İcra başçısı Təhsil Nazirliyinin əməkdaşı ilə birlikdə sərhəd kəndi olan Qaymaqlıda yeni tikilən məktəbdə yaradılan şəraitlə tanış olublar
Bu gün tam əminliklə
söyləyə bilərik ki, son illər cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə
təhsil sahəsinə göstərilən diqqət və qayğı, bu sahənin inkişafı istiqamətində həyata
keçirilən tədbirlər, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun reallaşdırdığı "Yeniləşən
Azərbaycana yeni məktəb” layihəsi Qazaxda da uğurla icra olunur. "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb
binasının əsaslı təmirinin və ya tikintisinin salınması bölgələrimizdə
təhsil sahəsinə olan dövlət qayğısının Qazaxın timsalında bariz nümunəsidir.
Təkcə ötən il Heydər Əliyev Fondu tərəfindən rayonda Xalq yazıçısı İsmayıl
Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin
əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi,
yenə də Fond tərəfindən Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb
üçün 220 şagird yerlik yeni məktəb binasının inşası, ölkə başçısı
tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə
məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust
2020-ci il tarixli Sərəncam dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək
diqqət və qayğısının əyani sübutudur. Dövlət
Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də düşmənlə sərhəddə yerləşən
şəhid Aydın
Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta
məktəbidir ki, artıq Azərbaycan Respublikası Təhsil Nazirliyi
tərəfindən bu məktəb üçün 180 şagird yerlik üçmərtəbəli yeni bina inşa olunub. Ötən ilin yanvar ayından tikintisinə
başlanılan və noyabrın əvvəlində tikinti işləri yekunlaşan yeni məktəbdə şagirdlərin
yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.
Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb
Babaşov Təhsil
Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini,
Yerli təhsili idarəetmə orqanları ilə iş sektorunun müdiri Orxan Abbasov, 6 saylı Ərazi
Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyev, Rayon
Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, məktəbin tikintisini həyata keçirən
podratçı təşkilatın, "ARX-AYN” MMC-nin direktoru Rasim Hüseynov və digər
aidiyyəti şəxslərlə birlikdə yeni inşa edilən məktəbdə şagirdlər üçün yaradılan şəraitlə tanış olublar. Sinif otaqları, fənn kabinetləri, akt və
idman zalları ilə tanış olan rayon rəhbərliyi və qonaqlar məktəbin tikintisini
və şagirdlər üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər. Sərhəddə yerləşən
Qaymaqlı kəndində bu cür məktəbin inşa olunmasını dövlətin, ölkə rəhbərinin
gələcəyimiz olan uşaqlara göstərdiyi növbəti qayğısı hesab ediblər. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müəllim və
şagirdləri yeni məktəbin tikintisi münasibətilə təbrik edib, xoş arzularını
çatdırıb. Pandemiyadan, uzun sürən fasilədən sonra yeni məktəbdə uğurlar
arzulayıb. Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2021-ci il
tarixli 12 nömrəli "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin
fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” Qərarından irəli gələn
vəzifələrin, tələb və tövsiyələrin layiqincə yerinə yetirilməsini bildirib. Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və
idarəolunması şöbəsinin müdir müavini, Yerli təhsili idarəetmə orqanları ilə iş
sektorunun müdiri Orxan Abbasov Təhsil naziri Emin Əmrullayevin adından müəllim və şagirdləri salamlayıb,
yeni məktəblə bağlı səmimi ürək sözlərini bölüşüb. Ölkəmizdə təhsil sahəsinə
göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini qeyd edib.
44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədən söz açan O.Abbasov
düşmən üzərində olduğu kimi, gözə görünməyən COVID-19 virusuna da tez zamanda
qalib gələcəyimizi vurğulayıb. Ölkə rəhbərinin "Biz birlikdə güclüyük!” şüarını
əldə rəhbər tutaraq pandemiya ilə mübarizədə hər birimizin həmrəylik nümayiş
etdirməli olduğumuzu söyləyib. Düşmən üzərində qələbə qazandığımız kimi, bu
bəladan da birlik nümayiş etdirərək xilas olacağımızı dilə gətirib. Məktəblərdə
tədrisin əyani şəkildə davam etməsində müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü
və bunun üçün xüsusi karantin rejiminin qaydalarına birmənalı şəkildə əməl etmələrini
tövsiyə edib. Məktəb direktoru İlham Nəsibov, məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimləri Səmayə Kovalova, Söylü Əhmədova təhsil
sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya, Təhsil naziri Emin Əmrullayevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sərhəddə
yerləşən Qaymaqlı kəndində onlar üçün yaradılan yüksək şəraitə görə razılıqlarını
ifadə ediblər. 155 nəfər şagirdin, o cümlədən 13 nəfər birincinin yüksək
səviyyədə inşa edilən yeni məktəbdə təhsil almasını gələcəyimiz olan uşaqlara
göstərilən qayğının əyani sübutu kimi vurğulayıblar. Məktəbdə tədrisin əyani formada davam etdirilməsi üçün xüsusi
karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində işləyəcəklərini,
sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edəcəklərini,
bunun üçün böyük səylə çalışacaqlarını bildiriblər. Məlumat üçün qeyd edək ki, zirzəmisi olmaq
şərti ilə inşa olunan yeni məktəb binası 3 mərtəbədən ibarətdir. Məktəbin həyətində girişdə sağ tərəfdə Vətən uğrunda canından keçən
Qaymaqlı kəndindən olan şəhidlərimizin xatirəsini əbədiləşdirən abidə yerləşir
ki, burada şəhidlərin şəkli əks olunmuş lövhə vurulub. Birinci mərtəbədə bir-birindən gözəl guşlər
göz oxşayır. Sol tərəfdə Ulu Öndər Heydər Əliyevin Qazaxa səfərini və təhsil
sahəsinə olan qayğısını əks etdirən guşə ilk andan diqqəti cəlb edir. Sağ
tərəfdə Respublika Prezidenti cənab İlham Əliyevin Qazaxa səfərini, gələcəyimiz
olan uşaqlara göstərdiyi diqqət və qayğısını özündə əks etdirən guşə yer alır. Birinci
mərtəbədə 5 sinif otağı (1 sinif otağı məktəbəhazırlıq qrupu üçün ayrılıb),
qəbul otağı, direktor otağı, tibb otağı, yeməkxana, idman zalı, idman zalı üçün
inventar otağı, 2 ədəd soyunub geyinmə otağı (oğlanlar və qızlar üçün), duş
otağı, 4 ədəd sanitar qovşaq yerləşir. İkinci mərtəbədə sinif otaqlarının sayı
1-dir. Burada müavin otağı, arxiv otağı, 1 ədəd kompyuter otağı, fizika və
kimya kabineti, kitabxana, 96 nəfərlik akt zalı, hərbi hazırlıq kabineti,
qızlar üçün əmək otağı, 4 ədəd sanitar qovşaq yerləşir. Üçüncü mərtəbədə isə 6 sinif otağı var.
Müəllimlər otağı, müavin otağı, inventar otağı, oğlanlar üçün əmək otağı da bu
mərtəbədə yerləşir. Bu mərtəbədə də 4 ədəd sanitar qovşaq ayrılıb. Məktəbin arxa tərəfində isə qazanxana, su
nasosu stansiyası, həcmi 100 kubmetr olan içməli su anbarı, həcmi 122 kubmetr
olan yanğından mühafizə üçün su anbarı, həcmi 50 kubmetr olan çirkab su anbarı,
2 ədəd sanitar qovşaq inşa edilib. Məktəb müasir istilik sistemi ilə təmin olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş