İcra başçısı 3 nömrəli məktəbdə olub
Son illər Prezident İlham Əliyevin ölkəmizdə elm və təhsilin inkişafına xidmət edən fərman və sərəncamlarına əsasən həyata keçirilən islahatlar Azərbaycan təhsilinin dünya standartlarına uyğun qurulmasına zəmin yaradıb. Bunu respublikamızın bütün bölgələrində yeni məktəb binalarının tikintisindən, əsaslı və ya cari təmir olunmasından, məktəblərin maddi-texniki bazasının gücləndirilməsindən də aydın şəkildə görmək olar. Son 3 ildə Qazaxda təhsil sahəsinə olan diqqət və qayğı, müəllim və şagirdlərə olan səmimi münasibət, ən əsası da bu sahədə qazanılan uğur və nailiyyətlər hər kəsə yaxşı məlumdur. Ölkə başçısının, eləcə də rayon rəhbərliyinin təhsil sahəsinə olan qayğısının nəticəsidir ki, bu gün Qazaxda təhsil sahəsi özünün intibah dövrünü yaşayır. Ötən il Qazaxın qəbul imtahanlarının nəticələrinə görə respublika məktəbləri arasında 3-cü yerdə dayanması o deməkdir ki, təhsil sahəsinə olan diqqət və qayğı öz bəhrəsini verir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi həssaslıqla yanaşması, müəllim və şagirdərlə mütəmadi olaraq görüşməsi rayonda təhsilin inkişafına böyük önəm verilməsindən xəbər verir. İcra başçısının məktəblərdə şagirdlərlə görüşməsi demək olar ki, artıq bir ənənə halını alıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov İsmət Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbdə olub, məktəbin mövcud vəziyyəti, şagirdlərə verilən təhsilin keyfiyyəti, şagirdlərin dərsə davamiyyəti, ən əsası da göstərilən diqqət və qayğı ilə maraqlanıb.
Məktəbin direktor əvəzi Nailə Əfəndiyeva Respublika Prezidenti İlham Əliyevin təhsil sahəsindəki həyata keçirdiyi genişmiqyaslı layihələrdən, görülən işlərdən söz açıb. Qazaxda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə, təhsil sahəsinə, müəllimlərə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından öz dərin minnətdarlığını çatdırıb. Fəaliyyətə başladığı ilk gündən rayon təhsilinin inkişaf etdirilməsi üçün hər zaman öz qayğısını əsirgəməyən rayon rəhbərliyinə sonsuz təşəkkürlərini ifadə edib.
Rayon rəhbərinə məktəbin müəllim-şagird kollektivi barədə məlumat verilərək qeyd edilib ki, məktəbdə tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Hazırda məktəbdə 419 nəfər şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 38 müəllim məşğul olur. Bundan əlavə, 5 nəfər rəhbər heyət və 19 texniki işçi çalışır. Məktəbdə 2 birinci, 2 doqquzuncu və 2 onbirinci sinif var. Rus bölməsində təhsil alan birincilərin sayı 31, Azərbaycan bölməsində təhsil alan birincilərin sayı isə 17 nəfərdir. Bu il məktəbi bitirəcək onbirincilərin sayı 32 nəfərdir ki, onlardan 23 nəfəri rus, 9 nəfəri isə Azərbaycan bölməsində təhsil alır.
Sonra sinif otaqları, idman zalı və məktəbin həyəti ilə tanış olan icra başçısı məktəbdə mövcud olan qayğılarla da maraqlanıb. Məktəb kollektivinin idman zalının tavanının yenidən vurulması, qazanxananın dam örtüyünün təmiri, həyətdə oyun meydançasının salınması, eləcə də məktəbin qarşısına tramplin qoyulması ilə bağlı istəklərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə baxılacağını bildirib və aidiyyəti üzrə tapşırıq verib.
Məktəbin direktor əvəzi N.Əfəndiyeva göstərdiyi qayğıya və səmimi münasibətə görə rayon rəhbərliyinə müəllim-şagird kollektivi adından bir daha minnətdarlığını bildirib.
Facebook-da paylaş