• Təqvim

  • Maraq



Xanlıqlar kənd İƏD-si üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib


Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Xanlıqlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində keçirilən hesabat yığıncağında 2019-cu ildə görülmüş işlər müzakirə olunub və 2020-ci ildə qarşıda duran vəzifələrdən danışılıb.

Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbdə keçirilən hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Yığıncağı aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq kənd sakinlərini salamlayıb, yeni ilin qədəm qoyması ilə əlaqədar səmimi arzularını çatdırıb, ən xoş ürək sözlərini bildirib. Qeyd edib ki, hər il olduğu kimi yola saldığımız 2019-cu il ölkəmiz və xalqımız üçün uğurlu bir il olmuşdur. Rayon rəhbəri qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin olduğu Azərbaycanın ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında həyatın bütün sahələrində yeni nailiyyətlərə imza ataraq qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədiyini bildirib. İcra başçısı qeyd edib ki, yanvarın 13-də cənab Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı ölkə başçısının söylədiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycan gündən-günə inkişaf edir. Müşavirədə ölkə başçısı 2019-cu il ərzində Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır. Ölkə başçısı öz çıxışında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu bildirmişdir.

İcra başçısı respublikamızda olan inkişafın bölgələrimizdə də davam etdiyini, o cümlədən Qazaxda bütün sahələrdə uğurlu nəticələrin əldə olunduğunu qeyd edib. Bildirib ki, bu gün rayonda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. Bunu istər sosial obyektlərin inşasında, istər kənd təsərrüfatının inkişafında, istərsə də təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas verir. Rayonda barama, tütün, kartof və taxıl sahələrindən götürdüyümüz bol məhsuldarlıq sayəsində deyə bilərik ki, 2019-cu il kənd təsərrüfatı sahəsində məhsuldar bir il olmuşdur.

2016-2019-cu illərdə rayonda aparılan abadlıq və quruculuqdan söz açan icra başçısı bu sahədə görülən işlərin ildən-ilə daha geniş vüsət aldığını vurğulayıb. 2019-cu il üçün yaddaqalan hadisələri çatdıran icra başçısı rayonda ən böyük layihələrdən biri olan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisinin yüksək səviyyədə başa çatmasını, yenə də böyük layihələr hesab edilən su və kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişlərini rayonumuz üçün əlamətdar hadisə kimi qeyd edib.

Respublikamızda, eləcə də bölgələrimizdə təhsilin inkişafı üçün görülən məqsədyönlü işlərdən danışan icra başçısı Qazaxda "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edildiyini bildirib. İlin əvvəlində964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, daha sonra "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını, Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı tikintisini, 220 şagird yerlik Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın inşa olunmasını, Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbi üçün yeni binanın tikilməsini gələcəyimiz olan uşaqlara, eləcə də təhsil sahəsinə olan diqqət və qayğı kimi qeyd edib.

Bağçalarda aparılan əsaslı yenidənqurma işlərindən söz açan icra başçısı yola saldığımız 2019-cu ilin bu sahədə əlamətdar olduğunu qeyd edib. 2019-cu ilin əvvəlində 90 yerlik şəhər 6 saylı körpələr evi-uşaq bağçasının və may ayında Qazaxbəyli kənd uşaq bağçasının istifadəyə verilməsini bu sahədə görülən işlərin davamı kimi göstərib. Vurğulayıb ki, beləliklə, son 3 ildə rayon üzrə olan 25 bağçadan 21-i müasir standartlara cavab verən səviyyəyə çatdırılıb ki, həmin təmirli bağçalardan biri də məhz Xanlıqlar kəndindədir. 

Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən gənclər siyasətinin uğurla davam etdirildiyini qeyd edən icra başçısı ölkəmizdə gənclərin inkişaf etməsi üçün hər cür imkan və şərait yaradıldığını bildirib. Respublika Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili” elan edilməsini həmin uğurlu siyasətin və gənclərə olan qayğının bariz nümunəsi kimi qeyd edib.

Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdirildiyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazıldığını qeyd edib. Son 3 ildə rayonda 60-dan artıq subartezian quyusunun qazıldığını, bu işlərin 2020-ci ildə də davam etdiriləcəyini və Xanlıqlar kəndində də nəzərdə tutulacağını vurğulayıb.

