Gəncə Səyyar “ASAN xidmət" avtobusu artıq 1 həftədir ki, Qazaxda vətəndaşlara xidmət göstərir
Son illər ölkəmizdə
vətəndaş amilinin bütün sahələrdə ön plana çəkilməsi həyata keçirilən işlərdə,
icra edilən layihələrdə də öz əksini tapır. Vətəndaşlara keyfiyyətli və
şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” Mərkəzlərinin
yaradılması da bunun bariz nümunəsidir. Tez bir zamanda ölkə əhalisinin böyük
inam və rəğbətini qazanan "ASAN xidmət” bu gün nəinki Azərbaycanda, eləcə
də ölkə hüdudlarından kənarda kifayət qədər tanınır. Xidmətin başlıca
prinsiplərindən biri də respublikamızın bütün bölgələrində, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda
belə sakinlərə səyyar şəkildə xidmət göstərilməsidir. Dövlət xidmətlərinin
vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi,
vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olmaq Səyyar
xidmətin əsas məqsədidir. Qazax rayon sakinləri də
mütəmadi olaraq "ASAN xidmət”in
fəaliyyətindən yararlanırlar. Xəbər
verdiyimiz kimi, Gəncə Səyyar "ASAN
xidmət”in nümayəndələri 27 may 2021-ci il tarixdən növbəti
dəfə texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax
şəhəri, Azadlıq küçəsi 107 ünvanında ("Azərpoçt” MMC-nin qarşısı) vətəndaşların
xidmətindədirlər. 25 iyun 2021-ci il tarixədək 30 gün müddətində əhaliyə səyyar xidmətlər göstərəcəklər.
Səyyar "ASAN xidmət”in qrup rəhbəri
Mehrac Cabbarlının sözlərinə görə səyyar şəkildə göstərilən
xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət
Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi
tərəfindən təqdim olunur. Bu xidmətlərə ümumvətəndaş pasportlarının verilməsi və
dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük
vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz
əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat xidmətləri, vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatı, tibb xidməti (qan qrupu, boy və göz
rənginin təyini üçün), tərcümə xidməti daxildir. Qrup rəhbəri avtobusda xidmət zamanı xüsusi
karantin rejimi qaydalarına riayət olunmasına, vətəndaşların tibbi
maskadan və spirtdən istifadəsinə birmənalı şəkildə əməl edildiyini bildirir. Qrup
rəhbəri avtobusun fəaliyyətə başladığı andan bu günə kimi müraciət edən 757 nəfər vətəndaşdan 700 nəfərə xidmət göstərildiyini qeyd edir. O, həmçinin
vətəndaşların əsasən ümumvətəndaş pasportlarının verilməsi və
dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük
vəsiqələrinin dəyişdirilməsi ilə əlaqədar müraciət etdiklərini vurğulayır. Respublika Prezidenti İlham
Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqsədilə təşkil
olunmuş bu xidməti bu gün müraciət etmiş rayon sakinləri də yüksək qiymətləndiriblər.
Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını
çatdırıblar. Vətəndaşlara göstərilən gözəl
və nümunəvi xidmətlərinə görə bütün
dünyada bir brendə çevrilən "ASAN xidmət”i Azərbaycanda həyata keçirilən ən
uğurlu layihələrdən biri hesab etdiklərini vurğulayıblar. Məlumat üçün qeyd edək ki, Səyyar "ASAN
xidmət" avtobusunda sənəd qəbulu bazar ertəsi və cümə günü saat 10:00-dan
18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.
GOYEZEN.AZ
Facebook-da paylaş