İcra başçısı BDU-nun Qazax filialında imtahan keçirilən auditoriyalarda olub
Bu
gün tam əminliklə söyləyə bilərik ki, son illər Prezident İlham Əliyevin
ölkəmizdə elm və təhsilin inkişafına xidmət edən fərman və sərəncamlarına
əsasən həyata keçirilən islahatlar Azərbaycan təhsilinin dünya standartlarına
uyğun qurulmasına böyük zəmin yaradıb. Bunu respublikamızın bütün bölgələrində
yeni məktəb binalarının tikintisindən, əsaslı və ya cari təmir olunmasından,
məktəblərin maddi-texniki bazasının gücləndirilməsindən, müəllimlərin
əməkhaqlarının, tələbələrin təqaüdlərinin ildən-ilə artırılmasından aydın
şəkildə görmək olar. Son
3 ildə Qazaxda müəllim və şagirdlərə, ali təhsil ocaqlarında təhsil alan
tələbələrə olan səmimi münasibət, göstərilən qayğı, ən əsası da bu sahədə
qazanılan uğur və nailiyyətlər bu sahənin daim diqqət mərkəzində olmasından
xəbər verir. Ölkə başçısının, eləcə də rayon rəhbərliyinin təhsil sahəsinə olan
qayğısının nəticəsidir ki, bu gün Qazaxda təhsil sahəsi özünün intibah dövrünü
yaşayır. Ötən il Qazaxın qəbul imtahanlarının nəticələrinə görə respublika
məktəbləri arasında 3-cü yerdə dayanması o deməkdir ki, təhsil sahəsinə olan
diqqət və qayğı öz bəhrəsini verir. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk
gündən daim qayğı ilə yanaşdığı təhsil ocaqlarından biri də Bakı Dövlət Universitetinin Qazax filialıdır. Rayon rəhbərinin
mütəmadi olaraq filialın müəllim-tələbə kollektivi ilə görüşməsi, təşkil olunan
bütün tədbirlərdə yaxından iştirak etməsi, istər müəllimlərə, istərsə də
tələbələrə səmimi münasibət bəsləməsi bu söylədiklərimizin əyani sübutudur. İcra başçısı bu gün də Bakı Dövlət Universitetinin Qazax filialında olub, 2018/2019-cu
tədris ilinin yaz semestrinin imtahan sessiyası ilə maraqlanıb. Filialın direktoru,
dosent Arif Rüstəmov imtahanlar barədə ətraflı məlumat verərək bildirib ki,
imtahanların yüksək səviyyədə təşkil olunması üçün əvvəlcədən lazımi hazırlıq
işləri görülüb. Müvafiq əmrlə nəzarət komissiyası yaradıldığını,
müəllim-koordinatorların bölgüsünün aparıldığını, imtahanların şəffaf və
obyektiv keçirilməsi üçün filialda lazımi şəraitin təmin edildiyini bildirib. İyun
ayının 3-dən start götürən imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə
və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması
məqsədilə Qərargah yaradıldığını diqqətə çatdırıb. Hətta, Qəragahın nəzdində
fəaliyyət göstərən "Qaynar xətt”ə daxil olan müraciətlərin Qərargah
üzvləri tərəfindən dərhal araşdırıldığını vurğulayıb. Qiymətləndirmədən narazı qalan tələbələrin
Qərargaha müraciət etmələri, bundan əlavə, valideynlərə övladlarının
imtahanlarında iştirak etmək üçün şərait yaradıldığını qeyd edib. Əvvəlcədən
həyata keçirilən tədbirlərin və görülən işlərin nəticəsində bu günə kimi heç
bir qanun pozuntusunun aşkar olunmadığını söyləyib. Filialın
direktoru imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan
keçirilən auditoriyalarda olduğunu, tələbələri maraqlandıran sualları
cavablandırdığını, onların qarşılaşdığı hər hansı bir problemin olub-olmaması
ilə maraqlandığını da bildirib. Rayon rəhbərinə
məlumat verilib ki, filial üzrə yaz semetrində 1014 nəfər tələbə iştirak edir.
