• Təqvim

  • Maraq



İcra başçısı Vətən müharibəsinin qazaxlı şəhidi Taleh Abdullayevin doğum günündə ailəsini və məzarını ziyarət edib

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------


2020-ci ili tariximizə Zəfər ili kimi yazdıran İkinci Qarabağ müharibəsi! Haqq səsimizi bütün dünyaya çatdıran Vətən müharibəsi! 27 sentyabrdan başlayıb 10 noyabrda şanlı Qələbə ilə hərb tariximizə yazılan şərəfli 44 gün. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ölkəmizin dünya miqyasındakı reytinqini artırmaqla yanaşı, bir daha sübut etdi ki, Ermənistan işğalçı dövlətdir və Azərbaycan tarixi ədaləti bərpa etdi. Rəşadətli Ordumuzun şücaəti sayəsində doğma Qarabağımız, eləcə də yaşayış məntəqələrimiz, yüksəkliklərimiz erməni işğalından azad edildi. Neçə-neçə Vətən oğulları qəhrəmanlıqları ilə Azərbaycanın yeni, şanlı zəfər salnaməsini yazdılar.

Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən belə qəhrəman oğullarımızdan biri də əsgər Abdullayev Taleh Temraz oğludur.

Hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da hər zaman nümunə götürülür. Rayon rəhbərliyi fəaliyyətə başladığı ilk gündən bu təbəqədən olan insanları daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərliyinin əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət etməsi isə artıq bir ənənəyə çevrilib. Sevindirici haldır ki, ilk gündən əsası qoyulan bu ənənə bu gün də davam etdirilir.


Öz ənənəsinə sadiq qalan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış şəhid əsgər Abdullayev Taleh Temraz oğlunun da doğum gününü unutmayıb.İcra başçısı bu gün Vətən müharibəsi şəhidinin 28 yaşını ailəsi ilə birlikdə qeyd edib. Ölümündən sonra ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğluna olan sonsuz ehtiramını bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, şöbənin baş məsləhətçisi Gülnar Quluyeva, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, şəhidimizin ata və anası, ailə üzvləri, təhsil aldığı orta məktəbin direktoru və ibtidai sinif müəllimi ilə birlikdə şəhidimizin doğum günündə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad edib.


 

Daha sonra rayon rəhbəri44 günlük Vətən müharibəsində iştirak edən və adını Şəhidlik adlı uca zirvəyə yazdıran Vətən oğullarından biri 22 yaşlı şəhid leytenant Bayramlı Elmar İsa oğlunun məzarını ziyarət edərək xatirəsini anıb.   

 

Hər iki şəhidimizin ruhuna dua oxunduqdan sonra rayon rəhbəri Taleh Abdullayevin ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Şəhidimizin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olan icra başçısı Taleh Abdullayev kimi oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. Azərbaycan xalqı var olduqca onların xatirəsinin daim əziz tutulacağını bildirib.





Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qələbədə payı olan Taleh Abdullayev kimi qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini bildirib. İcra başçısı qeyd edib ki, 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə nəzər salanda bir daha fəxr edirik, qürur hissi keçiririk ki, nə yaxşı bizim Taleh kimi igid, qəhrəman oğullarımız var. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Talehin təkcə qazaxlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir qazaxlının fəxr etdiyini bildirib. Bu gün hər birimizin Vətən naminə canlarını fəda edən oğullarımıza, sağlamlıqlarını itirən qazilərimizə minnətdar və borclu olduğumuzu qeyd edib.

"Bu gün nəinki dövlət məmuru, vicdanı olan hər kəs şəhidlərimizi yad etməli, tək ad günlərində, anım günlərində deyil, hər zaman şəhidlərimizin xatirəsini əziz tutmalı, daim qayğı göstərməlidir”, - deyən icra başçısı şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.

Şəhidimizin təhsil aldığı Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin direktoru Məhəmməd Qocayev şəhidimiz haqqında fikirlərini bölüşərək Talehin tərbiyəli, zəhmətkeş, nümunəvi, ən əsası da vətənpərvər bir şagird olduğunu söyləyib. Bu gün rəhbərlik etdiyi məktəbin Taleh kimi mərd, igid bir məzunu olduğu üçün onunla fəxr etdiyini dilə gətirib.

Şəhidimizin ibtidai sinif müəllimi Səidə Tanrıverdiyeva Taleh haqqında ürək sözlərini çatdıraraq onu hər zaman öz yaşıdlarından, sinif yoldaşlarından seçilən, daim bir addım öndə olmağa çalışan şagird kimi xatırladığını qeyd edib. "Mən ona müəllimi kimi deyil, ana qayğısı ilə yanaşırdım. Bu gün mən şagirdimlə deyil, öz oğlumla, onun göstərdiyi igidliklə qürur duyuram. Fəxr edirəm ki, mənim şagirdim Vətəni uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksəldi və elinin-obasının adını uca tutdu”.

 

Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Temraz Abdullayev Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. "Oğlum Taleh hər zaman bizimlədir. O, daim bizim qəlbimizdədir”, - deyən şəhid atası oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini söyləyib. Temraz Abdullayev şəhid atası kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun doğum günündə onun xatirəsinin yad olunmasını Talehin simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi dəyərləndirib.

 

Şəhid Taleh Abdullayev 8 fevral 1993-cü ildə Qazax rayonunun Yuxarı Salahlı  kəndində anadan olmuşdur. 1999-cu ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2011-ci ildəSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2012-ci ildə hərbi xidməti başa vurmuşdur. 2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlamışdır. ”N” saylı hərbi hissənin heyət nəfəri-atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu əsgər Taleh Abdullayev 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Vətən uğrunda canından keçən şəhidimiz 15.10.2020-ci il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. 

Vətən naminə canından keçən igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar ölkə başçısı tərəfindən yüksək qiymətləndirilərək onlar orden və medallara layiq görüldülər. Bütün şəhidlərimiz kimi Taleh Abdullayev də medal alanlar sırasındadır. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”,  25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

GOYEZEN.AZ 


Facebook-da paylaş