• Təqvim

  • Maraq



İcra başçısı şəhid mayor Namiq Əhmədovun evində aparılan təmir və tikinti işləri ilə tanış olub


Azərbaycan xalqı torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də barışmaz mövqedədir. Bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətinin, vətənpərvərliyinin göstəricisi kimi düşən Aprel döyüşləri, həmin döyüşdə igid oğullarımızın bizlərə bəxş etdikləri qələbə bunun bariz nümunəsidir. Hər zaman ölkəmizə qarşı məkrli niyyətdə olan, Azərbaycanın torpaqlarına göz dikən Ermənistan öz çirkin, bəd əməllərini bu gün də davam etdirir. Bunun ən son nümunəsini 12 iyulda Azərbaycan–Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə bir daha gördük. Düşmən isə bu dəfə də öz niyyətinə çata bilmədi. Silahlı Qüvvələrimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək hazırlığı sayəsində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı sərt şəkildə alındı. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı düşməni itki verərək geri çəkilməyə məcbur etdi. Düşmən 100 nəfərə yaxın canlı qüvvəsini və texnikasını itirdi.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızı unutmadı, onların, ailələrinin qayğısına qaldı və onların qəhrəmanlığını yüksək qiymətləndirdi. İyulun 15-də Prezident İlham Əliyevin döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvin ilə telefonla danışması, ailələrinə ev verilməsi, Qəbələ şəhərinin küçələrinin birinə general Polad Həşimovun adının verilməsi ilə bağlı tapşırıq verməsi bir daha onu göstərdi ki, şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, ən əsası da onların ailələri tək deyillər, onların yanında Azərbaycan dövləti və ölkə rəhbəri var.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da şəhidlərimizin ailələrini tək qoymadı, onlara qayğı göstərdi. Mehriban xanımın tapşırığına əsasən Fondun nümayəndələrinin Sumqayıt şəhərində general-mayor Polad Həşimovun, Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət etməsi, Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkmələri, Tovuz rayonu istiqamətlərində şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim Fondun nəzarətində olması bir daha onu sübut edir ki, Azərbaycan dövləti Vətən uğrunda canlarını fəda edən igid oğullarını heç zaman unutmur, unutmayacaq da...

Ölkə Prezidentinin iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən canlarını Vətən uğrunda fəda edən şəhidlərimizə olan diqqət və qayğısı, şəhidlərimizin ailə üzvlərinin daim diqqət mərkəzində saxlanılması barədə vediyi tapşırıq və tövsiyələr Qazax rayonunda da olduğu kimi icra edilir.


İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan həmyerlimiz Yuxarı Salahlı kənd sakini mayor Əhmədov Namiq Hajan oğlunun da xatirəsi əziz tutulur, ailəsi diqqət mərkəzində saxlanılır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov daim şəhidimizin ailəsinə baş çəkir, qayğıları ilə maraqlanır. Artıq rayon rəhbərliyinin tapşırığına əsasən şəhdimizin evində təmir və tikinti işləri davam etdirilir.

Rayon rəhbərliyi evdə görülmüş işlərlə də özü şəxsən maraqlanır, yerində baxış keçirərək bütün işlərin keyfiyyətlə aparılmasını bildirir və bununla bağlı tapşırıqlarını verir. Bir sözlə, rayon rəhbərliyi evin şəhidimizin arzuladığı kimi, ailəsinə təqdim olunması üçün var qüvvəsi ilə çalışır.



GOYEZEN.AZ



Facebook-da paylaş