Əsas Səhifə > Qazax respublika mətbuatında > BDU-nun Qazax filialında imtahanların şəffaflığı təmin olunub
BDU-nun Qazax filialında imtahanların şəffaflığı təmin olunub1-02-2020, 11:39 |
Respublika mətbuatı Qazax haqqında
Bakı Dövlət Universitetinin Qazax filialında 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başa çatıb. Payız semestrinin imtahan sessiyası 2020-ci il yanvarın 7-dən 31-dək davam edib. Bakalavriat və magistratura səviyyələri üzrə 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası Bakı Dövlət Universitetinin rektorunun əmrinə müvafiq olaraq mövcud qaydalara uyğun təşkil edilib. Bakalavriat səviyyəsi üzrə əyani şöbədə 63 qrup, qiyabi şöbədə 10 qrup olmaqla 1437 nəfər tələbə imtahanlarda iştirak edib. Magistratura səviyyəsində isə 2 ixtisas üzrə təhsil alan 4 magistr imtahanlarda iştirak edib. Ümumilikdə, sessiya müddətində 408 imtahan keçirilib ki, bunlardan 351-i əyani şöbədə, 44-ü qiyabi şöbədə və 13-ü magistr imtahanları olub. İmtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, yarana biləcək münaqişələrin və neqativ halların operativ aradan qaldırılması məqsədilə Qərargah və onun nəzdində Appelyasiya komissiyası yaradılıb. İmtahanlarla bağlı yarana biləcək istənilən məsələ ilə bağlı müvafiq olaraq Qərargaha və rəy qutusu vasitəsilə göndərilən bütün müraciətlərə operativ qaydada baxılıb. İmtahanlarda və yoxlama prosesində arzu edən valideynlər, mətbuat və ictimaiyyət nümayəndələri istədikləri vaxt imtahanların gedişini, nəticələrin yoxlanılması prosesini izləməyə dəvət olunub. Sessiyanın ilk günlərində əldə olunan nəticələr deməyə əsas verib ki, tələbələrin hazırlıq səviyyəsi əvvəlki illərə nisbətən xeyli yüksəlib. Bütövlükdə, filialda imtahan sessiyası müasir təhsil tələblərinə uyğun şəkildə təşkil edilib. Filialın direktoru Arif Rüstəmov sessiyanın obyektiv və şəffaf keçirilməsi üçün imtahanların gedişatına daim nəzarət edib, tələbələrlə söhbətlər apararaq onları narazı sala biləcək hər hansı bir məsələnin olub-olmamasını öyrənib. Payız semestrinin imtahan sessiyası artıq başa çatıb. Əvvəlcədən görülmüş tədbirlərin və yaradılmış münbit şəraitin nəticəsidir ki, filialda imtahanlar obyektiv keçib, tələbələr və onların valideynləri sessiyanın gedişindən razılıq ediblər. Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 1 fevral 2020-ci il
Geri qayıt |