15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifələrindəndir
Bu gün hər kəs, istər müstəqil
Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan azərbaycanlılar
yaxşı bilir ki, Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində
ən parlaq simadır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ
sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların
sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və
qurucusu kimi tarixə düşüb. Bəli, hər kəsin bildiyi və qəbul etdiyi, bəzilərinin
istəməsə belə qəbul etməyə məcbur olduğu yenilməz bir həqiqət var ki, bu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının
xilaskarı, onun müəyyən etdiyi ideoloji xəttin müasir dövlətimizin parlaq
gələcəyinin təminatçısı olmasıdır. Azərbaycan tarixində
silinməz izlər qoymuş dahi şəxsiyyətin biz azərbaycanlılara bəxş etdiyi
saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız bu gün həmin tarixləri əsl
bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır. Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü
ilin 15 iyunundan 27 il ötür. Bu o tarixdir ki, həmin gün dövlətçiliyimiz
yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə
ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən
ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişini şərtləndirən
səbəblərə nəzər yetirsək görərik ki, Ümummilli
Liderin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətimizin
müstəqilliyinin qorunub saxlanılması bərqərar oldu. Heydər Əliyevin hakimiyyətə qayıtmasından əvvəl
ölkədəki vəziyyət hər birimizin yadındadır. 1993-cü il 15 iyuna qədər ölkədəki
kriminagen vəziyyət son həddə çatmışdı. Qiyamçı Surət Hüseynovun hərbi
dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya
doğru hərəkət edirdi. Cənubda separatçı Əlikram Hümbətov praktiki olaraq bir
neçə rayonun inzibati binasını güc yolu ilə keçirib AXC hakimiyyətinə tabe
olmaqdan boyun qaçırırdı. Şimalda da Azərbaycan vətəndaşı olan milli azlıqlara
məxsus bəzi etnik qruplar arasında da kənar qüvvələrin təsiri ilə inamsızlıq və
etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı
özünü büruzə verməyə başlamışdı. Hətta məişət səviyyəsində kriminagen vəziyyət
o həddə çatmışdı ki, paytaxt Bakı küçələrində heç kimə tabe olmayan əli silahlı
qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. Gənc nəsil bunu
bilməsə də, o zamankı vəziyyəti gündəlik həyatında hiss edən hər bir şəxs
təsdiqləyə bilər ki, hər hansı adi vətəndaşın evdən çıxaraq sağ-salamat
qayıtmasına əminlik yox idi. Həmin dövrdə Azərbaycan sadəcə daxili yox, xarici
siyasət və təhlükəsizlik problemləri ilə qarşılaşmışdı. Ermənistan silahlı
qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ
Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Azadlığın Dəstəklənməsi
Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan
etmişdir. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi
göstərilirdi. Azərbaycanın dövlət müstəqilliyinin təməlini təşkil edən enerji
məsələsində dünyanın enerji nəhəngləri ilə aparılan danışıqların nəticəsiz
qalması iqtisadiyyatın inkişaf etdirilməsi perspektivinin önünü tıxayırdı. AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının
nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Gürcüstanda Zviad
Qamsaxurdiya faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətini
yürüdürdü ki, Ermənistan və Dağlıq Qarabağdan olan qaçqınlara əlavə olaraq
ölkəmizə Gürcüstandan azərbaycanlıların böyük axını başlamışdı. Cənubi Azərbaycan məsələsi ilə bağlı AXC-nin
rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq İran ilə
münasibətlər son dərəcə gərginləşmiş və İranın Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdi. AXC rəhbərliyinin o illərdə Azərbaycanın siyasi
reallıqlarını diqqətə almadan Çini narahat edən bəyanatlar verməsi xarici
siyasətdə ölkənin problemlərlə qarşılaşmasına səbəb olmuşdur. Bütün bunlara əlavə olaraq erməni lobbisinin
