• Təqvim

  • Unutma

  • Maraq



Millət vəkili Səməd Seyidovdan Əməkdar incəsənət xadimi şair Barat Vüsalın 70 illiyinə...


Vətənpərvər şair Barat Vüsal

Barat Vüsal – bu ad bütün Azərbaycan xalqına çox yaxşı tanışdır. Azərbaycanımızın çoxsaylı ədəbi mükafatlarına layiq görülmüş görkəmli şairi, publisist, ictimai xadim, Əməkdar incəsənət xadimidir Barat Vüsal. Qazax torpağının ədəbiyyatımıza bəxş etdiyi bu görkəmli şairimiz haqqında hələ tanışlığımızdan çox əvvəl də daim xoş sözlər eşidirdim və bir qazaxlı kimi eşitdiklərim məndə fərəh hissi oyadır, qürurlandırırdı. Vətənpərvər, elinə, obasına bağlı, ürəyi Azərbaycanla döyünən şair deyirdilər onun haqqında. Zaman elə gətirdi ki, illər sonra Qazaxdan deputatlığa namizədliyimi irəli sürdüyüm dövrdə təbliğat-təşviqat kampaniyası zamanı nümayəndələr arasında gördüm ilk dəfə Baratı. İlk dəfə gördüyün, təmasda olduğun adamı dərhal tanımaq, onunla ünsiyyət qurmaq çox çətin bir iş olsa da, həyatda belə insanlara rast gəlmək mümkündür. Elə tanışlığımızın ilk anlarından etibarən onun mərdliyi, sadəliyi, geniş ürəyi, hər kəsə xoş münasibət göstərməyi və öz müsbət xüsusiyyətləri ilə ətrafındakı insanların rəğbətini qazanmağı diqqətimi cəlb etməyə başladı və sanki bir-birimizi çoxdan tanıyırmışıq kimi, dərhal aramızda başqa bir ovqat, səmimiyyət yarandı. İllərdir məni tanıyırmış kimi, səmimiyyətini, doğmalığını hiss etdim, poeziyamızdan, ədəbiyyatımızdan xeyli söhbətləşdik. Onu yaxından tanıdıqca sıradan bir insan yox, tam fərqli biri olduğunu, daxilində bir neçə fərqli Baratın birləşdiyini görməmək, hiss etməmək mümkün deyil. Xoşniyyət, cəsarət, vətənpərvərlik və səmimiyyət kimi yüksək keyfiyyətləri özündə birləşdirən bir şəxsiyyətlə imkan tapdıqca həmsöhbət olduğumda onun dərin təxəyyülünün və əzminin vurğunu oldum. Keçdiyi çətin və keşməkeşli yollar haqqında söhbət açdıqda anladım ki, Barat şairliyin xalq içindəki dəyərini qorumağı sanki özünə borc bilib və bu şərəfli vəzifəni öz çiyinlərinə götürüb. Səməd Vurğun, İsmayıl Şıxlı, Hüseyn Arif, İsa Muğanna kimi dahi şəxsiyyətlərin qoyduğu mirasa sahib çıxaraq onların yolunu davam etdirdiyini və bu missiyanı layiqincə həyata keçirtdiyini görmək məni bir qazaxlı kimi, bir azərbaycanlı kimi çox qürurlandırdı.


Həyatın, cəmiyyətin, insanlığın keşiyində dayanan mərd insanlar, bizi yıxılmağa qoymayan, tarazlığı və yaxşılığı çiyinlərində daşıyan comərd insanlar bütün zamanlarda yaxşı ad-san qazanaraq, cəmiyyətin döyünən nəbzinə çevrilir, ölməz, əbədiyaşar ömür qazanırlar. Barat məhz bu cür insanlardandır və onunla canlı ünsiyyətdə olduqda, onun gördüyü işləri, onun fikirlərini, düşüncələrini dərk etdikdə bunun açıq şəkildə şahidi olursan. Şairi tanımaq üçün yalnız onun əsərlərini oxumaq kifayət etmir bəzən. Hər bir incəsənət xadimi yeni əsər ərsəyə gətirdikdən sonra həmin əsərin təsirindən dəyişərək  mükəmməlləşir, yeni zirvəyə yüksəlir. Hərdən insanın gözündən qaçan bir məqam və ya dərk etmədiyi, anlamadığı hiss, duyğu olur, belə anlarda şair haqqında yazılan yazılar, deyilən fikirlər və onunla canlı ünsiyyət daha aydın fikir formalaşdırmağa imkan yaradır. Bu baxımdan görkəmli yazar və şairlərimizin  onun ünvanına səsləndirdikləri fikirlərlə tanış olduqda Baratın əzəmətini daha dərindən duymağa başlayırsan.