Hesabat yığıncağında erkən nikahlarla, eləcə yeni ailə quran gənclərin nikaha daxil olması ilə əlaqədar olan məsələlərdən, narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı istər maarifləndirmə işinin yüksək səviyyədə təşkil olunmasını, istərsə də ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək xüsusi diqqət ayırmalarını bildirib.

İcra başçısı Xanlıqlar kəndində mövcud olan problemlərdən də söz açıb. Rayon rəhbəri kənddə SİP kabelləşmənin aparılması, kənd uşaq bağçasında əlavə qrupun yaradılması, torpaq məcralı arxların beton üzlüyə alınması, kənddə 100-dən çox yaşayış evinin 35 kv-luq yüksək gərginlikli elektrik xəttinin altında yerləşməsi və s. məsələləri bildirib. Qeyd edilən məsələlərinköklü şəkildə həll olunması üçün "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına salındığını vurğulayıb.

Xanlıqlar kənd İƏD-si üzrə nümayəndə Xasay Balayev hesabat məruzəsi ilə çıxış edərək ötən ilin Qazax rayonu üçün uğurlu olduğunu bildirib. Qeyd edib ki, son illər respublikamızın həyatı yaddaqalan tarixi hadisələrlə zəngin olmuşdur. Bu nailiyyətlər ölkə başçısının uzaqgörən, məqsədyönlü daxili və xarici siyasətindən irəli gəlir. Ölkəmiz 2019-cu ildə həm daxili, həm də xarici siyasətində bir çox uğurlara imza atmışdır. Müstəqil Azərbaycan dövlətinin gündən-günə inkişaf etməsi, dünya dövlətləri sırasında qabaqcıl yer tutması və suveren bir dövlət kimi dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi bütün bunların bariz nümunəsidir. İcra nümayəndəsi qeyd edib ki, ötən il rayonumuz, o cümlədən Xanlıqlar kəndi üçün də uğurlu olmuşdur.

Kənd haqqında məlumat verən icra nümayəndəsi bildirib ki, Xanlıqlar kəndinin əsası XVII əsrə təsadüf edir. Əvvəllər "Baba Dərviş”, İmperiya dövrünədək "Xanlıqlar”, Sovet hakimiyyəti dövründə "Musaköy”, müstəqillik qazandıqdan sonra isə yenidən "Xanlıqlar" adlandırılan kənd Qərbdən 29 km Ermənistanla həmsərhəddir. Hazırda Xanlıqlar kəndində 3647 nəfər əhali yaşayır ki, bunlar da 935 təsərrüfatda cəmləşir. 2019-cu ildə Xanlıqlar kəndində 6 nikah, 35 doğum, 19 ölüm qeydə alınmışdır.

