• Təqvim

  • Maraq



Qazaxbəyli kəndində məcburi köçkün ailələrinin məskunlaşdığı yeni qəsəbədə səyyar görüş keçirilib


Artıq 4 ilə yaxın müddətdir ki, Qazaxda istər şəhərdə, istərsə də kəndlərdə keçirilən səyyar görüşlər bir ənənəyə çevrilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən vətəndaş mövqeyini hər şeydən üstün tutması, hər zaman xalqın arasında olması, əhalini narahat edən problemləri onların dilindən eşitmək məqsədilə mütəmadi olaraq kəndlərdə səyyar görüşlər keçirməsi məhz bir amala xidmət edir ki, onun da kökündə vətəndaş amili dayanır. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən bu cür səyyar görüşlərin keçirilməsində də əsas məqsəd kəndlərdə olan mövcud çatışmazlıqları yerindəcə öyrənərək həlli istiqamətində lazımi tapşırıqlar verməkdir.

Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə yanaşı məcburi köçkün ailələrinə də daim qayğı ilə yanaşır. Onları narahat edən məsələləri yerindəcə öyrənib qayğıları ilə maraqlanır. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən də hər zaman uğurla yerinə yetirilir. Rayon rəhbərinin işğal altında olan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı ƏskiparaAşağı Əskipara kənd sakinlərinin məskunlaşdığı yeni qəsəbədə mütəmadi olaraq görüşlər keçirməsi, sakinlər tərəfindən qaldırılan hər bir məsələnin dərhal həll olunması istiqamətində tapşırıq verməsi bunu bir daha sübut edir.

Bu gün icra başçısı Rəcəb Babaşov 2020-ci ilin proqramına uyğun olaraq Qazaxbəyli kəndində salınmış həmin yeni qəsəbədə olub, orada məskunlaşmış məcburi köçkün ailələri ilə səyyar görüş keçirib. Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə 2019-cu ildə respublikamızda, eləcə də Qazaxda qazanılan uğur və nailiyyətlərdən, görülən işlərdən, qarşıda duran vəzifələrdən danışılıb.

Rayon rəhbəri kənd sakinlərini salamlayaraq 2020-ci ilin gəlişi münasibətilə səmimi arzularını çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin sakinlərin qayğılarını dinləmək, onlar tərəfindən qaldırılan məsələlərin, səslənən fikirlərin həlli istiqamətində əməli işlər görmək olduğunu bildirib. Bundan əlavə, vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu vurğulayıb.

Ölkə başçısının növbəti dəfə Prezident seçildikdən sonra yürütdüyü məqsədyönlü dövlət siyasətindən, son vaxtlar dövlət məmurları, vətəndaş-məmur münasibətləri haqqında söylədiyi fikirlərdən, apardığı iqtisadi və kadr islahatlarından, vətəndaşlara göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri sadalananların birbaşa xalqa xidmət edən əsas amillər olduğunu qeyd edib. İcra başçısı fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkə başçısının çıxışında ölkəmizin qazandığı nailiyyətlərin geniş şəkildə öz əksini tapdığını bildirib. Rayon rəhbəri buna misal olaraq əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində imzaladığı çoxsaylı Fərman və Sərəncamları, istər ölkə başçısının, istərsə də Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısını göstərib. Qeyd edib ki, Respublika Prezidenti tərəfindən istər ötən ilin sonları, istərsə də 2019-cu ildə həyata keçirilən iqtisadi islahatlar bir daha sübut etdi ki, Azərbaycanda yürüdülən məqsədyönlü dövlət siyasətinin mərkəzində hər zaman ölkə vətəndaşı dayanır və bundan sonra da dayanacaq. Ölkə rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini bildirib. 2019-cu ilin 18 iyununda imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər kimi dəyərləndirib. Xüsusilə də problemli kreditərin həlli ilə bağlı imzalanan Fərmanı, ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini atılan ən humanist addım kimi qeyd edib.

2016-2019-cu illərdə rayonda görülən işləri müqayisə edən icra başçısı Respublika Prezidentinin diqqət və qayğısı sayəsində abadlıq və quruculuğun hər il daha geniş vüsət aldığını söyləyib. Rayon rəhbəri Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini,  "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını rayonda işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib. Ən əsası da rayon üçün böyük əhəmiyyət daşıyan layihələrdən birinin - 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisinin başa çatdırılmasını 2019-cu ilin uğuru kimi qeyd edib. Eyni zamanda böyük layihələr hesab edilən su və kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişlərinin uğurla davam etdirildiyini bildirib.


Rayon rəhbəri 2019-cu ilin məktəb tikintisi baxımından da yaddaqalan olduğunu, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını rayonda təhsilin inkişafına olan dövlət qayğısı kimi qeyd edib. İlin əvvəlində S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, daha sonra Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulmasını, yenə də Fond tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın tikilməsini, Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbin tikintisini gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi göstərib. 

İcra başçısı rayonda azyaşlı körpələrə göstərilən qayğının, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitin 2019-cu ildə də daim diqqət mərkəzində saxlanıldığını söyləyib. 2019-cu ilin əvvəlində 90 yerlik şəhər 6 saylı körpələr evi-uşaq bağçasının və may ayında Qazaxbəyli kənd uşaq bağçasının istifadəyə verilməsini bu sahədə görülən işlərin davamı kimi qeyd edib. Ümumiyyətlə, bu gün rayon üzrə mövcud olan 25 bağçadan 21-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını vurğulayıb. Qeyd edib ki, həmin təmirli uşaq bağçalarından biri də Aşağı Əskipara körpələr evi-uşaq bağçasıdır ki, burada uşaqlar üçün hər cür şərait yaradılıb.

Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışan icra başıçısı bu qayğının Qazaxda da daim hiss olunduğunu bildirib. Bu gün rayonda Qarabağ müharibəsi əlili və şəhid ailəsi olaraq 192 nəfərin ev növbəsində olduğunu, bu il 35 nəfər üçün ev tikintisinin nəzərdə tutulduğunu qeyd edib. İcra başçısı bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da məcburi köçkün ailələrinin dövlətin və dövlət başçısının qayğısını hər zaman hiss etdiklərini bildirib. Rayonun işğal altında olan kəndlərinin sakinlərinin də Respublika Prezidentinin diqqət və qayğısı ilə tam əhatə olunduqlarını çatdırıb. Rayonun Qazaxbəyli kəndində 304 məcburi köçkün ailəsi üçün salınmış və bütün infrastukturlarla tam təmin olunmuş yeni qəsəbədə yaradılan yüksək şəraiti sakinlərə olan diqqət və qayğının əyani təzahürü kimi qiymətləndirib. İcra başçısı digər məcburi köçkün ailələri üçün də bu qəsəbədə yeni binaların inşa olunmasının nəzərdə tutulduğunu bildirib.

Rayon rəhbəri  uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdirildiyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında ölkə Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazıldığını qeyd edib. İcra başçısı qeyd edib ki, bu gün rayonda 190-dan artıq subartezian quyusu fəaliyyət göstərir ki, bunun da 60-dan çoxu son 3 ildə istifadəyə verilib. Dövlət Proqramında suabartezian quyuları ilə bağlı bəndin salındığını qeyd edən rayon rəhbəri bu işlərin 2020-ci ildə də davam etdiriləcəyini vurğulayıb. İcra başçısı qeyd edib ki, Qazax rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında Respublika Prezidentinin 4 fevral 2020-ci il tarixli Sərəncamı bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. İcra başçısı həmin Sərəncama əsasən Ağköynək, Aslanbəyli, Aşağı Salahlı, Cəfərli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Xanlıqlar, Kəmərli, Kosalar, Qarapapaq, Qaymaqlı, Orta SalahlıÜrkməzli kəndləri üzrə 14 yaşayış məntəqəsinin hər birində 1 ədəd subartezian quyusunun qazılmasını kənd sakinlərinin içməli və suvarma suyuna olan tələbatının yaxşılaşdırılması kimi qiymətləndirib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və qazla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli  kəndlərində SİP kabelləşmənin 100 faiz başa çatdığını qeyd edib. Rayon rəhbəri Dövlət Proqramında əksini tapan məsələlərdən birinin də məhz SİP kabelləşmə olduğunu vurğulayıb. Rayonda, eləcə də digər kəndlərdə SİP kabelləşmənin tam başa çatdırılacağını bildirib.

Aşağı Əskipara kənd sakinləri Hümbət Alıyev, İslam Şəmilov, Xavər Mehdiyeva, Nazlı Həsənova, Abbas Həsənov, Vəli Şəmilov, Yuxarı Əskipara kənd sakini ağsaqqal Nüsrəddin Hacıyev, Bağanıs Ayrım kənd sakini Arif Musayev, Barxudarlı kənd sakini Reyhan İsmayılova, Aşağı Əskipara körpələr evi-uşaq bağçasının müdiri Şəfiqə Mustafayeva çıxış edərək respublikamızda və Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Son illər Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını diqqətə çatdırıblar. Qeyd ediblər ki, sizin hər dəfə biz məcburi köçkünlərlə görüşməyiniz bizi çox sevindirir. Biz sizə rayon rəhbəri kimi deyil, bir ailə başçısı kimi müraciət edirik. Çünki siz bu qəsəbənin daimi sakinisiniz. Bu gün biz Prezidentimiz İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşuq. Bizim üçün salınmış bu qəsəbədə hər cür şərait yaradılıb.

Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışan sakinlər Vətən fədailərinin əziz xatirəsinin rayonda hər zaman uca zirvədə tutulduğunu, Vətən sevgisinin, vətənpərvərlik duyğusunun, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd ediblər. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşıldığını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsini bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıblar. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildiriblər.

Çıxış edənlər qeyd ediblər ki, dövlətimiz tərəfindən bizlərə, eləcə də sərhəd bölgəsində yaşayan sakinlərə göstərilən bu qayğı bizi bir daha əmin edir ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində tezliklə işğal olunmuş bütün torpaqlarımız, o cümlədən də Qazaxın işğal altında olan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı ƏskiparaAşağı Əskipara kəndləri azad ediləcək və biz öz ata-baba yurdumuza qayıdacağıq. 

Rayon rəhbərliyi tərəfindən daim qayğı ilə əhatə olunduqlarını qeyd edən məcburi köçkünlər yaradılan şəraitə, göstərilən diqqətə görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə bütün məcburi köçkün ailələri adından bir daha minnətdarlıqlarını bildiriblər.

Onlarla mütəmadi olaraq keçirilən səyyar görüşləri yüksək qiymətləndirən sakinlər minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən işlə təmin olunma, qəsəbənin girişində dayanacağın və piyada keçidini bildirən nişanın qoyulması və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə mütləq şəkildə diqqətlə baxılacağını bildirib.

Sonra Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aşağı Əskipara körpələr evi-uşaq bağçasında olub, uşaqlara göstərilən xidmətlə, diqqət və qayğı ilə maraqlanıb.














 

GOYEZEN.AZ



Facebook-da paylaş