BDU-nun Qazax filialında imtahanlar obyektiv və şəffaf keçib
Bakı Dövlət Universitetinin Qazax filialında 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası obyektiv və şəffaf şəraitdə keçib. Filialın direktoru Arif Rüstəmovun 23 may 2019-cu il tarixli Əmrinə əsasən semestr imtahanları 3 iyun 2019-cu il tarixindən başlayıb və 2 iyulda başa çatıb. İmtahanlarla bağlı əvvəlcədən lazımi hazırlıq işləri görülüb, nəzarət komissiyası yaradılıb, müəllim-koordinatorların bölgüsü aparılıb, valideynlərə övladlarının imtahanlarında iştirak etmək üçün şərait yaradılıb. Əvvəlcədən həyata keçirilən tədbirlərin nəticəsidir ki, imtahan prosesində heç bir qanun pozuntusu aşkar olunmayıb, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflıq təmin edilib.
Filialın direktoru Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olub, tələbələri maraqlandıran sualları cavablandırıb, onların qarşılaşdığı hər hansı bir problemin olub-olmaması ilə maraqlanıb.
Yaz semestrində 1014 tələbə iştirak edib. Tələbələr 17 ixtisas üzrə 39 qrupda imtahan veriblər. Semestr ərzində ümumilikdə 217 imtahan keçirilib. Ən başlıcası isə odur ki, imtahan başa çatan gün onun nəticələri tələbələrə elan olunub.
İmtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə yaradılmış imtahan qərargahına 66 nəfər tələbə şikayət ərizəsi ilə müraciət edib. Onlardan 28 nəfər tələbənin əsas yoxlamadan topladığı qiymətlərdə dəyişiklik olunub, 9 nəfər tələbənin isə əsas yoxlamadan topladığı qiymətlərdə heç bir dəyişiklik edilməyib. Appelyasiya komissiyasında tələbələrin müraciətlərinə baxılıb. 25 nəfər tələbə 50 bala, 2 nəfər tələbə 70 bala, 2 nəfər tələbə isə 90 bala görə komissiyanın qərarı ilə müvafiq imtahanlardan qiymət almış hesab edilib.
Yaz imtahan sessiyasının başa çatması ilə əlaqədar filialda yığıncaq keçirilib. Filialın direktoru Arif Rüstəmov imtahanların obyektiv və şəffaf keçirildiyini qeyd edərək filialın professor və müəllimlərinə, nəzarətçilərə öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, kollektivin üzərinə düşən başlıca vəzifə əldə olunan nailiyyətləri qoruyub saxlamaq, daha da təkmilləşdirmək və müəyyənləşdirilmiş hədəflərə çatmaq üçün böyük əzmlə, məsuliyyətlə çalışmaqdır.
Soda fərqlənənlərə mükafatlar verilib, təşəkkür elan olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş