Qazaxda icra başçısı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib
Bu gün dünyanın 189 dövləti – Uşaqların Beynəlxalq
Müdafiəsi Gününü qeyd edir. Uşaqlara irqindən, rəngindən, mənşəyindən, maddi
durumundan asılı olmayaraq bərabərlik və şəxsi rəyə hörmət hüququ verilir.
Dünyada və respublikamızda olduğu kimi Qazaxda da 1 İyun - Uşaqların Beynəlxalq
Müdafiəsi Günü qeyd edilib. Bütün bağçalarda al-əlvan geyimli, şirin, şən, şıltaq,
təbəssümü ilə ətrafa işıq saçan, gül nəfəsli körpələrin ətri yayılmışdı hər
yana. Hər kəsin, xüsusilə uşaqların üzündə saf təbəssüm, fərqli bir duyğu var
idi bu gün. Kiçik körpə ürəklərindəki sevincləri üzlərində əks olunmuşdu. Sanki
onlar uşaq olduğu üçün sevinir və hər kəsdən bu sözləri eşitmək istəyirdilər:
"Bayramınız mübarək”. Bu gün uşaqların sevincinin həddi-hüdudu yox idi. Hər
şeydən, bütün qayğılardan azad olan uşaqların 365 gündən onlar üçün ayrılan bir
günü - 1 iyun gününü qeyd edirdilər. Rəhbər təyin olunduğu ilk gündən xalqın arasında olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov uşaqlara da daim diqqət və qayğı ilə yanaşır, bu sahənin
inkişaf etməsi üçün əlindən gələni əsirgəmir. Bunun nəticəsidir ki, bu gün
Qazaxda rayon üzrə olan məktəbəqədər təhsil müəssisələri günün tələbləri səviyyəsində
fəaliyyət göstərir. Rayon rəhbəri hər zaman olduğu kimi, bu gün də uşaqlara
olan qayğısını əsirgəməyib, icra aparatının məsul işçiləri, hüquq-mühafizə
orqanlarının rəhbərləri ilə birlikdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi
Gününü uşaqlarla qeyd edib. Əlamətdar gün müasibətilə şəhərdə fəaliyyət
göstərən 6 və 3 saylı Körpələr Evi-Uşaq bağçalarında olub, uşaqlara olan səmimi
təbriklərini çatdırıb. Rayon rəhbərliyi və qonaqlar əvvəlcə bağçalarda uşaqlar üçün yaradılan şəraitlə tanış
olublar. Sonra icra başçısı Rəcəb Babaşov çıxış edərək 1 İyun -
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balaları təbrik edib,
onlara ən səmimi arzularını bildirib. Qeyd edib ki, "Uşaqlar bizim gələcəyimizdir”
- deyən Ulu Öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısı, dövlət uşaq
siyasəti bu gün Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Respublikamızda
saysız-hesabsız məktəb binaları, uşaq bağçaları tikilib uşaqların istifadəsinə
verilir. Bunun nəticəsidir ki, Azərbaycan uşaqları bu gün dünyanın ən xoşbəxt
uşaqlarıdır. İlk gündən uşaqların yaxşı şəraiti olan bağçalarda təlim-tərbiyə
almaları üçün görülmüş işlərdən, yaradılan şəraitdən söz açan rayon rəhbəri
körpə balalara olan qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44
günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən söz açan rayon rəhbəri
bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Bu gün bir vətəndaş olaraq əldə etdiyimiz
Zəfərə görə Ali Baş Komandana, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə,
sağlamlığını itirən qazilərimizə minnətdar olduğumuzu qeyd edib. İcra başçısı bildirib ki, bu gün nə xoşbəxt xalqıq ki,
uşaqlarımız bugünkü bayramlarını qalib ölkənin övladları olaraq fəxrlə, qürurla
