• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Gender bərabərliyi, erkən nikah və məişət zorakılığı” mövzusunda videokonfrans keçirilib


Martın 4-də Qazax Rayon İcra Hakimiyyəti və Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi, Qazax Məşvərət Şurasının koordinatoru Akif Əmirovun təşəbbüsü ilə "Gender bərabərliyi, erkən nikah və məişət zorakılığı” mövzusunda videokonfrans formatda görüş keçirilib.

Görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, RİH başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, RİH başçısı aparatında böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nərmin Hüseynzadə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri və müəllim kollevtivi iştirak ediblər.



Videokonfransı giriş sözü ilə açan Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi  Akif Əmirov iştirakçıları salamlayıb, konfransın fəaliyyətinə uğurlar arzulayıb. A.Əmirov bu cür mövzuların vacibliyini vurğulayaraq qeyd edib ki, Milli Məclisdə məişət zorakılığı, gender bərabərliyi və erkən nikah haqqında bir sıra vacib əhəmiyyət kəsb edən qərarlar qəbul olunub. O, ailə dəyərləri, ailənin qorunması, erkən və qohum nikahları, təhsildən yayınma halları istiqamətində yerli icra hakimiyyətləri, müvafiq dövlət qurumları və QHT-lərlə birgə əməkdaşlıq çərçivəsində həm ailələrlə iş aparılmalı, həm də məktəblərdə sinif rəhbərlərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində tədbirlər görülməli olduğunu bildirib.Erkən nikah halları ilə bağlı statistik rəqəmləri diqqətə çatdıran A.Əmirov bildirib ki, problemlərin həlli istiqamətləri müxtəlif ola bilər, lakin təcrübə göstərir ki, sosial məsələlərin həllində maarifçilik, insanlarla ünsiyyət, izahat işlərinin aparılması daha effektiv nəticə verir. A.Əmirov onu da qeyd edib ki, məişət zorakılığı və erkən nikah bir-biri ilə bağlı olan proseslərdir. Statistik rəqəmlərə baxsaq erkən nikahın qurbanı olan qızlarımızın əksəriyyəti məişət zorakılığının və insan alverinin qurbanları olurlar. Bu halların sayının azaldılması istiqmətində dövlət tərəfindən ciddi addımnlar atılır. Ən əsası odur ki, təhsilin, savadlılığın artırılması, uşaqların peşə təhsilinə cəlb olunması istiqəmətində görülən işlər daha da artırılmalıdır.

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Tədbirin təşkilatçılarına belə aktual mövzular haqqında maarifləndirmə apardıqları üçün təşəkkür edib. Rəhbərlik etdiyi qurum və üzv təşkilatlar tərəfindən daim gender bərabərliyi, erkən nikah və məişət zorakılıqları mövzularında tədbir və təlimlərin keçirildiyini vurğulayıb. A.Əliyev BMT uşaq fondu ilə əməkdaşlıq çərçivəsində maarifləndirmə tədbirləri keçirdiklərini bildirib. Qazax Rayon İcra Hakimiyyəti Yanında yaradılan Məşvərət Şurasının fəaliyyəti çərçivəsində də bu mövzuların prioritet mövzulardan olduğunu qeyd edib.


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək 22 iyun 2010-cu il tarixli "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları haqqında ətraflı söhbət açıb və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrəkomissiya  tərəfindən görülən işlər, bu sahədə həyata keçirilən tədbirlər, ərizə və şikayətlərə baxılması barədə ətraflı məlumat verib. G.Quluyeva qeyd edib ki, qadınlara və uşaqlara qarşı zorakılıq, habelə məişət zorakılığı qəbuledilməz və dözülməz haldır. Hələ də dünyanın hər yerində milyonlarla qadın fiziki və psixoloji zorakılıqdan əziyyət çəkir və bütün digər hüquqlarından daha vacib olan zorakılıq qorxusundan, azad yaşamaq hüququndan məhrum edilməyə davam edir. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, maliyyə və sosial nəticələr doğurur. G.Quluyeva məktəblərdə müəllimlərin üzərinə böyük yük düşdüyünü və bu formada profilaktik tərdbirlərin artırılımasının vacibliyini vurğulayıb. Rayon rəhbərliyi tərəfindən bu mövzuların daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.


RİH başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək erkən nikahların qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün bu tərz maarifləndirmə işlərinin yalnız uşaqlar və şagirdlər arasında aparılmasının kifayət olmadığını bildirib. Qeyd edib ki, bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirməyə eyni zamanda müəllimlərin, bölgənin nüfuzlu adamlarının və valideynlərin cəlb edilməsinin, bu haqda insanlara düzgün məlumatlar çatdırılmasının vacibliyini vurğulayıb. Erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərə kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlindiyini qeyd edib.

RİH başçısı aparatında böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibiNərmin Hüseynzadə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev, məktəbin musiqi müəllimi Gülnar Məmmədova çıxış edərək bu mövzularda keçirilən tədbirlərin vacibliyini vurğulayıblar. Rəhbərlik etdikləri qurumların tədbirlər planında daim bu mövzuların sıx yer aldığını diqqətə çatdırıblar.






GOYEZEN.AZ



Facebook-da paylaş