• Təqvim

  • Maraq



Sərhəd kəndi Qaymaqlıda sakinlərin subartezian quyusu ilə bağlı qaldırdıqları məsələ müsbət həll olunub


Cənab Prezident İlham Əliyevin rəhbər vəzifəli şəxsləri qəbul edərkən onlarla olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirlərin, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, vətəndaşı narahat edən problemlərə həssaslıqla yanaşmaları, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələrin kökündə vətəndaş amili dayanır. Dövlət başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilən işlər vətəndaş amilinə söykənir. Ölkə başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğı Qazax rayonunda da hər zaman əsas götürülür. Rayon rəhbərinin vətəndaş amilini hər zaman ön planda tutması, sakinlərin qaldırdıqları hər bir məsələyə operativ şəkildə baxması, yerində baxış keçirməsi bu dediklərimizin əyani sübutudur.


Dünən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun aidiyyatı şəxslərlə birlikdə Qaymaqlı kəndində sakinlərin subartezian quyusunun sıradan çıxmış matoru ilə bağlı müraciətinə yerində baxması və məsələnin tez bir zamanda aradan qaldırılması üçün aidiyyatı şəxslərə tapşırıq verməsi barədə məlumat vermişdik. Artıq sakinlərin qaldırdıqları məsələ müsbət həllini tapıb. Belə ki, 102 ailənin istifadə etdiyi subartezian quyusunun sıradan çıxmış matoru yenisi ilə dəyişdirilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov  icra aparatının məsul işçiləri ilə birlikdə subartezian quyusunun təmirdən sonrakı vəziyyəti ilə tanış olub.

Kənd sakinləri onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qaldırdıqları məsələnin qısa bir zamanda müsbət həll olunmasına görə razılıqlarını ifadə ediblər. 









 

GOYEZEN.AZ



Facebook-da paylaş