qeyd edirlər. Rayon rəhbəri hər bir uşaq kimi, şəhid və qazi ailələrinin övladlarının da dövlətin
xüsusi nəzarətində olduğunu, onların qayğılarının və çətinliklərinin dərhal həlli
istiqamətində bütün zəruri addımların atıldığını diqqətə çatdırıb. Şəhid ailələrinin
qayğılarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident
Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu bildirən icra başçısı bu ailələrin
övladlarına dəstək göstərməyin, şəhidlərimizin bizə əmanəti olan övladlarının
qorunması, yetişdirilməsi və təhsil almalarına köməyin göstərilməsinin hər kəsin
vətəndaşlıq borcu və vəzifəsi olduğunu vurğulayıb. Qazax Rayon İcra Hakimiyyəti
tərəfindən bütün uşaqlarla yanaşı, şəhidlərimizin övladlarının da daim diqqət mərkəzində
saxlanıldığını, doğum günlərində onları sevindirməyin, könüllərini şad etməyin
qarşıya məqsəd qoyulduğunu bildirib. 6 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri Elnarə
Qurbanova çıxış edərək rəhbərlik etdiyi kollektiv adından təbrikə gələn
qonaqları salamlayıb və minnətdarlığını bildirib. Dövlətimiz, ölkə başçısı və
rayon rəhbərliyi tərəfindən uşaqlara göstərilən qayğıya görə sonsuz təşəkkürünü
çatdırıb. Gələcəyimiz olan uşaqların hərtərəfli dövlət qayğısı ilə əhatə
olunmalarını istər valideynlərin, istərsə də tərbiyəçi müəllimlərin razılıqla
qarşıladıqlarını qeyd edib. Bayram
tədbirlərində iştirak edən valideynlərdən Sənəm Namazova, Rövşanə Vəliyeva söz
alaraq Qazaxda böyüməkdə olan gənc nəslə göstərilən diqqət və qayğıya görə ölkə
Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını
bildiriblər. Qeyd ediblər ki, bu gün rayondakı bütün Körpələr Evi-Uşaq
bağçalarında uşaqların sağlam və qayğısız böyümələri üçün hər cür şərait
yaradılıb. Mübaliğəsiz olaraq deyə bilərik ki, paytaxtdakı bağçalarla Qazaxdakı
bağçalar arasında heç bir fərq yoxdur. Son illər bağçalarda yaradılan şəffaflıq
bu uşaq müəssisələrinin gündəlik fəaliyyətinə müsbət təsirini göstərib,
bağçalar sözün əsl mənasında uşaqların təlim-tərbiyə müəssisəsinə çevrilibdir. Sonra uşaqların ifasında Azərbaycanın Dövlət Himninin
səslənməsi ilə bayram tədbirinin bədii hissəsinə start verilib. Körpə fidanlar bir-birindən
rəngarəng çıxışlarla tədbirə xoş ovqat qatıblar. Uşaqlar dövlət atributlarımızı
səsləndirib, Vətənə, xalqa, anaya, məktəbə, şəhidlərə aid şeirlər söyləyib,
mahnılar oxuyub, rəqs ediblər. "Qarabağ Azərbaycandır!” söyləyən balacalar düşmən
tapdağından azad olunmuş rayonlarımızın adlarını fəxrlə dilə gətiriblər. 6 saylı Körpələr
Evi-Uşaq bağçasına gələn Vətən müharibəsinin şəhidləri "Rəşadət" ordenli kapitan İmamverdi
İsmayılovun övladı Elnur İsmayılov, əsgər Tural Məmmədovun
övladları Nihat və Nilay Məmmədlilər də üçrəngli Azərbaycan Bayrağının
qarşısında "Qarabağ Azərbaycandır!”, "Şəhidlər ölməz, Vətən bölünməz!” söyləyiblər. Tədbir
rayon rəhbərliyinin bayram hədiyyəsi olan şən klonların çıxışı və uşaqların rəqsi
ilə başa çatıb. Sonda xatirə
şəkilləri çəkdirilib. 6 saylı Körpələr Evi-Uşaq bağçası
3 saylı Körpələr Evi-Uşaq bağçası GOYEZEN.AZ
Facebook-da paylaş