Baratla münasibətimizin rəsmiyyətdən səmimiyyətə keçməsindən artıq bir il ötür. Hər dəfə Qazaxa səfər edəndə orada gözüm Baratı axtarır, çalışıram ki, vaxt edib onunla söhbətləşim. Çünki onunla ünsiyyət zamanı sadəcə istedadlı şairlə söhbət etmiş olmursan, həm də zəngin düşüncələrindən və şəxsiyyətindən də bəhrələnirsən. O, sanki öz dəyərli fikir və düşüncələrini başqalarına təqdim etməklə onları da zənginləşdirir, məhəbbət və vətənpərvərlik hisslərini aşılayır.

Onun şeirlərində Vətən məfhumu ilə xalq məfhumu vəhdət təşkil edir və o, daim xüsusi ustalıqla bunu öz misralarında bizlərə çatdırır. Mən onun yazılarını oxuduqca vətənpərvərliyi, torpağa bağlılığı ilə seçilən bir əsgər canlanır gözlərim önündə. 44 günlük Vətən müharibəsi zamanı yazdığı şeirlərlə sanki bir əsgər kimi düşmənlə döyüşərək, yazdığı misralarla rəşadətli Azərbaycan Ordusunun mətinliyini, mübarizliyini, əzmini, igidliyini, qəhrəmanlığını təcəssüm etdirirdi. Ona görə də 44 günlük müharibədə əsgər Baratı, Qarabağın azad olunmasında öz qələmi ilə düşmənə od yağdıran Baratı da görmüş olduq. Həmin vaxt qələmə alınan aşağıdakı misralar bunun canlı təzahürüdür: 


Qoymadın Vətəni yaralanmağa,
Qoy əsgərim, yaranı mən bağlayım.
Bu eşqimlə, bu şerimlə, sözümlə
Qoy əsgərim, yaranı mən bağlayım.
 
Mən özüm də bir əsgərəm, hər kiməm,
Özgə deyil, bu işlərə təhkiməm.
Bir az şair, bir azca da həkiməm,
Qoy əsgərim, yaranı mən bağlayım.

Təəssüf ki, onu yaxından bir az gec tanıdım, ancaq oxuduğum şeirlərində böyük şair ruhu onun sevdiyim şairlər sırasına daxil olmasına səbəb oldu və artıq sevdiyim şairlər sırasında Baratın da adı var. Tam əminliklə bildirə bilərəm ki, Barat özünü sevdirməyi, hörmət və ehtiram qazanmağı və buna tək yaradıcılığı ilə yox, həm də şəxsi insani keyfiyyətləri ilə nail olmağı bacaran şairdir. Ömür yoluna nəzər saldıqda mənə elə gəldi ki, 70 illik ömrün bütün səhifələrini vərəqlədim. Bu səbəbdən həm dost, həm vətənpərvər  insan, həm də böyük şair kimi ona böyük dəyər verirəm. 

Barat Vüsalı 70 yaşı münasibətilə bütün qazaxlılar adından təbrik edir, ona cansağlığı və səmərəli yaradıcılıq fəaliyyəti arzu edirəm. Bu yubileyin digərlərindən fərqi ondadır ki, o, 70 yaşını müstəqil, suveren, ən əsası da 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun Zəfər çaldığı qalib ölkənin vətəndaşı olaraq qeyd edir.  Bir daha dəyərli şairimizi ürəkdən təbrik edirəm.

Hörmətlə,

Səməd Seyidov
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri



Facebook-da paylaş