BDU-nun Qazax filialında imtahanların şəffaflığı təmin olunub
Bakı Dövlət Universitetinin Qazax filialında
2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başa çatıb. Payız
semestrinin imtahan sessiyası 2020-ci il yanvarın 7-dən 31-dək davam edib. Bakalavriat və magistratura səviyyələri üzrə
2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası Bakı Dövlət
Universitetinin rektorunun əmrinə müvafiq olaraq mövcud qaydalara uyğun təşkil
edilib. Bakalavriat səviyyəsi üzrə əyani şöbədə 63 qrup,
qiyabi şöbədə 10 qrup olmaqla 1437 nəfər tələbə imtahanlarda iştirak edib.
Magistratura səviyyəsində isə 2 ixtisas üzrə təhsil alan 4 magistr imtahanlarda
iştirak edib. Ümumilikdə, sessiya müddətində 408 imtahan keçirilib ki,
bunlardan 351-i əyani şöbədə, 44-ü qiyabi şöbədə və 13-ü magistr imtahanları
olub. İmtahanlarda tələbələrin biliyinin
qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, yarana
biləcək münaqişələrin və neqativ halların operativ aradan qaldırılması
məqsədilə Qərargah və onun nəzdində Appelyasiya komissiyası yaradılıb.
İmtahanlarla bağlı yarana biləcək istənilən məsələ ilə bağlı müvafiq
olaraq Qərargaha və rəy qutusu vasitəsilə göndərilən bütün müraciətlərə
operativ qaydada baxılıb. İmtahanlarda və yoxlama prosesində arzu edən
valideynlər, mətbuat və ictimaiyyət nümayəndələri istədikləri vaxt imtahanların
gedişini, nəticələrin yoxlanılması prosesini izləməyə dəvət olunub. Sessiyanın
ilk günlərində əldə olunan nəticələr deməyə əsas verib ki, tələbələrin hazırlıq
səviyyəsi əvvəlki illərə nisbətən xeyli yüksəlib. Bütövlükdə, filialda imtahan
sessiyası müasir təhsil tələblərinə uyğun şəkildə təşkil edilib. Filialın direktoru Arif Rüstəmov sessiyanın obyektiv
və şəffaf keçirilməsi üçün imtahanların gedişatına daim nəzarət edib,
tələbələrlə söhbətlər apararaq onları narazı sala biləcək hər hansı bir məsələnin
olub-olmamasını öyrənib. Payız semestrinin imtahan sessiyası artıq başa çatıb. Əvvəlcədən
görülmüş tədbirlərin və yaradılmış münbit şəraitin nəticəsidir ki, filialda
imtahanlar obyektiv keçib, tələbələr və onların valideynləri sessiyanın
gedişindən razılıq ediblər. Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 1 fevral 2020-ci il
Respublika
mətbuatı Qazax haqqında
Facebook-da paylaş