mütəşəkkil fəaliyyəti nəticəsində Azərbaycan informasiya müharibəsində də
təcrid olunmuş vəziyyətdə qalmışdı. Ölkənin
müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə AXC hakimiyyəti xalqın
israrlı tələbləri ilə, çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevi
Naxçıvandan Bakıya dəvət etməkdə gördü. Xalqın
təkidli tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. Dövlətçiliyin
xilas edildiyi gün olan 1993-cü il iyunun 15-ni - ümummilli lider Heydər
Əliyevin siyasi hakimiyyətə qayıtdığı günü xalqımız müasir tariximizin qürur və
şərəf səhifəsi - Milli Qurtuluş Günü kimi qəbul etdi. Ümummilli lider Heydər Əliyevin
1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi,
sosial-iqtisadi həyatında, eləcə də cəmiyyətin hər bir sferasında yeni bir
dönüş yarandı. Ulu Öndərin siyası uzaqgörənliyi nəticəsində ictimai-siyasi həyatda
stabilliyin əldə edilməsi ilə yanaşı, ölkə iqtisadiyyatının bərpası istiqamətində
fəaliyyətlər sürətləndi. Heydər
Əliyevin hakimiyyətə qayıtmasından sonra ölkəmizdə milli barış və inkişaf dövrü
başlandı. Daxili siyasətdə əldə olunan nəticələrə nəzər salsaq bunu əyani şəkildə
görə bilərik. Heydər
Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti
nəzarət altına aldı, sabitlik təmin edildi; Dağlıq
Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı; Ölkə
daxilində separatçılıq meyllərinin qarşısı alındı; İqtisadi
problemlər əhəmiyyətli dərəcədə həll edildi; İqtisadi
sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin
ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi; Vətəndaşların
sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı; Ordu
quruculuğunda mühüm addımlar atıldı. Heydər
Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə enerji sahəsində də yüksək nailiyyətlərin
əldə olunmasına başlanıldı. "Əsrin
Müqaviləsi” imzalandı və bu kontraktla Azərbaycanın sonrakı illər iqtisadi
inkişafının əsası qoyuldu. Prezident Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində
xarici neft şirkətləri "Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan
iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar; Heydər
Əliyev qətiyyət nümayiş etdirərək İran və Rusiyanın ciddi etirazlarına rəğmən
ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı; Əsrin
Müqaviləsi çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına
çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsini
uğurla həll etdi. Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycanın xarici
siyasətində də böyük uğurlara imza atıldı. İkitərəfli
və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan
informasiya sahəsində təcriddən çıxmağa nail oldu; Dünya
ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər
Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi
salmağa müvəffəq oldu. Bu gün milli qurtuluş
ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü
aydın göstərir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş və qətiyyətli
siyasəti sayəsində Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlər onu söyləməyə əsas
verir ki, ulu öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil dövlət əmin əllərdədir.Demokratik dövlətdə
siyasət xalq naminə və xalqın vasitəsilə həyata keçirilir. Ən əsası da necə ki, Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, özümüzə
inamımızı dirçəltdi, milli şüuru oyatdı, eləcə
də ölkə başçısı həmin inamın davamlı olmasını gördüyü işlərlə təmin edir. Bu gün - 27 il sonra əminliklə deyə bilərik ki, respublikamızın
tarixində Heydər Əliyevin şəxsiyyəti həlledici rol oynayıb və zaman keçdikcə,
dövlətimiz inkişaf edib müstəqilliyini möhkəmləndirdikcə Milli Qurtuluş Gününün
tarixi əhəmiyyəti və dəyəri daha da aydın dərk olunacaq. İllər ötsə belə Azərbaycan xalqı 15 iyun tarixini yenə də qürur və
şərəf günü kimi qəbul edəcək. O tarixi bizlərə bəxş edən dahi insanı eyni
sevgi, hörmət və ehtiramla xatırlayacaqdır. GOYEZEN.AZ
Facebook-da paylaş