Qazaxda icra başçısı Böyük Vətən Müharibəsi iştirakçılarını və uzunömürlü sakinləri bu dəfə də unutmadı
113 yaşlı Kəmərli kənd sakini Səyalı Nəbiyeva
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla, Qazax Rayon İcra Hakimiyyəti və "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən aztəminatlı ailələrə dəstək olmaq məqsədilə Qazaxda "Biz birlikdə güclüyük!” devizi altında başlanılan xeyriyyə kampaniyası davam etdirilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışı əsasında dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə reallaşan aksiya gündən-günə daha geniş miqyas alır. Əsas məqsədi karantin rejimi dövründə aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan insanlara dəstək olmaq, bu təşəbbüsə qoşulmaq istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirmək olan bu aksiya cəmiyyət tərəfindən də böyük rəğbətlə qarşılanır.
Fəaliyyətə başladığı ilk gündən Qazaxda vətəndaş amilini daim ön plana çəkən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda yaşayan Böyük Vətən Müharibəsi (BVM) iştirakçılarını və ömrünün ahıl çağlarını yaşayan uzunömürlü sakinləri də daim diqqətdə saxlayır. Bütün əlamətdar günlərdə, əziz bayramlarda onların hər zaman yad olunması artıq bir ənənə halını alıb.
Hər zaman olduğu kimi, onlar bu dəfə də unudulmadı. Rayon rəhbərliyinin tapşırığına əsasən Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin Gulaya Həsənova, aparatda İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Gülnar Quluyeva şəhərdə, eləcə də rayonun Kəmərli, Aşağı Salahı, Daş Salahlı, Çaylı, Aslanbəyli kəndlərində yaşayan BVM iştirakçılarının və həmin yaşlı insanların evlərində qonaq olub, onlara baş çəkib, rayon rəhbərinin səmimi ürək sözlərini çatdırıblar. İcra başçısının rayonda ömrünün ahıl çağlarını yaşayan insanlara və BVM iştirakçılarına olan səmimi münasibətindən, göstərdiyi qayğıdan danışıb, onların həmişə olduğu kimi, bundan sonra da daim diqqət mərkəzində saxlanılacaqlarını bildiriblər.
"Gənc Könüllülər”in iştirakı ilə baş tutan ziyarət zamanı 3 nəfər BVM iştirakçısına və 11 nəfər uzunömürlü sakinə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb. Həmçinin, Rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən səhhətləri yoxlanılıb, lazımi qulluq göstərilib.
Qonaqları səmimi qarşılayan Kəmərli kənd sakinləri 113 yaşlı Səyalı Nəbiyeva, 108 yaşlı Leyli İskəndərova, Aşağı Salahlı kənd sakinləri 108 yaşlı Səkinə Mirzəyeva, 100 yaşlı Qəndəf Hacıyeva, Daş Salahlı kənd sakinləri 104 yaşlı Lilpar Həsənova, 100 yaşlı Səyalı Alisgəndərova, 100 yaşlı Hava Rəhimova, 100 yaşlı Validə Vəliyeva, Çaylı kənd sakini 104 yaşlı Qaratel Bənnayeva, Aslanbəyli kənd sakini 102 yaşlı Xalsa İbrahimova və ailə üzvləri razılıqlarını bildiriblər. Onlara göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını çatdırıblar. Qeyd ediblər ki, ömrünün ahıl çağlarını yaşayan bizim kimi insanları axtarmağınız, bizimlə yaxından maraqlanmağınız, diqqət və qayğı göstərməyiniz bizi çox sevindirir. Dövlətin qayğısını rayon rəhbərliyi tərəfindən hər zaman hiss edirik ki, bugünkü ziyarət də bunun daha bir əyani sübutudur.
BVM iştirakçılarından 95 yaşlı şəhər sakini Xanqulu Süleymanov, 99 yaşlı Aşağı Əskipara kənd sakini Hümbət Alıyev və 95 yaşlı Daş Salahlı kənd sakini Abbas Şərifov da onlara göstərilən qayğıya görə razılıq ediblər. Dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışını ağsaqqal kimi yüksək qiymətləndirdiklərini vurğulayıblar. Dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını qeyd edən BVM iştirakçıları bugünkü görüşü də həmin qayğının davamı kimi qiymətləndiriblər.
Ümumiyyətlə, bu günə kimi, təkcə Qazaxda müxtəlif təbəqədən olan 5 mindən artıq ailəyə dəstək olunması bir daha onu göstərir ki, dövlət və ölkə rəhbəri, eləcə də onun ətrafında sıx birləşən insanlar hər bir ölkə vətəndaşının yanındadır. Dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışına dəstək olanların sıralarının genişlənməsi yenə də ölkəmizdəki birliyi, həmrəyliyi nümayiş etdirir.
Daş Salahlı kəndi
100 yaşlı Daş Salahlı kənd sakini Səyalı Alisgəndərova
95 yaşlı Böyük Vətən Müharibəsi iştirakçısı, Daş Salahlı kənd sakini Abbas Şərifov
Kəmərli kəndi
108 yaşlı Aşağı Salahlı kənd sakini Səkinə Mirzəyeva
100 yaşlı Aşağı Salahlı kənd sakini Qəndəf Hacıyeva
104 yaşlı Çaylı kənd sakini Qaratel Bənnayeva
102 yaşlı Aslanbəyli kənd sakini Xalsa İbrahimova
95 yaşlı Böyük Vətən Müharibəsi iştirakçısı, şəhər sakini Xanqulu Süleymanov
99 yaşlı Böyük Vətən Müharibəsi iştirakçısı, Aşağı Əskipara kənd sakini Hümbət Alıyev
GOYEZEN.AZ
Facebook-da paylaş