Qazaxda Rayon Ağsaqqallar Şurasının iclası keçirilib
Aprelin 14-də Qazax Rayon Ağsaqqallar Şurasının iclası
keçirilib. Qazax Rayon
İcra Hakimiyyətində Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi
karantin rejimi qaydalarına riayət olunmaqla, keçirilən tədbirdə Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini
Bayram Yusifov və mətbuat katibi Rafiq Rzayev, Qazax Rayon Ağsaqqallar
Şurasının sədri Sabir Məhərrəmov, bir qrup
rayon ağsaqqalı və şura
üzvləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər
Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və
fəaliyyətini özündə əks etdirən fotostendlərlə tanış olublar. Sonra şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin
xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə tər qərənfillər
düzülüb. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dua oxunub, əziz
xatirələri ehtiramla anılıb. Daha sonra Rayon İcra Hakimiyyətinin akt zalında
baş tutan tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş
Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra iclas öz
işinə başlayıb. İclasın aparılması üçün sədr və katib seçilərək gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb. İclasın sədri, Bakı
Dövlət Universitetinin Qazax filialının direktor müavini, dosent Məmməd Yusifov gündəlikdə duran məsələlərin Qazax Rayon Ağsaqqallar Şurasına sədrin, həmçinin İdarə Heyəti və Təftiş
Komissiyası üzvlərinin seçilməsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qazax Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq
səsvermə yolu ilə qəbul edilib. Məhərrəmov Sabir Abbasəli oğlu yenidən Qazax Rayon Ağsaqqallar Şurasının
sədri seçilib. Azərbaycan
Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair
Alıyev Barat Alı oğlu (Barat Vüsal), Aprel şəhidi kapitan Mühüd Orucovun atası
Orucov Qurban Mühüd oğlu, Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Qazax Rayon
Komitəsinin sədri Əkbərov Yasin Mehdi oğlu və təqaüddə olan müəllim
Süleymanov Əli Məhəmməd oğlu Qazax Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri
seçiliblər. Qazax
Rayon Ağsaqqallar Şurasının Təftiş Komissiyasının üzvləri isə Əməkdar idman
ustası, əməkdar məşqçi Tağıyev Ramiz Cahangir oğlu, Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı Qazax Rayon Komitəsinin sədri Qurbanov İsgəndər Kərəm oğlu və təqaüddə
olan keçmiş dövlət qulluqçusu Vəliyev Fariz Mustafa oğlu seçiliblər. Qərar layihəsi oxunduqdan və böyük səs çoxluğu ilə
qəbul edildikdən sonra çıxışlar olub. İcra başçısı Rəcəb Babaşov Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş
sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək
onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Xalqımızın
milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin
əhəmiyyətini vurğulayan icra başçısı bildirib ki, xalqımızın mənəvi dünyasında,
milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat
məramı olub. İcra başçısı rəhbər təyin olunduğu ilk gündən mütəmadi olaraq ağsaqqallarla
görüşdüyünü, hər zaman onların xeyir-duasını aldığını, ağsaqqal məsləhətinə,
tövsiyəsinə həmişə böyük önəm verdiyini diqqətə çatdırıb. Ulu
Öndər Heydər Əliyevin ağsaqqallarımıza verdiyi dəyərdən söz açan rayon rəhbəri
Onun ağsaqqallarımız haqqında söylədiyi "Ağsaqqallarımız milli-mənəvi
dəyərlərimizin qızıl fondudur” kimi qiymətli fikrinin hər birimiz üçün örnək
olduğunu söyləyib. Ölkəmizdə ağsaqqallara olan qayğının bu gün Respublika Prezidenti
İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam
etdirildiyini bildirib. Ölkə başçısının cəmiyyətimizdə ağsaqqalların roluna çox
böyük önəm verdiyini, Azərbaycan ağsaqqallarının tariximizin bütün dövrlərində
öz sözlərini dediklərini qeyd edib. Ağsaqqallar Şurasının sədri, Milli Məclisin
deputatı Eldar Quliyevin rəhbərliyi altında Ağsaqqallar Şurasının bu gün
ölkəmizin inkişafına, Prezidentimizin yürütdüyü siyasətə öz dəstəyini göstərdiyini
vurğulayıb. Rayon
rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44
günlük Vətən müharibəsində Azərbaycan ağsaqqallarının yenə də öz sözlərini dediklərini,
xalqımızın həmrəy olmasında ağsaqqalların vacib rolunun bir daha şahidi olduğumuzu
bildirib. Ölkəmizin inkişafının yeni bir mərhələsinə qədəm qoyduğunu, işğaldan
azad edilmiş torpaqlarımızda quruculuq, abadlıq işlərinin görüldüyünü, Prezident
İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərimizin gülüstana çevriləcəyini qeyd
edən icra başçısı ölkəmizin inkişafının yeni mərhələsində də ağsaqqallarımızın
