• Təqvim

  • Maraq



Vətəndaş amili hər zaman diqqət mərkəzində olmalıdır


Respublika Prezidenti cənab İlham Əliyevin rəhbər vəzifəli şəxsləri qəbul edərkən onlarla olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, müstəqil Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasətin əsasında hər zaman vətəndaş amili dayanır. Bu gün isə tam əminliklə deyə bilərik ki, dövlət başçısının vətəndaşlara olan sonsuz diqqət və qayğısı, onun söylədiyi "Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır” kimi dəyərli fikirləri Qazaxda da öz real əksini tapır. 

Bu gün Qazax Rayon İcra Hakimiyyətində keçirilən iclasda icra başçısı tərəfindən verilən tapşırıq və tövsiyələr bir daha onu göstərir ki, son illərdə olduğu kimi, rayonda vətəndaş amili bundan sonra da həmişə ön planda olacaq.

İcra aparatının məsul işçilərinin, rayonda fəaliyyət göstərən xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçirilən iclasda ölkəmizdə, eləcə də rayonda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlərdən, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində görülən işlərdən, son günlər ölkəmizdə baş verən xoşagəlməz hadisələrdən söz açılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclası giriş sözü ilə açaraq keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Ölkə başçısının son günlər dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, verdiyi tapşırıq və tövsiyələr barədə ürək sözlərini çatdıran rayon rəhbəri həmin deyilən sözlərin bu gün hər bir dövlət məmuruna aid olduğunu bildirib. İcra başçısı ölkə rəhbərinin vətəndaşlara qarşı necə davranılmalı olduğunu, həmişə onlara həssas münasibət göstərilməsini, ölkəmizdə şəffaflığın tam təmin olunması üçün rüşvətxorluğa və korrupsiyaya qarşı barışmaz mövqedə olduğunu dəfələrlə səsləndirdiyini qeyd edib. Rayon rəhbəri respublikamızda rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərinin Qazaxda da birmənalı şəkildə yerinə yetirildiyini bildirib. Ölkə başçısının bu sahədə olan barışmaz mövqeyini hər zaman əldə rəhbər tutaraq fəaliyyətə başladığı ilk gündən rayonda şəffaflığın təmin olunması sahəsində məqsədyönlü işlər görüldüyünü, ən əsası da şəffaflığın bütün sahələri əhatə etdiyini qeyd edib. İcra başçısı son illər rayonda bütün sahələrdə şəffaflığın tam təmin olunduğunu, neqativ halların aradan qaldırıldığını və bu sahədə əldə olunan nailiyyətin bundan sonra da qorunub saxlanılacağını söyləyib.


İcra başçısı ölkəmizdə yaşanan belə həssas bir dönəmdə vətəndaşların haqqına girilməsini, onlara edilən yardımlara əl uzadılmasını, həmçinin ölkə başçısının vətəndaşların rifah halının yaxşılaşdırılması ilə bağlı ictimai işlərə cəlb olunan sakinlərin əməkhaqqısına göz dikilməsini birbaşa ölkə Prezidentinə, onun yürütdüyü siyasətə qarşı edilən xəyanət kimi adlandırıb. İcra başçısı Qazaxda istər vətəndaşlara sovqatların çatdırılmasında, istər ictimai işlərə cəlb edilən hər bir rayon sakininin əməkhaqqı kartı ilə təmin olunmasına xüsusi həssaslıqla yanaşıldığını bildirib.

Rayon rəhbəri hər bir vətəndaşın haqlı-haqsız olub-olmamasından asılı olmayaraq onların müraciətlərinə, istəklərinə həmişə qayğı ilə yanaşılmasını, hər bir vətəndaşı təmkinlə dinləyib lazımi rəsmi cavab verilməsini, vətəndaşlar arasında öz hüquqları barədə maarifləndirmə işinin aparılmasını qeyd edib. Vətəndaşın istəyinin nə olmasından asılı olmayaraq məsələnin əsl mahiyyətini olduğu kimi çatdırmağı vurğulayıb.

Rayon rəhbəri qeyd edib ki, əgər bu gün ölkə başçısının yürütdüyü dövlət siyasətinin əsasında vətəndaş amilinin dayandığını söyləyiriksə, biz məmurlar da hər zaman çalışmalıyıq ki, həmin siyasəti olduğu kimi yerinə yetirək və həmin amilin bütün respublikada ön planda olduğunu öz əməli işlərimizlə göstərək.

Bugünkü iclasın da əsas məqsədinin məhz bu amili çatdırmaq olduğunu qeyd edən icra başçısı vətəndaşlara olan diqqət və qayğının, rayonda bütün sahələr üzrə olan şəffaflığın bundan sonra da olduğu kimi yerinə yetiriləcəyini bildirib. Vətəndaşlara göstərilən diqqət və qayğının, səmimi münasibətin kökündə onların məmnunluğunun dayandığını vurğulayan rayon rəhbəri hər bir vətəndaşın razı qalması üçün hər bir dövlət məmurunun, eləcə də çalışan hər bir işçinin böyük səylə çalışmasını söyləyib.

Rayon rəhbəri mayın 1-də Prezident İlham Əliyevin yeni Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edən zaman dövlət məmurlarına verdiyi tapşırıqlarla bağlı bir daha müzakirələr aparıb. Hər kəsin bu tapşırıqları əldə rəhbər tutaraq Vətənə, dövlətə, millətə layiqli vətəndaş kimi xidmət etmələrini bildirib.

Sonda rayon rəhbəri vətəndaş-dövlət məmuru münasibətinin ölkə başçısının istəyinə, verdiyi göstərişlərə uyğun şəkildə qurulması üçün tək idarə, müəssisə, təşkilat rəhbərlərinin deyil, bütün kollektivlərin səfərbər olmalarını qeyd edib, bununla bağlı aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verib. Verilən göstərişlərdən, söylənilən fikirlərdən nəticə çıxarmalarını tövsiyə edib.

GOYEZEN.AZ



Facebook-da paylaş