Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikasının Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi,
Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi
uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və
rəşadət göstərmişlər. Xalqımızın bir sıra igid övladları işğalçı düşmənə
qarşı həyata keçirilən əməliyyatlar zamanı şəhid olmuş, sağlamlığını
itirmişlər. Azərbaycan Respublikasında hərbi qulluqçuların və
şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim
dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Bu istiqamətdə geniş dövlət
dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə
əhatə olunmuşlar. Bununla yanaşı, şəhid ailələrinin və Vətənin
müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması
daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan xalqı
xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, təmənnasız
kömək ənənələrini davam etdirir, vətəndaşlarımız, xarici ölkələrdə yaşayan
soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin və
hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi,
tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik
nümayiş etdirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, şəhid ailələrinin və hərbi
əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi
sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi
istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq
platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai
nəzarətin təmin edilməsi məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün
müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək
fondu – "YAŞAT” Fondu (bundan sonra – Fond) yaradılsın. 2. Fondun vəsaitinin formalaşdırılması, idarə olunması
və ondan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur). 3. Müəyyən edilsin ki: 3.1. Fond aşağıdakı şəxslərin sosial müdafiəsi
sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi
(maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata
keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması
məqsədilə yaradılır: 3.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün
müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid
olmuş şəxslərin ailələrinin üzvlərinə; 3.1.2. işğaldan azad edilmiş ərazilərdə xidməti
vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun
nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi
müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak
olmuş əməkdaşların ailə üzvlərinə; 3.2. Fondun vəsaiti Azərbaycan Respublikası
vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və
hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar
(ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına
formalaşdırılır; 3.3. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyidir (bundan sonra – Dövlət Agentliyi); 3.4. Fondun vəsaitinin formalaşdırılmasına və idarə
olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı
Himayəçilik Şurası həyata keçirir. 4. Himayəçilik Şurası: 4.1. Fondun vəsaitinin formalaşdırılmasına və
xərclənməsinə nəzarəti həyata keçirir; 4.2. Fondun vəsaitinin formalaşdırılması və
xərclənməsi istiqamətlərinə dair müzakirələr aparır, habelə daxil olan vəsaitin
məbləği nəzərə alınmaqla, onun xərc istiqamətlərini müəyyən edir; 4.3. Fondun vəsaitinin idarə edilməsi ilə bağlı kənar
auditor yoxlamalarının keçirilməsinə dair tədbirlər görür; 4.4. Fondun vəsaitinin idarə edilməsi ilə bağlı digər
məsələləri həll edir. 5. Fondun vəsaitlərinin idarə edilməsinin təmini üçün
Dövlət Agentliyinin işçilərinin say həddi 20 ştat vahidi artırılsın. 6. Dövlət Agentliyi: 6.1. bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş
şəxslərin müraciətlərinin qəbulunu və onlara baxılmanı təmin etsin; 6.2. fiziki və hüquqi şəxslərin Fonduna könüllü olaraq
maliyyə vəsaiti şəklində verdiyi yardımların (ianələrin) bank və ya poçt
vasitəsilə, eləcə də elektron qaydada qəbulunu təşkil etsin; 6.3. Fondun vəsaitlərinin idarə edilməsini və əlavə
dəstək tədbirlərinin həyata keçirilməsini təmin edən informasiya sistemini
formalaşdırsın; 6.4. Fondun vəsaitlərinin idarə olunması ilə bağlı
elektron hesabatlılığı, habelə daxil olan və xərclənən vəsaitin məbləği və
istiqamətləri ilə bağlı məlumatların Fondun rəsmi internet səhifəsində
yerləşdirilməsini və daim yenilənməsini təmin etsin; 6.5. Fond vasitəsilə həyata keçirilən tədbirlərə
könüllüləri cəlb etsin; 6.6. Fondun vəsaitindən istifadəyə dair Himayəçilik
Şurasına təkliflər versin; 6.7. Fondun vəsaitinin idarə edilməsinə dair
yarımillik və illik hesabatları, habelə digər zəruri məlumatları Himayəçilik
Şurasına təqdim etsin. 7. Dövlət Agentliyi və Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 3.1-ci bəndində nəzərdə
tutulmuş şəxslərə Fond vasitəsilə göstərilən dəstək tədbirlərinin həmin
şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən
tədbirlərlə uzlaşdırılmasını, habelə bu sahədə informasiya mübadiləsini təmin
etmək üçün müvafiq informasiya sistemlərinin inteqrasiyasını təşkil etsinlər. 8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Fərmandan irəli gələn digər məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 8 dekabr 2020-ci il.
Facebook-da paylaş