Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda icra başçısı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib

Qazaxda icra başçısı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib


1-06-2021, 21:16

Bu gün dünyanın 189 dövləti – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edir. Uşaqlara irqindən, rəngindən, mənşəyindən, maddi durumundan asılı olmayaraq bərabərlik və şəxsi rəyə hörmət hüququ verilir. Dünyada və respublikamızda olduğu kimi Qazaxda da 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib.

Bütün bağçalarda al-əlvan geyimli, şirin, şən, şıltaq, təbəssümü ilə ətrafa işıq saçan, gül nəfəsli körpələrin ətri yayılmışdı hər yana. Hər kəsin, xüsusilə uşaqların üzündə saf təbəssüm, fərqli bir duyğu var idi bu gün. Kiçik körpə ürəklərindəki sevincləri üzlərində əks olunmuşdu. Sanki onlar uşaq olduğu üçün sevinir və hər kəsdən bu sözləri eşitmək istəyirdilər: "Bayramınız mübarək”. Bu gün uşaqların sevincinin həddi-hüdudu yox idi. Hər şeydən, bütün qayğılardan azad olan uşaqların 365 gündən onlar üçün ayrılan bir günü - 1 iyun gününü qeyd edirdilər.

Rəhbər təyin olunduğu ilk gündən xalqın arasında olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov uşaqlara da daim diqqət və qayğı ilə yanaşır, bu sahənin inkişaf etməsi üçün əlindən gələni əsirgəmir. Bunun nəticəsidir ki, bu gün Qazaxda rayon üzrə olan məktəbəqədər təhsil müəssisələri günün tələbləri səviyyəsində fəaliyyət göstərir.

Rayon rəhbəri hər zaman olduğu kimi, bu gün də uşaqlara olan qayğısını əsirgəməyib, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü uşaqlarla qeyd edib. Əlamətdar gün müasibətilə şəhərdə fəaliyyət göstərən 6 və 3 saylı Körpələr Evi-Uşaq bağçalarında olub, uşaqlara olan səmimi təbriklərini çatdırıb.

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə bağçalarda uşaqlar üçün yaradılan şəraitlə tanış olublar.




Sonra icra başçısı Rəcəb Babaşov çıxış edərək 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balaları təbrik edib, onlara ən səmimi arzularını bildirib. Qeyd edib ki, "Uşaqlar bizim gələcəyimizdir” - deyən Ulu Öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısı, dövlət uşaq siyasəti bu gün Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Respublikamızda saysız-hesabsız məktəb binaları, uşaq bağçaları tikilib uşaqların istifadəsinə verilir. Bunun nəticəsidir ki, Azərbaycan uşaqları bu gün dünyanın ən xoşbəxt uşaqlarıdır. İlk gündən uşaqların yaxşı şəraiti olan bağçalarda təlim-tərbiyə almaları üçün görülmüş işlərdən, yaradılan şəraitdən söz açan rayon rəhbəri körpə balalara olan qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

 

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən söz açan rayon rəhbəri bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Bu gün bir vətəndaş olaraq əldə etdiyimiz Zəfərə görə Ali Baş Komandana, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olduğumuzu qeyd edib.

İcra başçısı bildirib ki, bu gün nə xoşbəxt xalqıq ki, uşaqlarımız bugünkü bayramlarını qalib ölkənin övladları olaraq fəxrlə, qürurla qeyd edirlər. Rayon rəhbəri hər bir uşaq kimi, şəhid və qazi ailələrinin övladlarının da dövlətin xüsusi nəzarətində olduğunu, onların qayğılarının və çətinliklərinin dərhal həlli istiqamətində bütün zəruri addımların atıldığını diqqətə çatdırıb. Şəhid ailələrinin qayğılarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu bildirən icra başçısı bu ailələrin övladlarına dəstək göstərməyin, şəhidlərimizin bizə əmanəti olan övladlarının qorunması, yetişdirilməsi və təhsil almalarına köməyin göstərilməsinin hər kəsin vətəndaşlıq borcu və vəzifəsi olduğunu vurğulayıb. Qazax Rayon İcra Hakimiyyəti tərəfindən bütün uşaqlarla yanaşı, şəhidlərimizin övladlarının da daim diqqət mərkəzində saxlanıldığını, doğum günlərində onları sevindirməyin, könüllərini şad etməyin qarşıya məqsəd qoyulduğunu bildirib.


6 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri Elnarə Qurbanova çıxış edərək rəhbərlik etdiyi kollektiv adından təbrikə gələn qonaqları salamlayıb və minnətdarlığını bildirib. Dövlətimiz, ölkə başçısı və rayon rəhbərliyi tərəfindən uşaqlara göstərilən qayğıya görə sonsuz təşəkkürünü çatdırıb. Gələcəyimiz olan uşaqların hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarını istər valideynlərin, istərsə də tərbiyəçi müəllimlərin razılıqla qarşıladıqlarını qeyd edib.

Bayram tədbirlərində iştirak edən valideynlərdən Sənəm Namazova, Rövşanə Vəliyeva söz alaraq Qazaxda böyüməkdə olan gənc nəslə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün rayondakı bütün Körpələr Evi-Uşaq bağçalarında uşaqların sağlam və qayğısız böyümələri üçün hər cür şərait yaradılıb. Mübaliğəsiz olaraq deyə bilərik ki, paytaxtdakı bağçalarla Qazaxdakı bağçalar arasında heç bir fərq yoxdur. Son illər bağçalarda yaradılan şəffaflıq bu uşaq müəssisələrinin gündəlik fəaliyyətinə müsbət təsirini göstərib, bağçalar sözün əsl mənasında uşaqların təlim-tərbiyə müəssisəsinə çevrilibdir.

Sonra uşaqların ifasında Azərbaycanın Dövlət Himninin səslənməsi ilə bayram tədbirinin bədii hissəsinə start verilib. Körpə fidanlar bir-birindən rəngarəng çıxışlarla tədbirə xoş ovqat qatıblar. Uşaqlar dövlət atributlarımızı səsləndirib, Vətənə, xalqa, anaya, məktəbə, şəhidlərə aid şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər. "Qarabağ Azərbaycandır!” söyləyən balacalar düşmən tapdağından azad olunmuş rayonlarımızın adlarını fəxrlə dilə gətiriblər.

6 saylı Körpələr Evi-Uşaq bağçasına gələn Vətən müharibəsinin şəhidləri "Rəşadət" ordenli kapitan İmamverdi İsmayılovun övladı Elnur İsmayılov, əsgər Tural Məmmədovun övladları Nihat və Nilay Məmmədlilər də üçrəngli Azərbaycan Bayrağının qarşısında "Qarabağ Azərbaycandır!”, "Şəhidlər ölməz, Vətən bölünməz!” söyləyiblər. Tədbir rayon rəhbərliyinin bayram hədiyyəsi olan şən klonların çıxışı və uşaqların rəqsi ilə başa çatıb. Sonda xatirə şəkilləri çəkdirilib.

6 saylı Körpələr Evi-Uşaq bağçası













3 saylı Körpələr Evi-Uşaq bağçası



GOYEZEN.AZ


Geri qayıt