böyük rolunun olacağına əminliyini vurğulayıb. Qazax ağsaqqallarının da həm 44 günlük Vətən
müharibəsində, həm də pandemiya dövründə rayon əhalisinə mənəvi dəstək olduqlarını
diqqətə çatdıran icra başçısı bundan sonra da ölkə rəhbərinin uğurlu siyasətini
dəstəkləyəcəklərini söyləyib. Bu baxımdan yeni tərkibdə formalaşan Qazax Rayon
Ağsaqqallar Şurasının öz töhfəsini verəcəyini qeyd edib. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxış edərək tədbir iştirakçılarını
salamlayıb və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Ağsaqqalların
ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə
göstərilən dövlət qayğısından danışıb. O, gənclərin dövlətə, xalqa
sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi
işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb. Sədr
müavini Bayram Yusifov ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident
İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Ağsaqqallar Şurasının üzərinə böyük məsuliyyət düşdüyünü deyən sədr müavini bildirib
ki, şuranın birinci vəzifəsi regionlarda qurumun bölmələrinin tərkibini yenidən
formalaşdırmaqdır. Ən əsası da Prezident İlham Əliyevin apardığı daxili və
xarici siyasəti dəstəkləməklə, bu siyasəti regionlarda vətəndaşlarımıza
çatdırmaq bizim vəzifələrimiz sırasındadır. Bayram Yusifov qeyd edib ki, ötən
ilin bizim üçün dəyəri o oldu ki, 30 il ərzində həll edilməyən Qarabağ problemi
dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
həllini tapdı. Torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Bu
nailiyyətimiz Prezident İlham Əliyevin daxili və xarici siyasətinin məntiqi
nəticəsi olmaqla yanaşı, düşmənə və dünya dövlətlərinə Azərbaycan adlı güclü
dövləti bir daha tanıtdı. "İnanırıq ki, işğaldan azad olunmuş bütün torpaqlarda
quruculuq-abadlıq işləri böyük sürətlə həyata keçiriləcək və Ağsaqqallar Şurası
olaraq bu prosesdə biz də yaxından iştirak edəcəyik”, - deyən sədr müavini bu
yolda hər kəsə uğurlar arzulayıb. Qazax Rayon Ağsaqqallar Şurasının sədri Sabir Məhərrəmov göstərilən
etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən
gələni əsirgəməyəcəyini bildirib. AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət
xadimi, şair Barat Vüsal, Kənd-Qida-İş Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Fərhad Qocamanov, Çaylı kənd sakini, kənddə
fəaliyyət göstərən İşçi qrupunun üzvü Qəzənfər Qocayev çıxış edərək Rayon
Ağsaqqallar Şurasının sədrini, idarə heyətinin və təftiş komissiyasının yeni
seçilən üzvlərini təbrik edib, gələcək işlərində uğurlar arzulayıblar. Ölkə
Prezidenti İlham Əliyevin rəhbərliyi altında paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə
aparılan abadlıq-quruculuq işlərini, vətəndaşların sosial rifah halının
yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı işləri yüksək
qiymətləndirdiklərini dilə gətiriblər. Son illər ölkə başçısının qayğısı sayəsində
rayon rəhbərliyi tərəfindən rayonda aparılan tikinti-quruculuq işlərinin geniş
vüsət aldığını qeyd edən çıxışçılar buna görə razılıqlarını bildiriblər.
Rayonda olan inkişafı, tərəqqini Qazaxın timsalında bölgələrimizə olan dövlət
qayğısının bariz nümunəsi kimi qeyd ediblər. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə
"Dəmir yumruq” əməliyyatı altında 44 günlük Vətən müharibəsində qazandığımız
tarixi Qələbəni böyük ruh yüksəkliyi ilə qeyd edən çıxışçılar bu zəfərə görə Müzəffər
Ali Baş Komandana və şanlı Azərbaycan Ordusuna minnətdar olduğumuzu bildiriblər.
Qazandığımız Qələbənin, hərb tariximizə yazılan şanlı Zəfərin gələcək nəsillərə
çatdırılmasında, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə
olunmasında ağsaqqallarımızın böyük rolu olduğunu vurğulayıblar. 44 günlük Vətən
müharibəsində də bunun bir daha şahidi olduğumuzu qeyd ediblər.
Ağsaqqallarımızın gənclərimizə aşıladığı Vətən sevgisinin, məhəbbətinin, yurda
bağlılıq hissinin Vətən müharibəsi zamanı öz əksini tapdığını, gəncləri həmin
istəyin bir yumruq kimi birləşdirdiyini dilə gətiriblər. Bu baxımdan ağsaqqal nəsihətinə,
tövsiyəsinə hər zaman ehtiyac olduğunu və bunun üçün bundan sonra da böyük səylə
dəstək olacaqlarını qeyd ediblər. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov sonda bir daha yeni seçilmiş Şuranın üzvlərini təbrik
edərək müstəqil dövlətimizin bundan sonra da çiçəklənməsi, inkişafı naminə həyata
keçirəcəkləri gələcək işlərində uğurlar arzulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş