Vətəndaşların müraciətinə yerində baxılıb
Ölkə Prezidenti cənab İlham Əliyevin ən son çıxışı zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bir daha sübut edir ki, müstəqil Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasətin təməlində hər zaman vətəndaş amili dayanır.
Bu gün birmənalı şəkildə söyləyə bilərik ki, dövlət başçısının vətəndaşlara olan sonsuz diqqət və qayğısı Qazaxda da olduğu kimi öz əksini tapmaqdadır. Hər bir rayon sakininin bu gün də minnətdarlıq hissi ilə qarşıladığı vətəndaş amili demək olar ki, rayon rəhbərliyinin iş fəaliyyətinin əsasını təşkil edir. Son 3 ildə rayon rəhbərinin sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı, istər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə cavab verilməsi, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, həlli mümkün olan nə varsa edilməsi bu dediklərimizin əyani sübutudur. Vətəndaşlara olan qayğının nəticəsidir ki, bu gün hər bir qazaxlıda Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağına, həssaslıqla yanaşılacağına əminlik hissi yaradır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ümumi qəbul zamanı müraciət etmiş bir qrup Qarapapaq kənd sakininin istəyinə əsasən həmin kənddə olub, müraciətlərinə yerində baxış keçirib. Sakinlər onların yaşadığı əraziyə su və kanalizasiya xəttinin çəkilməsinin layihədə əksini tapıb-tapmadığını öyrənmək istədiklərini qeyd ediblər.
Mövcud vəziyyətlə tanış olan və sakinləri diqqətlə dinləyən rayon rəhbəri məsələ ilə bağlı Qazax rayonunun içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin rəhbəri Sədi Namazovun fikirlərini öyrənib. S.Namazov sakinlərin qeyd etdiyi ərazinin layihədə əksini tapmadığını bildirib.
İcra başçısı məsələnin araşdırılması, su-kanalizasiya xəttinin çəkilişi üzrə hazırlanan layihədə sakinlərin bildirdiyi ərazinin əksini tapması, qaldırılan məsələnin müsbət həll olunması istiqamətində aidiyyatı təşkilat və rəhbərlik qarşısında məsələ qaldırması barədə müvafiq tapşırıqlarını verib.
Sakinlər onlara göstərilən yüksək diqqətə, dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bu gün onların istəyini nəzərə alıb görüşə gəldiyinə və məsələnin həlli ilə bağlı verdiyi tapşırıqlara görə rayon rəhbərinə təşəkkürlərini çatdırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş