İcra başçısı BDU-nun Qazax filialında 2019/2020-ci tədris ilinin onlayn yaz imtahan sessiyasının gedişi ilə maraqlanıb
Təməl
prinsipləri ulu öndər Heydər Əliyev tərəfindən yaradılan, ölkə Prezidenti cənab
İlham Əliyevin uğurla davam etdirdiyi milli dövlətçilik strategiyası və onun
ayrılmaz tərkib hissəsi olan təhsil konsepsiyasının məqsədi Azərbaycan
respublikası üçün milli məfkurəyə sahib, mənəviyyatca zəngin, sağlam əxlaqlı,
yüksək ixtisaslı, peşəkar mütəxəssis vətəndaşlar hazırlamaqdan ibarətdir. Respublikanın
ali təhsil müəssisələri tərəfindən mövcud konsepsiyanın reallaşdırılması
istiqamətində ciddi addımlar atılır. Bakı Dövlət Universitetinin Qazax
filialının kollektivi də bu sahədə fəaliyyətlərini lazımi səviyyədə qurublar. BDU-nun
rektorunun əmrini rəhbər tutaraq filial dirktorunun müvafiq əmri ilə
16.06.2020-10.07.2020-ci il tarixlərində bakalavr səviyyəsi və magistratura üzrə
yaz imtahan sessiyasının keçirilməsi nəzərdə tutulub. İmtahan sessiyasının mütəşəkkil
təşkili, keçirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə imtahanlara nəzarət
komissiyası, Qərargah və Appelyasiya komissiyası yaradılıb. Eyni zamanda
valideynlərə, ictimaiyyət nümayəndələrinə və KlV-lərə imtahanların gedişi
prosesini izləmək üçün bütün imkanlar yaradılıb.
Bu
gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov BDU-nun Qazax filialında olub, 2019/2020-ci tədris
ilinin onlayn yaz imtahan sessiyasının gedişi ilə maraqlanıb.
BDU
Qazax filialının direktoru, dosent Arif Rüstəmov yaz imtahan sessiyası barədə məlumat
verərək bildirib ki, tədris planına uyğun olaraq əyani şöbə üzrə 49 qrupda 277,
qiyabi şöbə üzrə 10 qrupda 51, magistraturada isə 2 ixtisas üzrə 10 imtahan
keçiriləcək (cəmi: 338 imtahan). Sessiya imtahanlarında bakalavriat səviyyəsi
üzrə əyani 1098 tələbə, qiyabi 129 tələbə, magistratura üzrə 2 tələbə,
buraxılış kursu və passiv 12 tələbə iştirak edir (cəmi: 1241). Filial direktoru
hazırda əyani şöbədə bakalavriat səviyyəsi üzrə 206, qiyabi şöbədə 17 və
magistratura üzrə 8 imtahan keçirildiyini bildirib. A.Rüstəmov koronavirus (COVID-19)
pandemiyası ilə əlaqədar olaraq karantin rejimi qaydalarına əməl olunmaqla
filialda imtahanların onlayn qaydada təşkil edildiyini vurğulayıb. Keçirilmiş
imtahanların nəticələrinin yüksək, tələbələrin də onlayn imtahanlarda fəal
iştirak etdiklərini qeyd edib. Filial direktoru daxil olan müraciətlərin
operativ qaydada Qərargahda araşdırıldığını da diqqətə çatdırıb. İmtahan
sessiyasının davam etdiyini, sessiya dövründə BDU, eləcə də digər strukturlarla
mütamadi olaraq onlayn əlaqələrin qurulduğunu bildirib.
Filialın
əməkdaşları ilə səmimi söhbət edən icra başçısı bütün dünyada tüğyan edən
koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması
istiqamətində dövlət başçısının rəhbərliyi altında görülən işlərdən danışıb.
Martın 3-dən başlayaraq təhsil ocaqlarının fəaliyyətinin dayandırılmasını müəllimlərin,
şagirdlərin, tələbələrin sağlamlığının qorunması istiqamətində atılan ən vacib
addımlardan biri kimi qiymətləndirib. Rayon rəhbəri ölkəmizdə pandemiya ilə mübarizə
sahəsində görülən bütün işlərdə bu gün də vətəndaş amilinin dayandığını
bildirib. İcra başçısı koronavirus infeksiyasının yayılmasının qarşısının
alınması üçün sosial məsafənin qorunmasının və tibbi maskadan istifadənin zəruri
olduğunu, gigiyenik qaydalara düzgün riayət olunmasının vacibliyini vurğulayıb.
Bununla əlaqədar bəzi tapşırıq və tövsiyələrini verib. Keçirilən yaz
sessiyasında müəllim və tələbələrə sonda bir daha uğurlar arzulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş