Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir
25 noyabr 2020-ci il
tarixdə 27 illik böyük həsrətdən sonra Kəlbəcər rayonu işğaldan azad olundu. Bu
günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın
baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri
qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4
rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi
yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, indi
isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirir. Kəlbəcər də Müzəffər
Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun
davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur
edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda
da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm
tarixi Qələbəsinin daha bir təsdiqidir. Kəlbəcərin azad
olunması ilə Azərbaycan BMT Təhlükəsizlik
Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki
olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Bununla bütün dünya şahidi
oldu ki, XXI əsrin müharibəsini aparan Azərbaycanın xalqı qalib və döyüşkəndir. Kəlbəcər 1993-cü
ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il
mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər
sakini təxliyə edilmişdi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd
olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Kəlbəcərlilər Azərbaycan
Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində
yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13 minədək fərdi mənzil, 37 min 852
ha meşə sahəsi ermənilər çıxarılanadək talan edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından
vəhşicəsinə qovulmuş. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan
vurulmuşdur. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan
İlham Əliyev Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə noyabrın
25-də Azərbaycan xalqını və kəlbəcərliləri təbrik edib. Əlamətdar gün münasibətilə təbriklərini
çatdıran Prezident İlham Əliyev qeyd edib ki: "Kəlbəcər rayonunun işğal altına
düşməsi böyük faciə idi”. Kəlbəcərin işğal
altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlüklər
vermiş, Kəlbəcər üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar
vasitəsilə əlaqə yaradılmış, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Prezident İlham Əliyev: "Kəlbəcərin işğal
edilməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa
məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas
günahkar Azərbaycan Xalq Cəbhəsidir”. Prezident İlham Əliyev: "Azərbaycan Xalq
Cəbhəsi 1992-ci ildə qanunsuz yollarla hakimiyyətə gəlməsəydi, bəlkə də, torpaqlarımız işğal altına düşməyə
bilərdi”. Azərbaycan
torpaqlarının itirilməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi
olmuşdur. 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə
çatmış, daxili çəkişmələr üzündən xaos,
siyasi böhran yaranmışdı. 1992-93-cü illərdə rəhbərlikdə təmsil olunmuş
adamlar, yüksək postlar tutmuş adamların heç bir siyasi və idarəçilik
təcrübələri olmamışdır. Amma onların vəzifə hərisliyi, tamahı, iştahası,
görməmişliyi Azərbaycan torpaqlarının itirilməsinə gətirib çıxardı. Öz laxlamış hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsi
başlamışdılar. Öz əsgərlərini əsir götürmüşdülər. Bir milyon insanın ağır
vəziyyətə düşməsinin səbəbkarı ovaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyətidir. Prezident İlham Əliyev: "AXC hakimiyyətində
təmsil olunanların obrazı kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz,
qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri
altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən”. Prezident İlham Əliyev: "Paşinyanın
addımlarına baxıb onun simasında ovaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə
rəhbərliyinin simasını görəcəklər”. Ambisioz naşıların
siyahısı belədir: · AXC hakimiyyətində
parlamentin sədri olmuş şəxs uğursuz kiçik elmi işçi idi; · Dövlət katibi
komsomoldan çıxmış karyerist, özü də sonrakı mərhələdə öz liderinə xəyanət
etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölümünə hamıdan çox sevinmiş
və ondan sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında
keçirən bir adamdır; · Xarici işlər naziri
heç bir dildə danışa bilməyən təsadüfi bir adam, fizika müəllimi idi.
Ümumiyyətlə xarici münasibətlərin mahiyyətini başa düşmədən xaricə turist kimi
səfərlər edir və qeyri-adekvat açıqlamalar verirdi; · Müdafiə naziri,
riyaziyyat müəllimi idi, məhz bu riyaziyyat müəllimi Şuşanı düşmənə təhvil
verdi; · Ölkə iqtisadiyyatını bazar
iqtisadiyyatı prinsipləri əsasında qabağa aparmağa məsul olan Baş nazir elmi
kommunizm üzrə kiçik elmi işçi idi; · Daxili işlər naziri
canlı efirdə quldurluq edir, jurnalistləri həbs edir, döyür, maşınların yük
yerinə atırdı.
Prezident İlham Əliyev: "Heydər Əliyev
1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan
torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi”. Prezident İlham Əliyev: "Vətən xainlərinin satdığı Şuşanı biz
qaytarmışıq”. Kəlbəcərin ermənilərdən
boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin
növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri
və barbar davranışları ilə diqqəti cəlb edirlər. Ermənistana unitazla qaçan
"sakin" erməni məzhəkəsi nümunəsidirsə, azərbaycanlılara qalmaması
üçün evlərə, bağlara od vuran ermənilər isə öz vəhşi, dağıdıcı xislətlərini
nümayiş etdirirlər. Kəlbəcər şəhərində
məktəb direktorunun orta məktəbə od vurması düşmənin mənəvi-əxlaqi baxımdan dibə
vurduğunu, deqradasiyanı dünyaya nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə
ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq
konvensiyalara görə hərbi cinayət sayılır. Kəlbəcər
işğalçılardan azad edildikdən də sonra Azərbaycan tərəfi burdakı bütün tarixi
abidələri, o cümlədən dünya əhəmiyyətli dini tarixi abidələr olan Xəzinədağ (Gəncəsər)
və Xudavəng məbədlərini bərpa edəcək, onun əsl milli kimliyini - alban tarixini
də təqdim edəcək. Prezident İlham Əliyev: "Qafqaz
Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni
sərvətimizdir. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq”. Prezident İlham Əliyev: "Kəlbəcərin tarixi
abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi
sərvətimizdir”. Bunu təsdiqləyən bir
çox tarixi sənədlər var. Sadəcə olaraq, erməni "tarixçiləri” və saxtakarlar
qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya
əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Narahatlıq ifadə etmək istəyən
bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar. Məscidlərin dağıdılmasına
etiraz edilməməsi Qərb ölkələrinin ikili standartlarının, islamofobiyanın, xristian
təəssübkeşliyinin təzahürdür. Qondarma
"Dağlıq Qarabağ Respublikası”nın ərazisində onilliklər ərzində qalmış 67 məsciddən
63-ü dağıdılmışdır. Azərbaycan
Prezidenti o məscidlərin biri olan Ağdam məscidini ziyarət etmiş, məscidin
dağıdılmış vəziyyətini dünyaya nümayiş etdirmişdir. Kəlbəcər ərazi
baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl,
civə, tuf, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı, mərmər, nefroid, obsidian (dəvə gözü),
listvenit yataqları var. Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək,
Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə
malik mineral su yataqları da yerləşir. Kəlbəcərin
işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin
inkişafında yeni bir mərhələ başlayacaq. İşğal altında qaldığı müddət ərzində
aparılan qanunsuz istismarın miqyasının dəqiq uçotu aparılaraq, işğalçı Ermənistan
tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq vurulmuş ziyanı ödəməyə məcbur
ediləcək. Müharibə bir daha
göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış
ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır! GOYEZEN.AZ
Facebook-da paylaş