Qazax Rayon İcra Hakimiyyətində şəhərin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasının mövcud vəziyyətinə dair iclas keçirilib
Respublika Prezidenti İlham Əliyevin təsdiqlədiyi
regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax
şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsi
icra olunur ki, bu sahədə görülmüş işlər yekunlaşmaq üzrədir.
Ölkə başçısının
diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən
icra edilən layihə Qazax şəhərində 26
min nəfərin su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına
hesablanıb. Qazax şəhərində 1970-ci illərdə yaradılmış ilk mərkəzləşdirilmiş su
təchizatı sistemləri istismara yararsız vəziyyətə düşdüyündən mövcud tələbatı
qarşılamaq iqtidarında olmayıb. Bunlar nəzərə alınaraq 2019-cu ildə Azərbaycan
hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində
Qazax şəhərində yeni infrastruktur yaradılır. Qazax şəhəri və ətraf kəndləri
dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində 12
subartezian quyusu qazılıb, 8,6 kilometr quyulararası su xətləri inşa edilib. Mənbədən
götürülən suyun anbarlara ötürülməsi məqsədilə nasos stansiyası tikilib. Su
mənbəyindən Qazax şəhərinə 9 kilometr magistral su kəmərinin tikintisi başa
çatdırılıb. Şəhəri dayanıqlı içməli su ilə təmin etmək üçün tutumu 10 min
kubmetr olan su anbarının inşası yekunlaşmaq üzrədir. Şəhərdə
yaranan tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı
sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi üzrə işlərin
böyük hissəsi yerinə yetirilib.
Hər kəsə o da yaxşı
məlumdur ki, Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov su və kanalizasiya sistemlərinin çəkilməsinə
başlanılan ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon
rəhbərinin müvafiq Sərəncamına əsasən su və kanalizasiya sisteminin yenidən
qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması
məqsədilə rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərindən,
ağsaqqal və ziyalılarından ibarət Komissiyanın yaradılması da məhz icra
başçısının bu sahəyə xüsusi həssaslıqla yanaşmasının əyani sübutudur. Bundan
əlavə, çəkilişlərə başlanılan gündən etibarən görülən işlərin mövcud
vəziyyətinə dair mütəmadi olaraq görüşlərin, iclasların keçirilməsi, eləcə də
çəkiliş aparılan ərazilərə yerində baxılması, işlərin keyfiyyəti ilə
maraqlanılması bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətində şəhərin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasının mövcud vəziyyətinə dair növbəti iclas keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, 8 saylı Tovuz Regional SuKanal İdarəsinin rəisi Darvin Hüseynovun, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin layihə rəhbəri Sədi Namazovun, layihə rəhbərinin köməkçisi Azər Salmanovun, layihə üzrə sahə rəisi Toğrul Nərimanovun, "Azərsu” ASC-nin mühəndisi Rövşən Əsgərovun, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynovun, RİH başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Akif Vəliyevin, Mənzil İstismar Sahəsinin rəisi Mahmud Mirzəyevin iştirak etdiyi iclasda bu günə kimi həyata keçirilən işlərdən, su və kanalizasiya sistemləri çəkilmiş ərazilərdəki mövcud vəziyyətdən danışılıb, görülməsi nəzərdə tutulan işlər müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yekunlaşmaqda olan şəhərin içməli su və
tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasını 2019-cu ilin
ən yaddaqalan hadisələrindən biri kimi qiymətləndirib. Ölkə başçısının bu
qayğısını rayon ictimaiyyətinin, ağsaqqalların və ziyalıların bu gün də razılıq
hissi ilə qarşıladıqlarını və buna görə Prezident İlham Əliyevə öz dərin
minnətdarlıqlarını bildirdiklərini diqqətə çatdırıb.
Rayon rəhbəri qeyd edib ki, həmişə olduğu kimi,
bugünkü iclasın da əsas məqsədi su və kanalizasiya sistemlərinin çəkilişi ilə
bağlı görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olmaq, müzakirə etmək və işlərin keyfiyyəti ilə maraqlanmaqdır. İcra başçısı çəkiliş yekunlaşan
bütün ərazilərdə test aparılmasını, istər su sayğaclarının, istərsə də evlərə
verilmiş su birləşmələrinin mövcud vəziyyətinin öyrənilməsini, görülməsi nəzərdə
tutulan digər işlərin geniş şəkildə təhlil olunmasını bildirib və aidiyyatı üzrə
müvafiq tapşırıqlarını verib.
Sonra hər birinin tutumu 5 min kubmetr olmaqla inşa edilən
iki ədəd su anbarında, əhalinin 24 saat içməli su ilə təminatı üçün qazılmış 12 ədəd subartezian quyusunda, 1 ədəd nasosxanada və 35 kVt-luq
elektrik yarımstansiyasında, şəhərdə yaranan
tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı
sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğuda görülmüş işlərin mövcud vəziyyəti öyrənilib.
GOYEZEN.AZ
Facebook-da paylaş