• Təqvim

  • Unutma

  • Maraq



Ermənistanın əsl simasını bütün dünyaya çatdırmaq üçün hər kəs səfərbər olmalıdır


Bu gün cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması, bir sıra yaşayış məntəqələrini azad etməsi, əldə edilən digər qələbələr hər bir ölkə vətəndaşı tərəfindən böyük sevinclə qarşılanır. Respublikamızın hər yerində olduğu kimi, Qazax sakinləri də Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, daim dəstəklədiklərini bildirirlər. Bunu istər ölkə Prezidenti İlham Əliyevə yazdıqları məktublarda, istərsə də istənilən söhbət zamanı ifadə edirlər.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun şəhərin mərkəzində yerləşən "Fəxri Qazaxlılar” parkındasakinlərlə olan görüşündə səslənən fikirlər, deyilən sözlər də bunun bariz nümunəsidir.

 

Rayonda aparılan abadlıq və quruculuq işlərini razılıq hissi ilə qarşılayan sakinlər öncə bütün bu işlərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Vətəndaşlara göstərilən diqqəti, qayğını yüksək qiymətləndirərək onlara olan səmimi münasibətə görə rayon rəhbərinə razılıqlarını ifadə ediblər. Son günlər cəbhədə baş verən hadisələrdən danışan sakinlər ölkə Prezidentinin yanında olduqlarını, ətrafında sıx birləşdiklərini dilə gətiriblər. Ölkə başçısının rəhbərliyi altında şanlı Ordumuzun qazandığı qələbələri sevinc hissi ilə qarşıladıqlarını söyləyiblər. Qarşıda daha böyük zəfərlərin gözlədiyini və üçrəngli bayrağımızın işğaldan azad olunmuş bütün ərazilərimizdə, eləcə də Qazaxın 7 kəndində sancılacağı günün uzaqda olmadığını bildiriblər.

Mənfur düşmənin son günlər Gəncədə, eləcə də ölkənin digər şəhər və rayonlarında dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri, cinayətləri pislədiklərini qeyd edən sakinlər həmin cinayətlərin bütün dünyaya çatdırılmasını istəyiblər. Ermənistanın əsl simasını bütün dünyaya çatdırmaq və düşmənin layiqli cavabını alması üçün hər kəsin bir nəfər kimi səfərbər olmasını qeyd ediblər. Bu yolda yaşından, mövqeyindən asılı olmayaraq hər bir ölkə vətəndaşının Prezidentin ətrafında bir yumruq kimi birləşərək həmrəylik nümayiş etdirməsinin vacibliyini bir daha vurğulayıblar. Hər an buna hazır olduqlarını və dəstəklərini əsirgəmədiklərini bildiriblər.

Sakinlərin qayğıları ilə maraqlanan rayon rəhbəri onlara göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib.


GOYEZEN.AZ



Facebook-da paylaş