Kəndin ümumi ərazisi 3805 hektardır. Həyətyanı və tikililər altında olan torpaq sahəsi 141 hektardır. Kənddə aparılan torpaq islahatı nəticəsində torpaqların 457 hektarı dövlət mülkiyyətinə, 2285 hektarı bələdiyyə mülkiyyətinə, 873 hektarı isə 840 ailəyə pay torpağı kimi verilmişdir. Xanlıqlar kənd əhalisi əsasən əkinçilik və heyvandarlıq məhsullarının istehsalı ilə məşğuldur. Torpaq islahatından sonra əhalinin güzəranı yaxşılaşmış, bir çox sahələrdə: yaşayış evlərinin tikintisində, şəxsi mal-qaranın sayında bu və ya digər sahələrdə əvvəlki illərə nisbətən irəliləyişə nail olunmuşdur. 2019-cu təsərrüfat ilində əkinçilərimiz 510 hektarda payızlıq taxıl, 25 hektarda qarğıdalı, 120 hektarda kartof, 231 hektarda yonca, 65 hektarda tərəvəz əkib becərmişlər. Ölkə Prezidentinin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində yerlərdə kənd təsərrüfatı məhsulları istehsalçıları güzəştli şərtlərlə yanacaq, motor yağları, mineral gübrələr və kənd təsərrüfatı texnikaları ilə təmin olunmuşlar. Kənd ərazisində kənd təsərrüfatı texnikalarının kifayət qədər olması və əvvəlki illərə nisbətən suvarma suyunun səmərəli verilməsi nəticəsində ötən il daha çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. 2019-cu təsərrüfat ilində 1917,6 ton buğda, 177,8 ton arpa istehsal edilmişdir. 2019-cu ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına əkin aparılmış 716,44 hektar sahə üçün 423 vətəndaşa kart vasitəsilə 50744 manat yardım verilmiş, ehtiyacı olanlara 70 faiz güzəştlə mineral gübrələr satılmışdır. Ölkəmizdə postneft dövrünün başa çatdığına görə ölkə prezidenti İlham Əliyevin kənd təsərüfatına ayırdığı diqqət və qayğı nəticəsində Xanlıqlar kəndində baramaçılığın və digər sahələrin inkişafına xüsusi diqqət yetirilmişdir. Hesabat ili ərzində 480 kq barama, 5100 kq tütün məhsulu yetişdirilərək aidiyyatı üzrə təhvil verilmişdir. Əhalidə olan mal-qaranın cins tərkibi yaxşılaşdırılmaqla sayı ildən-ilə artır. 01.01.2020-ci il tarixə kənd əhalisinin 1765 baş iribuynuzlu mal-qarası, 5540 baş qoyun-keçisi, 17450 ev quşları sayılaraq qeydə alınmışdır. Qarayara, quduzluq, dabaq xəstəliklərinə qarşı rayon Baytarlıq İdarəsinin Xanlıqlar kənd sahə həkimləri tərəfindən dövlət vəsaiti hesabına pulsuz profilaktiki tədbirlər aparılmış və daim nəzarət altında saxlanılır. Hesabat ilində kənd əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması  istiqamətində də bir sıra məqsədyönlü işlər görülmüşdür. Əhalinin özünüməşğulluq proqramının yerinə yetirilməsi məqsədilə Xanlıqlar kəndində yaşayan 10-dan çox ailəyə iri və xırdabuynuzlu heyvanlar verilmişdir. Bundan başqa, arıçılığın inkişaf etdirilməsi üçün arı ailələrinə verilən subsidiya Xanlıqlar kəndində arı saxlayanların sayını artırmış, ötən ilə nisbətdə arı saxlayan təsərrüfatların sayı artaraq 35-ə çatmışdır.


Hesabat ili dövründə rayonumuzla yanaşı Xanlıqlar kəndində də bir sıra təqdirəlayiq işlər görülmüşdür. Kənd əhalisi ilə mütəmadi olaraq görüşlər keçirilmiş, onların problemləri ətraflı araşdırılmış və lazımi tədbirlər planı hazırlanaraq icrasına başlanılmışdır. Hesabat ili ərzində əhalinin qaldırdığı problemlərin bir çoxu artıq öz həllini tapmışdır. Qazax Rayon İcra Hakimiyyəti başçısının Xanlıqlar kənd İƏD-si üzrə nümayəndəliyi 2019-cu ildə öz işini Respublika Prezidentinin Fərman və Sərəncamlarından, eləcə də Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının verdiyi tapşırıqlardan irəli gələn məsələlərin həll edilməsi istiqamətində aparmağa çalışmışdır. Kənddə aparılan işin qayda və metodlarında müsbət dəyişikliklər edilmiş, əhali ilə canlı ünsiyyətə, qarşıya çıxan sosial-mədəni problemlərin həllində ictimaiyyət nümayəndələrinin yaxından iştirakına üstünlük verilmişdir. Kənddə görülməsi vacib olan məsələlər ilin əvvəlindən perspektiv iş planına daxil edilmiş, icrası kənddə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinə, maddi-məsul şəxslərə həvalə edilmişdir. Belə ki, 2019-cu ildə nümayəndəliyin iş planına vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması, əhalinin enerji daşıyıcıları ilə təmin edilməsi, kəndarası yolların təmiri, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi, hərbi çağırışın təşkili, ekologiya və sanitariya işlərinə nəzarət, əkinçilik işlərində və heyvandarlığın inkişafında əhaliyə köməklik, səhiyyə, təhsil, mədəniyyət, rabitə və ticarət müəssisələrinin fəaliyyəti, kənd ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, imkansız və kimsəsizlərə qayğı göstərmək, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması, kənd ərazisində milli və ümumi bayramların qeyd edilməsi, kənd ərazisinin, qəbiristanlıqların təmiz saxlanılması məqsədilə rayon rəhbərliyinin təşəbbüsü ilə mütəmadi iməciliklər keçirilməsi və bu kimi məsələlər daxil edilmişdir.

İcra nümayəndəsi bildirib ki, Xanlıqlar kəndi Qazax rayonunun abad kəndlərindən biridir. Kəndin daim elektrik enerjisi, mavi qaz yanacağı və içməli su ilə təmin edilməsi bunun sübutudur. Xanlıqlar kəndində həkim məntəqəsi, 612 nömrəlik EATS, "Xanlıqlar" su sexi, poçt, Qazax Peşə liseyi, "Aqrofud” MMC, "Azərcell” və "Bakcell” mobil telefon stansiyaları, 35-10 kv-luq yarımstansiya, məişət xidməti obyektləri, mağazalar, təhsil və mədəniyyət müəssisələri fəaliyyət göstərir. Bu müəssisə və obyektlərdə yüzlərlə kənd sakini işləyir, öz maddi ehtiyaclarını ödəyir və xalqın xidmətində dururlar. Xanlıqlar kənd kitabxanasının binası qəzalı vəziyyətdə olduğundan kitabxana tərəfimizdən yeni binaya köçürülmüş, təmir edilərək oxucuların istifadəsinə verilmişdir.

Xanlıqlar kəndinin əhalisinin maddi rifah halının yaxşılaşdırılmasında və kəndin abadlaşdırılmasında nümayəndəlik öz işini bələdiyyə ilə birgə qurmuş, elektrik transformatorlarının, subartezian quyularının daim işləməsini, içməli su xəttinin, təbii bulaqların dayanıqlığını, kəndarası yolların 7 km-ə yaxın hissəsinin təmir olunmasını təmin etmişdir.

Kənddə yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, imkansız və kimsəsizlərə keçirilən bayram tədbirlərində maddi və mənəvi köməkliklər göstərilmişdir. 2 nəfər Qarabağ əlili pulsuz həyətyanı torpaq sahəsi ilə təmin edilmişdir. Bununla yanaşı kənddə 1 ədəd artezian quyusu qazılaraq istifadəyə verilmişdir. Ötən ildə qazılmış artezian quyusunun yanında sakinlərin istifadəsi üçün Xanlıqlar bələdiyyəsinin hesabına hündürlüyü 14 metr, tutumu 15 ton olan su çəni quraşdırılmışdır. Həmin su çənindən uzunluğu 2 km-ə yaxın, diametri 60 mm olan plastik su boruları çəkilərək əhalinin istifadəsinə verilmişdir. Kəndin əsas içməli su mənbəyi olan "Bayramov” su xəttinin üzərində təmir işləri aparılmışdır. Bu təmir nəticəsində içməli su ilə kəndin 80 faizi təmin edilir. Bundan başqa, Xanlıqlar bələdiyyəsi tərəfindən "Karqaya" bulağının da borularında təmir-bərpa işləri aparılmış, 300 metr boru xətti yenisi ilə əvəz olunaraq suyun kəndə gəlməsi təmin edilmişdir. Həmin bulaqda yeni su anbarı tikilmiş son tamamlanma işləri gedir. Bundan başqa, kəndin "Həməşəlilər” məhləsində "Faxralı" arxının üstündə olan körpü yenidən qurulmuşdur.

Ümummilli Lider Heydər Əliyevin "Təhsil millətin gələcəyidir” deməsi əbəs yerə söylənilməmişdir. Hər bir xalqın gələcəyi onun təhsilindən, təhsilə göstərilən diqqət və qayğıdan asılıdır. Belə ki, kənd ərazisində bir Peşə liseyi, bir tam orta məktəb, bir əsas ümumtəhsil məktəbi və bir körpələr evi-uşaq bağçası fəaliyyət göstərir.

Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində 359 nəfər şagird təhsil alır ki, bunların da təlim-tərbiyəsi ilə 49 nəfər müəllim və 22 texniki işçi məşğul olur. 2019-cu ildə məktəbi 19 şagird bitirmişdir. Onların hamısı attestat almış, 8 nəfər ali, 7 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşlar. Ali məktəblərə qəbul olmuş 8 şagirddən 1 nəfər Əliyev Vəli Vüqar oğlu 569 bal, 1 nəfər Omarov Kamil Cahid oğlu 556 bal, 1 nəfər Kərimova Ülkər Sabir qızı 478 bal toplamışlar. 5 nəfər tələbə 350 baldan yuxarı nəticə göstərmişdir. 2008-ci ilin qışında güclü şaxtalar zamanı sıradan çıxmış məktəbin istilik sisteminin əsaslı təmir olunma məsələsi hesabat ilində qaldırılmışdı. Bu gün artıq həmin məsələ öz həllini tapmaq üzrədir. Orta məktəbin istilik sistemi qismən bərpa olunmuşdur. Qaz xəttinin çəkilməsi, istilik sisteminin qaz xəttinə keçməsinin yaxın günlərdə təmin olunması üçün Təhsil Nazirliyi qarşısında məsələ qaldırılmışdır. Bununla yanaşı məktəbin elektrik sisteminin əsaslı təmirinə ehtiyac vardır.

