Əsas Səhifə > Manşet / Rəsmi > Gəncə Səyyar “ASAN xidmət" avtobusu artıq 1 həftədir ki, Qazaxda vətəndaşlara xidmət göstərir

Gəncə Səyyar “ASAN xidmət" avtobusu artıq 1 həftədir ki, Qazaxda vətəndaşlara xidmət göstərir


3-06-2021, 15:22


Son illər ölkəmizdə vətəndaş amilinin bütün sahələrdə ön plana çəkilməsi həyata keçirilən işlərdə, icra edilən layihələrdə də öz əksini tapır. Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” Mərkəzlərinin yaradılması da bunun bariz nümunəsidir. Tez bir zamanda ölkə əhalisinin böyük inam və rəğbətini qazanan "ASAN xidmət” bu gün nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda kifayət qədər tanınır. Xidmətin başlıca prinsiplərindən biri də respublikamızın bütün bölgələrində, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda belə sakinlərə səyyar şəkildə xidmət göstərilməsidir. Dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olmaq Səyyar xidmətin əsas məqsədidir.

Qazax rayon sakinləri də mütəmadi olaraq "ASAN xidmət”in fəaliyyətindən yararlanırlar.

Xəbər verdiyimiz kimi, Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri 27 may 2021-ci il tarixdən növbəti dəfə texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 107 ünvanında ("Azərpoçt” MMC-nin qarşısı) vətəndaşların xidmətindədirlər. 25 iyun 2021-ci il tarixədək 30 gün müddətində əhaliyə səyyar xidmətlər göstərəcəklər.

 

Səyyar "ASAN xidmət”in qrup rəhbəri Mehrac Cabbarlının sözlərinə görə səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur.

Bu xidmətlərə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tibb xidməti (qan qrupu, boy və göz rənginin təyini üçün), tərcümə xidməti daxildir.

Qrup rəhbəri avtobusda xidmət zamanı xüsusi karantin rejimi qaydalarına riayət olunmasına, vətəndaşların tibbi maskadan və spirtdən istifadəsinə birmənalı şəkildə əməl edildiyini bildirir.

Qrup rəhbəri avtobusun fəaliyyətə başladığı andan bu günə kimi müraciət edən 757 nəfər vətəndaşdan 700 nəfərə xidmət göstərildiyini qeyd edir. O, həmçinin vətəndaşların əsasən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə əlaqədar müraciət etdiklərini vurğulayır.

Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqsədilə təşkil olunmuş bu xidməti bu gün müraciət etmiş rayon sakinləri də yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını çatdırıblar. Vətəndaşlara göstərilən gözəl və nümunəvi xidmətlərinə görə bütün dünyada bir brendə çevrilən "ASAN xidmət”i Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri hesab etdiklərini vurğulayıblar.

Məlumat üçün qeyd edək ki, Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu bazar ertəsi və cümə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

 








GOYEZEN.AZ


Geri qayıt