İcra başçısı Aprel şəhidi baş leytenant Elvin Namazovun məzarını ziyarət edib
Azərbaycan Ordusunun tarixi qələbələrindən olan şanlı Aprel
döyüşlərindən 5 il ötür. Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu
qələbə sayəsində "Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Aprel
döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə
aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və
əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə
"Böyük Qayıdış” prosesinə start verildi. Bu gün hər bir azərbaycanlı beş il
əvvəl tarixə "Aprel döyüşləri”, "Aprel müharibəsi” və ya "dördgünlük müharibə”
kimi daxil olan 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan və 4 gün
davam edən döyüş zamanı düşməndən azad edilən Lələtəpədə ucaldılan üçrəngli
bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə
dalğalanmasından sonsuz qürur hissi keçirir. Bu gün fəxrlə deyə bilərik ki, 2020-ci
ildə qazandığımız Qələbənin təməli də məhz beş il əvvəl qoyuldu. Aprel
döyüşlərinin təcrübəsi, əldə olunan məlumatlar, düşmənin möhkəmləndirilmiş
müdafiə sədlərini keçmək bacarığı bizi qazandığımız uğura apardı. Məhz Aprel
döyüşləri düşmənə, onun havadarlarına Azərbaycan Ordusunun gücünü, qələbə
əzmini sübut etdisə, bütün dünyaya da Azərbaycanın tarixi ədaləti bərpa etməklə
öz dədə-baba, əzəli torpaqlarından əl çəkməyəcəyini göstərdi. Aprel qələbəsi və
yekun Zəfərimiz Azərbaycan Silahlı Qüvvələrinin müasir dövrün ən yaxşı
ordularından biri olduğunu və modern müharibə qanunlarına uyğun olaraq səmərəli
fəaliyyətini nümayiş etdirdi. Aprel
döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov
Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd
oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da Şəhidlik
adlı uca zirvəyə yüksəldi. Həmin şanlı döyüş zamanı torpaqlarımızın ərazi
bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş həmyerlimiz baş leytenant Namazov Elvin Məmməd oğlunun da
xatirəsi hər zaman əziz tutulur, rayon
rəhbərliyi tərəfindən anım və doğum günlərində dərin ehtiramla yad
olunur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov şəhidin doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində
olub, igid Vətən oğlunun məzarını ziyarət edib. Qazax Rayon İcra
Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdiri Gulaya Həsənova, həmin şöbənin baş məsləhətçisi Gülnar
Quluyeva, RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov və şəhidimizin ailə üzvləri ilə birlikdə məzarı üstünə tər qərənfillər düzərək
şəhidimizin əziz xatirəsini dərin ehtiramla anıb. Şəhidimizin ruhuna dua oxunduqdan sonra icra başçısı
ürək sözlərini çatdırıb. İcra başçısı qeyd edib ki, bu gün şəhidimiz Elvin
Namazovun uca bir məqama - Şəhidlik zirvəsinə ucaldığı gündən 5 il ötməsinə
baxmayaraq o, daim bizim qəlbimizdə yaşayır. Onun əziz xatirəsi hər zaman yad
edilir. Çünki Elvin təkcə ata və anasının deyil, bu elin-obanın, bütöv
Azərbaycan xalqının oğludur. Aprel şəhidimiz Elvin Namazov elə bir şanlı yol
keçib ki, başda ölkə rəhbəri olmaqla hər bir azərbaycanlı onunla fəxr
edir. Rayon rəhbəri Respublika Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qısa bir
zamanda ordumuzun qazandığı nailiyyətlərdən də söz açıb. Rayon rəhbəri tarixi
qələbəmizin əldə olunmasında 2016-cı ilin Aprel döyüşlərinin mühüm əhəmiyyəti
olduğunu, "Dəmir yumruğ”un ilk zərbəsinin məhz həmin döyüş zamanı vurulduğunu
qeyd edib. İcra başçısı illər ötsə belə xalqımızın nə bizi Qarabağda böyük
qələbəmizə aparan şanlı Aprel döyüşlərini, nə Vətən müharibəsini, nə də həmin
döyüşləri tarixə yazdıran Elvin Namazov kimi oğulları unutmayacağını bildirib. Elvin
Namazov kimi oğullarımızın keçdiyi döyüş yolunun böyüməkdə olan gənclərimizə
hər zaman örnək olduğunu vurğulayıb.
Şəhidimizin atası Məmməd Namazov şəhid ailələrinə
göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə
ailəsi adından minnətdarlığını bildirib. Silahlı Qüvvələrin Ali Baş komandanı İlham
Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı ordumuzun
qazandığı tarixi qələbədən söz açan şəhid atası oğlu Elvinin, eləcə də bütün
şəhidlərimizin qisasının alındığını, şəhidlərimizin ruhunun şad olduğunu
bildirib.
Namazov Elvin Məmməd oğlu 7
sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan
olmuşdur. 2007-ci ildə Zahid Mahmudov adına
Yuxarı Salahlı kənd tam orta məktəbini bitirmişdir. 2008-ci ildə Heydər Əliyev
adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin ali
məktəbi leytenant hərbi rütbəsində bitirmişdir. 2013-cü ildə Silahlı Qüvvələrin
Təlim və Tədris Mərkəzində bir illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə
Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində
kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə baş leytenant
hərbi rütbəsi verilmişdir. Elvin
Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni
ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada
qəhrəmancasına şəhid olmuşdur. 9 apreldə doğulduğu Yuxarı Salahlı kənd
qəbiristanlığında böyük izdihamla dəfn olunmuşdur.
Elvin
Namazov ölümündən sonra göstərdiyi
qəhrəmanlığa görə Azərbaycan
Respublikasının Prezidenti İlham
Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda" medalı ilə təltif olunmuşdur. 2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi
tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək
Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin
təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi
çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant
Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə
həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman
tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Donmuş təbəssüm” adlı
kitab yazılmışdır. GOYEZEN.AZ
Facebook-da paylaş