində yerləşən Qazax şəhərində içməli su və kanalizasiya layihəsinin
icrası əhalinin sosial problemlərinin həllinə göstərilən diqqətin nümunəsidir.
Sədr müavini ötən müddət ərzində su və kanalizasiya çəkilişinin tikinti norma
və qaydalarına uyğun şəkildə qrafiklə həyata keçirilməsində göstərdiyi dəstəyə
görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlığını bildirib. Rayon
ictimaiyyətinə görülən işlərə təmkinlə yanaşdıqlarına görə razılığını ifadə
edib. Sədr müavini bütün bölgələrdə olduğu kimi, Qazaxda da bu layihənin uğurla
başa çatdırılacağını bildirib. Aidiyyatı təşkilatlar tərəfindən həyata keçirilən
bütün işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsinə tam nəzarət olunduğunu
qeyd edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun həlli vacib olan məsələlərindən
birinin - su-kanalizasiya sisteminin yenidən qurulmasına görə Respublika
Prezidenti İlham Əliyevə rayon ictimaiyyəti adından bir daha minnətdarlığını
bildirib. İşlərin keyfiyyətlə aparılmasına, görülən işlərdə vətəndaş mövqeyinin
gözlənilməsinə görə sifarişçi və podratçı təşkilatların rəhbərliyinə rayon
ictimaiyyəti, ağsaqqallar və ziyalılar adından təşəkkürünü çatdırıb. İcra başçısı su və kanalizasiya xəttinin çəkilməsinə
başlanılan ilk gündən bu sahənin daim diqqət mərkəzində saxlanıldığını, müvafiq
Sərəncama əsasən su və kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma
işlərinin layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyatı idarə,
müəssisə və təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət
komissiyanın yaradıldığını qeyd edib. Çəkilişlərə başlanılan andan etibarən
görülən işlərin mövcud vəziyyətinə dair mütəmadi olaraq görüşlərin, iclasların
keçirildiyini, eləcə də çəkiliş aparılan küçələrə yerində baxıldığını, işlərin
keyfiyyəti ilə maraqlanıldığını vurğulayıb. Su
mənbəyi yatağında və çirkab su təmizləyici qurğuda görülmüş işlərlə yerində
tanış olduğunu diqqətə çatdırıb. Tikilməkdə Olan Obyektlərin
Müdriyyətinin Layihə idarəetmə qrupları ilə işin təşkili şöbəsinin rəisi Fuad Təhməzov "Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması” layihəsi çərçivəsində icra olunmuş əsas iş həcmləri barədə ətraflı məlumat
verib. Qeyd edib ki, layihədə 12 ədəd subartezian quyusunun qazılması nəzərdə
tutulub ki, onlardan 3 ədədi icra olunub. 9 ədədində də tikinti işlərinə
başlanılıb. Bundan əlavə, hər birinin həcmi 5 min kubmetr olan 2 ədəd su
anbarının tikildiyini və burada işlərin 55% yerinə yetirildiyini söyləyib. Bu günə kimi kanalizasiya sistemi borularının
quraşdırılması üzrə 72,45%, su təchizatı borularının quraşdırılması üzrə isə 59,99% işlərin yerinə yetirildiyini vurğulayıb. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Məmməd Alıyev, "Akkord Sənaye Tikinti İnvestisiya
Korporasiyası” ASC-nin tikinti üzrə direktor müavini Anar Məmmədov çıxış edərək görülmüş işlər
haqda fikirlərini bölüşüblər. Tədbirdə
layihənin məqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji
əhəmiyyəti barədə ətraflı məlumat verilib. Layihə və podratçı təşkilatların
nümayəndələri tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətli icrası üçün
bütün lazımi tədbirlərin görüldüyünü bildiriblər. Məlumat üçün
qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi
Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC,
məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam
edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün
lazımi tədbirlər görülüb. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya
sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata
keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə
tutulub. GOYEZEN.AZ
Facebook-da paylaş