A.Mikayılov adına əsas ümumtəhsil məktəbində isə 82 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 23 nəfər müəllim heyəti, 12 nəfər texniki işçi məşğul olur. Dərsə davamiyyət 91-92% səviyyəsindədir.

Xanlıqlar kənd körpələr evi-uşaq bağçasında 55 uşağın təlim-tərbiyəsi ilə 21 nəfər müəllim və texniki işçi məşğul olur. 2017–ci ildə bağça rayon rəhbərliyi tərəfindən əsaslı təmir olunduqdan sonra valideynlərin bağçaya marağı daha da artmış 55 uşaq bağçada olduğu halda 50 nəfər uşaq da növbəyə alınmışdır. Ona görə də bir əlavə qrupun açılmasına ehtiyac yaranmışdır. Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində kənddə bir çox işlər görülmüşdür. Nümayəndəlik SHXÇDX-nin Qazax rayon Şöbəsi ilə daim əlaqədədir. Hərbi xidmətə çağırışçıların həqiqi hərbi xidmətə göndərilməsi mütəmadi olaraq təmin edilmiş, kənd sakinləri arasında hərbi xidmətdən yayınma halları qeydə alınmamışdır. 2019-cu ildə təlim məqsədilə səfərbərlik elan edilmiş Xanlıqlar kəndindən 8 nəfər müxtəlif komandalara əsasən vaxtında SHXÇDX-nin Qazax rayon şöbəsinə gəlmələri tam təmin edilmişdir.

Xanlıqlar kəndində fəaliyyət göstərən həkim məntəqəsi 2018-ci ildə əsaslı təmir olunduqdan sonra kənd sakinlərinin sağlamlığının mühafizəsində öz müsbət təsirini göstərmişdir. Xanlıqlar kəndində vəfat edən 19 nəfərin əksəriyyəti yaşlı nəslin nümayəndələri olmuşdur. Bundan başqa, kənd həkim  məntəqəsində fəaliyyət göstərən həkim personalı daim uşaqlar arasında müxtəlif peyvənd  işləri aparmış, onların sağlamlığının qorunmasını diqqətdə saxlamışlar. Hamilə qadınların daim nəzarətdə saxlanılması nəticəsində 2019-cu ildə 56 nəfər sağlam doğum olmuş, uşaq ölümünün qarşısı alınmışdır. Bir sözlə, dövlətin səhiyyə sahəsinə olan diqqət və qayğısı əhalimizin sağlamlığına tam zəmanət verir.

Xanlıqlar kənd poçt şöbəsi də əhalidən toplanan enerji daşıyıcılarının haqlarının vaxtında yığılıb təhvil verilməsini və əhali tərəfindən göndərilən və əhaliyə gələn məktub, banderol və digər göndərişlərin vaxtında sahiblərinə çatdırılmasını təmin etmişdir. Xanlıqlar kəndində yeni poçt binasının tikintisi üçün tərəfimizdən yer ayrılmışdır.

Respublikamızın dinamik inkişafında, xalqın sosial rifahının yaxşılaşdırılmasında enerji daşıyıcılarının rolu əvəzsizdir. Xanlıqlar kəndində bu sahədə çox işlər görülmüşdür. Əhaliyə 24 saat fasiləsiz elektrik enerjisi və mavi qaz yanacağı verilir, sərfiyyat pulları vaxtında toplanıb ödənilir. Lakin kəndin 100-dən çox yaşayış evinin 35 kv-luq elektrik xəttinin altında yerləşməsi kənd əhalisinin haqlı narahatlığına səbəb olur. Bunun üçün də rayon rəhbərliyi müvafiq orqanlar qarşısında məsələ qaldırmış və Dövlət Proqramına salınmşdır. Bundan başqa, Xanlıqlar kəndində yeni salınmış yaşayış massivlərinə elektrik, qaz xəttinin çəkilməsinə və telefon dirəklərinin, kabellərin dəyişdiriləsinə ehtiyac vardır. Xanlıqlar kəndində SİP kabelləşmənin yarımçıq qalması, kəndin mərkəzi yollarının asfaltlaşdırılması da kənd sakinlərinin qaldırdığı məsələlərdəndir.

