• Təqvim

  • Maraq



İslamiadanın qalibləri ilə görüş keçirilib

İslamiadanın qalibləri ilə görüş keçirilib
İndi respublikamızda elə bir bölgə yoxdur ki, orada ən müasir idman qurğuları olmasın. Məhz bunun nəticəsidir ki, ən mötəbər yarışlarda paytaxt Bakı ilə yanaşı, bölgələrdə yaşayan gənclər də iştirak edərək Azərbaycan bayrağını yüksəldir, dövlət himnimizi səsləndirirlər. Elə bu yaxınlarda respublikamızda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında olduğu kimi. Bu yarışlarda Qazax rayonundan da idmançılar iştirak etmiş, layiqli yerlər tutmuşlar.

Oyunlardan medallarla rayona qayıdan idmançılar yerli sakinlər tərəfindən də böyük hərarətlə qarşılandılar. Bu münasibətlə Qazaxda keçirilən görüşdə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançıları, eləcə də onların məşqçilərini təbrik etmiş, bu uğuru Azərbaycan dövlətinin sürətli inkişafının daha bir göstəricisi kimi qiymətləndirmişdir. Bu Oyunlarda qazaxlı idmançılar - sərbəst güləş üzrə Mahir Əmiraslanov qızıl, zorxana yarışlarında Tural Əliyev gümüş medallara layiq görülmüş, ağır atletika yarışlarında Elnarə Abbasova üçüncü, Gülçin Əlizadə isə dördüncü yerə çıxmışlar.

Görüşdə Milli Məclisin deputatı Kamran Nəbizadə çıxış edərək qazanılan uğurlarda ölkə rəhbəri İlham Əliyevin, birinci vitse-prezident, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın böyük əməkləri olduğunu vurğulamış, uğura imza atan qazaxlı idmançıları təbrik etmişdir.

Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov uğurları Azərbaycanda aparılan düşünülmüş siyasətin məntiqi nəticəsi kimi dəyərləndirmişdir. Əminliklə demişdir ki, bu qələbə Azərbaycan idmançılarının nailiyyətlərə gedən yolda hələ başlanğıcdır.

"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının qazaxlı qalibləri adından çıxış edən Tural Əliyev idmana və idmançılara göstərilən diqqət və qayğya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Əməkdar məşqçi Ramiz Tağıyev, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamal Əhmədov, məşqçi-müəllim Rayət Abdalov və başqaları çıxış edərək IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn Azərbaycan idmançılarına xoş arzularını bildirmişlər.

Sonda qalib idmançılara hədiyyələr təqdim olunmuşdur.

Sabir ƏLİYEV,
"Azərbaycan” qəzeti
6 İyun 2017-ci il


Facebook-da paylaş