Tələbələr 17 ixtisas üzrə 39 qrupda imtahan verirlər. Semestr ərzində
tələbələrin 217 imtahan verməsi nəzərdə tutulub. İmtahan başa çatan gün onun
nəticələri tələbələrə elan olunur. Belə ki, tələbələrin tədris göstəriciləri
filialın dəhlizlərində asılmış xüsusi lövhələrə vurulur. Bu gün iyunun 27-də
keçirilən imtahanlar barədə də məlumat verilərək bildirilib ki, 12 ixtisas üzrə
keçirilən imtahanda 223 tələbə iştirak edir. Mülki müdafiə və tibbi biliklərin
əsasları, Azərbaycan tarixi, pedaqogika, riyazi analiz-4, fəlsəfə, Azərbaycan
dili və nitq mədəniyyəti, müəllim və tərbiyəçinin pedaqoji ustalığı, müasir
dövrün sosial problemləri, TXT, sosial psixologiya, Azərbaycan dastanları,
Azərbaycanda turizm və onun inkişafı fənləri üzrə aparılır. Qeyd olunub ki, tələbələr
imtahanları bilet götürərək 5 sual olmaqla yazılı şəkildə verirlər. Hər bir
sual da 10 ballıq sistem üzrə qiymətləndirilir. İmtahanların şəffaflığını təmin
edən ən əsas amil isə tələbələrin adlarının gizli saxlanılaraq komissiya
üzvləri tərəfindən yoxlanılmasıdır. Belə ki, hər bir tələbənin cavabları qeyd
olunmuş imtahan vərəqələri xüsusi kodlarla qeyd olunur. Müəllimlər ad və soyad
bilmədən cavabları yoxlayırlar. Sonda qiymətləndirilmə aparılandan sonra həmin
koda əsasən tələbənin topladığı bal elan edilir. Sonra icra
başçısı imtahanların keçirildiyi auditoriyalarda olub, tələbələrlə görüşüb
onlarla səmimi söhbət edib. Rayon rəhbəri respublikamızda bütün sahələrlə yanaşı, gənclərə göstərilən diqqət və qayğının
onların gələcəkdə bir vətəndaş kimi yetişməsində mühüm rol oynadığını qeyd
edib. Ölkə Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda gənclər siyasətinin
həyata keçirilməsi ilə əlaqədar verilən fərman və sərəncamların gənclərin gələcəkdə
öz karyeralarını qurmalarında böyük əhəmiyyət kəsb etdiyini bildirib. Rayon rəhbəri imtahanların şərtləri, tələbələri maraqlandıran
sualları və onlara yaradılan şəraiti elə tələbələrin öz dillərindən eşidib. Pedaqoji fakültənin Azərbaycan dili və ədəbiyyat
ixtisasının III kursunda, təlim və tərbiyə ixtisasının II və III kurslarında,
riyaziyyat və informatika ixtisasının I və II kurslarında, ibtidai sinif müəllimliyi
ixtisasının I kursunda, riyaziyyat müəllimliyi ixtisasının II kursunda təhsil
alan və bugünkü imtahanlarda iştirak edən tələbələr söylədikləri fikirlərlə,
verdikləri dolğun və əhatəli cavablarla filialda imtahanların şəffaf və
obyektiv şəkildə keçirilməsini bir daha sübut ediblər. Tələbələr imtahanları
rahat şəraitdə vermələri üçün onlara hər cür şərait yaradıldığını qeyd ediblər.
Bu gün təhsil sahəsinə olan diqqət və qayğının bariz nümunəsini BDU-nun Qazax
filialında gördüklərini bildiriblər. Rayon rəhbəri tələbələrlə səmimi söhbət edərək
onlara müstəqil Azərbaycanın savadlı, intellektli gəncləri kimi yetişmələrini
tövsiyə edib və imtahanlarda uğurlar arzulayıb. Azərbaycan dövlətinin öz gələcəyini
savadlı gənclər üzərində qurduğunu söyləyib və gənclərin daha böyük nailiyyətlər
qazanacaqlarına əminliyini vurğulayıb. Daha sonra
rayon rəhbəri filialın Heydər Əliyev auditoriyasında professor-müəllim heyəti
ilə görüşüb. İcra başçısı son illər
respublikamızda aparılan abadlıq və quruculuq işlərinin Qazax rayonundan da yan
keçmədiyini qeyd edib. Bildirib ki, respublikamızın hər bir bölgəsində yeni iş
yerləri açılır, yollar salınır, məktəblər tikilir. Əhalinin rifah halı
yaxşılaşır, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsi istiqamətində məqsədyönlü
işlər həyata keçirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili
və xarici siyasətin təzahürü olaraq respublikamızın hər yerində olduğu kimi,
Qazax rayonunda da gündən-günə yüksələn inkişafı müşahidə edirik. Möhtərəm
Prezidentimizin diqqət və qayğısı sayəsində Qazax rayonunda da çoxsaylı dövlət proqramlarının,
tapşırıq və tövsiyələrin davamlı olaraq yerinə yetirildiyinin şahidi oluruq. İcra başçısı BDU Qazax filialının inkişaf etməsində böyük əməyi olan
filialın direktoru olmuş mərhum coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyevin
xatirəsinin hər zaman əziz tutulduğunu, onun daim qəlblərdə yaşadığını
bildirib. Onun filialda qoyduğu ənənələrin bu gün də müəllim-professor heyəti tərəfindən
uğurla yerinə yetirildiyini qeyd edib. Filialın direktoru Arif Rüstəmov çıxış edərək rayon rəhbərliyinin
filiala olan qayğısından söz açıb və bugünkü növbəti səfərinə görə minnətdarlığını
bildirib. İstər müəllimlərə, istərsə də tələbələrə olan dəstəyi, göstərilən
qayğını, səmimi münasibəti hər zaman razılıq hissi ilə qarşıladıqlarını diqqətə
çatdırıb. Filialın müəllimi Heyran Vəkilova ürək sözlərini çatdıraraq respublikamızda,
eləcə də bölgələrimizdə həyata keçirilən məqsədyönlü tədbirlərə görə ölkə
başçısı İlham Əliyevə ziyalılar adından minnətdarlığını bildirib. Qazaxda təhsil
sahəsinə, müəllimlərə, ziyalılara olan diqqət və qayğıya, səmimi münasibətə görə
rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. BDU Qazax filialının təşkil etdiyi bütün
tədbirlərdə yaxından iştirak etməsini sonsuz razılıq hissi ilə qarşıladığını
vurğulayıb və onlara olan qayğı kimi dəyərləndirib. Məlumat üçün
onu da qeyd edək ki, sessiya iyul ayının 3-dək davam edəcək.
GOYEZEN.AZ
Facebook-da paylaş