• Təqvim

  • Maraq



Ağsaqqallar Şurasının növbədənkənar qurultayı keçirilib


Bu gün Azərbaycan Respublikası Ağsaqqallar Şurasının (AAŞ) növbədənkənar VIII qurultayı keçirilib. Videokonfrans formatında keçirilən Qurultayın gündəliyinə Ağsaqqallar Şurasının Nizamnaməsinin yeni redaksiyada qəbulu, Ağsaqqallar Şurasının sədrinin, İdarə heyətinin üzvlərinin seçilməsi və digər məsələlər daxil edilib.

Qurultayda Prezident Aparatının rəsmiləri, Ağsaqqallar Şurasının rayon sədrləri və Ağsaqqallar Şurasının İdarə heyətinin üzvləri iştirak ediblər. Qurultaya Qazax Rayon Ağsaqqallar Şurasının sədri Sabir Məhərrəmov və sədr müavini Əli Süleymanov da qatılıblar. 



Qurultay iştirakçıları əvvəlcə Şuranın ötən qurultaydan sonra vəfat etmiş sədri Fəttah Heydərovun, eləcə də digər şura üzvlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.




Qurultaya sədrlik edən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov əvvəlcə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarının vətəndaşlarımızda qələbə əzmini, ruh yüksəkliyini daha da artırdığını və hər kəsin əsgərlərimizin yanında olduğunu qeyd edib. Ə.Əmiraslanov bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı qəlbi, ruhu ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşən hərbçilərimizin yanındadır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz əks-hücuma keçib, bir neçə kənd işğaldan azad edilib, strateji yüksəkliklərə nəzarət təmin olunub: "Hesablamalara görə, Ermənistanın itkilərinin sayı 600-ü keçib. Təəssüf ki, Azərbaycanın hərbçiləri və mülki əhali arasında şəhidlər var. Əminəm ki, torpaqlarımız işğaldan azad ediləcək”. Ə.Əmiraslanov qeyd edib ki, Ağsaqqallar Şurasına uzun illər uğurla rəhbərlik etmiş Fəttah Heydərov vəfat edib: "Ölkəmizdə elə bir ictimai-siyasi hadisə olmayıb ki, Ağsaqqallar Şurası münasibət bildirməsin. Ağsaqqallar Şurası hər zaman Prezident İlham Əliyevin daxili, xarici siyasətini dəstəkləyib. Ağsaqqallar Şurasının uğurlu fəaliyyətində Fəttah Heydərovun böyük rolu olub”. Ə.Əmiraslanov Ağsaqqallar Şurasının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısını hiss etdiyini vurğulayıb.

Ə.Əmiraslanov nəzərə çatdırıb ki, qurultayda müzakirəyə təqdim edilən Nizamnamənin yeni redaksiyası 8 fəsildən ibarətdir. Sənəddə dövrün tələbləri əsasında təşkilatın strukturu,  qurumun üzvlərinin hüquq və vəzifələri əksini tapıb. Nizamnamə səsverməyə çıxarılaraq qəbul edilib.


Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev qurultay iştirakçılarına Prezident, Ali Baş Komandan İlham Əliyevin təbriklərini çatdırıb. Qurultayda millət vəkili Eldar Quliyevin Ağsaqqallar Şurasının sədrliyinə namizədliyi irəli sürülüb. Ə.Vəliyev qeyd edib ki, Azərbaycanda ağsaqqallar hər zaman cəmiyyətdə hörmət sahibi olublar. Prezident Administrasiyasının şöbə müdiri Ağsaqqallar Şurasının sədrliyə namizədliyi irəli sürülən Eldar Quliyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə şəhidlərimizə rəhmət diləyib: "Ən böyük ağsaqqal Heydər Əliyev idi. Allah ona rəhmət etsin”. QMİ-nin sədri qeyd edib ki, Ağsaqqallar Şurasının öncəki sədri Fəttah Heydərov və onun ailəsi ilə yaxın dost olub: "Fəttah Heydərovun Ağsaqqallar Şurasının uğurlu fəaliyyətində böyük rolu olub, hər zaman Heydər Əliyevin, Prezident İlham Əliyevin fəaliyyətini, daxili və xarici siyasətini dəstəkləyib. Allah ona rəhmət etsin. Mən inanıram ki, Eldar Quliyevin Ağsaqqallar Şurasına sədrliyi də xalqımız üçün xeyirli olacaq”.


Daha sonra qurultayda Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçilib. Quliyev göstərilən etimada görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, sentyabrın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün hər bir Azərbaycan vətəndaşının gözlədiyi əmri verib: "İyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində təxribata əl atdı. Bu yaxınlarda isə Azərbaycana göndərilən diversiya qrupunun rəhbəri ələ keçirildi. Sentyabrın 27-də isə Ermənistan növbəti təxribata əl atdı. Prezident İlham Əliyev Ermənistanın yeni müharibəyə hazırlaşdığını bu günlərdə BMT Baş Assambleyasında çıxışında da bəyan etmişdi. Ermənistanın sentyabrın 27-də törətdiyi təxribata cavab olaraq Ali Baş Komandan bütün cəbhə boyu Azərbaycan Ordusuna əks-hücum əmri verib. Əminəm ki, yaxın günlərdə torpaqlarımız işğaldan azad ediləcək. Qarabağ, zəfər bizimdir!”.


Azərbaycan Respublikası Ağsaqqallar Şurasının videokonfrans formatında keçirilən növbədənkənar VIII qurultayında qurumun İdarə Heyətinin üzvləri də seçilib. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, "Gəncəli” İstehsalat Kommersiya şirkətinin rəhbəri Bayram Yusifov, professor Vahid Novruzov, QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə, keçmiş deputat Tahir Süleymanov, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova, Xalq şairi Nəriman Həsənzadə, akademik Arif Həşimov, Elbay Qasımov, İbrahim Quliyev, akademik Yaqub Mahmudov, sabiq təhsil naziri Misir Mərdanov, millət vəkili Madər Musayev, ədliyyə generalı Akif Rəfiyev, Milli Aviasiya Akademiyasının prorektoru Şəmsəddin Axundov, millət vəkili Ziyad Səmədzadə, Sabunçu rayon Bələdiyyə sədrinin müavini Nadir Əsədov, AMEA-nın üzvü Elmira Ramazanova, millət vəkili Aqiyə Naxçıvanlı, İsmayıllı rayon Ağsaqqallar Şurasının üzvü Qriqoriy Smirnov, Milli Qəhrəman Vahid Quliyev İdarə Heyətinin üzvləri seçiliblər.

Əhliman Əmiraslanov Ağsaqqallar Şurası sədrinin birinci müavini, Eldar İbrahimov, Bayram Yusifov, Vahid Novruzov, Tahir Süleymanov, sabiq ombudsman Elmira Süleymanova isə sədrin müavinləri təyin olunublar.

GOYEZEN.AZ



Facebook-da paylaş