Xanlıqlar kəndində yaşıllaşdırma işləri də davam etdirilmiş, ağacəkmə kampaniyasında Qazax "Sınıq Körpü” yolunun 1-ci km-də ötən illərdə əkilmiş 400-dən çox şam ağacı və meyvə ağaclarına tərəfimizdən qulluq edilmişdir. Bundan başqa, baramaçılığın inkişafı məqsədilə Xanlıqlar kəndinin ərazisində 1500–dən çox tut tingi əkilmişdir.

Hesabat ili ərzində Xanlıqlar kənd sakinlərinin ərizə və şikayətlərinə baxılması, onların qəbul edilərək tələb və təkliflərinin yerinə yetirilməsi sahəsində müsbət işlər görülmüşdür. İl ərzində vətəndaşlardan 10 ərizə və 19 şifahi müraciət daxil olmuşdur. Ərizələr məzmun etibarı ilə təsərrüfatdan ayrılma və sosialyönümlü müraciətlərdən ibarətdir. Şifahi müraciətlərin əksəriyyəti isə torpaq sərhədləri, yol, suvarma suyu və qonşu münasibətləri ilə əlaqədar olan məsələlərdir. Həmin şifahi müraciətlər və verilmiş ərizələr vətəndaş müraciət etdiyi gündən dərhal sonra münaqişəli tərəflərin birgə iştirakı ilə yerində həll edilmiş, tərəflər razı salınaraq işin mahiyyəti onlara izah edilmişdir. İl ərzində nümayəndəliyə yuxarı təşkilatlardan 34 ədəd məktub, qərar və sərəncam daxil olmuşdur. Məktublara aidiyyatı olaraq cavab verilmiş, qərar və sərəncamların icrası üçün isə lazımi tədbirlər görülmüşdür. 2019-cu ildə icra nümayəndəliyində 13 kabinet iclası keçirilmiş, həmin iclaslarda 24 məsələ müzakirə olunmuşdur.

Ümummilli Lider Heydər Əliyevin "Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, müharibə veteranlarına hörmət etmək, onların problemlərini həll etmək hər bir namuslu Azərbaycan  vətəndaşının və dövlət məmurunun borcudur " tövsiyəsini əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax rayonunda, o cümlədən  Xanlıqlar kəndində də bütün şəhid ailələri və Qarabağ əlilləri ilə bir-bir söhbətlər aparmış onların problemləri yerindəcə həll olunmuşdur.

Məruzə ətrafında çıxış edən sakinlərdən Xatın Hüseynxanova, Həqiqət Daşdəmirova, Yolçu Mustafayev, Münəvvər Məmmədova, Həsən Həsənov, Azad Məmmədov, Hüseyn Hacıyev, Natiq Çobanov hesabat ilində kənddə görülmüş işləri yüksək qiymətləndiriblər. 2019-cu ildə respublikamızda, eləcə də bölgələrimizdə görülən işlərə, əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına, əhaliyə göstərdiyi diqqət və qayğıya görə Xanlıqlar kənd camaatı adından Prezident İlham Əliyevə və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Sakinlər 2019-cu ildə Xanlıqlar kəndində həyata keçirilən abadlıq-quruculuq işlərinin yenicə qədəm qoyuduğumuz 2020-ci ildə də uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Kənddə iki dayanacaq arasında yerləşən 2 km-ə yaxın yolun asfaltlanmasını, bu gündən işlərə start verilməsini minnətdarlıq hissi ilə qarşılayıblar. Qeyd ediblər ki, yolun çəkilişinə başlanılması bir daha sübut edir ki, 2020-ci il də rayonumuz üçün quruculuq ili kimi yadda qalacaq. Sakinlər sonda yolun çəkilişinə görə bir daha ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Sakinlər kənddə 35 kv-luq elektrik hava xəttinin dəyişdirilməsi, 1 ədəd subartezian quyusunun qazılması, kənd tam orta məktəbin qazlaşdırılması və s. bağlı istəklərini də bildiriblər. Sakinlər tərəfindən qaldırılan məsələləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını qeyd edib. 









 

GOYEZEN.AZ



Facebook-da paylaş