Bu gün Qazax Rayon İcra Hakimiyyəti
başçısının Xanlıqlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində keçirilən
hesabat yığıncağında 2019-cu ildə görülmüş işlər müzakirə olunub və 2020-ci ildə
qarşıda duran vəzifələrdən danışılıb.
Ş.Şahvələdov adına Xanlıqlar kənd tam
orta məktəbdə keçirilən hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının,
idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Yığıncağı
aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə
məlumat verilib.
Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq kənd sakinlərini salamlayıb, yeni ilin qədəm qoyması ilə əlaqədar
səmimi arzularını çatdırıb, ən xoş ürək sözlərini bildirib. Qeyd edib ki, hər
il olduğu kimi yola saldığımız 2019-cu il ölkəmiz və xalqımız üçün uğurlu bir
il olmuşdur. Rayon rəhbəri qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin olduğu
Azərbaycanın ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında həyatın bütün
sahələrində yeni nailiyyətlərə imza ataraq qarşıya qoyulan hədəflərə doğru
inamla irəlilədiyini bildirib. İcra başçısı qeyd edib ki, yanvarın 13-də cənab Prezident
İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı
zamanı ölkə başçısının söylədiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycan
gündən-günə inkişaf edir. Müşavirədə ölkə başçısı 2019-cu il ərzində Azərbaycanda
həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz
münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır. Ölkə başçısı öz
çıxışında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə
dinamik inkişafın təmin olunduğunu bildirmişdir.
İcra
başçısı respublikamızda olan inkişafın bölgələrimizdə də davam etdiyini, o
cümlədən Qazaxda bütün sahələrdə uğurlu nəticələrin əldə olunduğunu qeyd edib. Bildirib ki, bu gün rayonda elə bir sahə yoxdur
ki, orada inkişaf, tərəqqi olmasın. Bunu istər sosial
obyektlərin inşasında, istər kənd təsərrüfatının inkişafında, istərsə də təhsil,
səhiyyə, mədəniyyət, idman və digər sahələrdə əldə etdiyimiz nailiyyətlər söyləməyə
əsas verir. Rayonda barama, tütün, kartof və taxıl sahələrindən götürdüyümüz
bol məhsuldarlıq sayəsində deyə bilərik ki, 2019-cu il kənd təsərrüfatı sahəsində
məhsuldar bir il olmuşdur.
2016-2019-cu illərdə
rayonda aparılan abadlıq və quruculuqdan söz açan icra başçısı bu sahədə görülən
işlərin ildən-ilə daha geniş vüsət aldığını vurğulayıb. 2019-cu il üçün
yaddaqalan hadisələri çatdıran icra başçısı rayonda ən böyük layihələrdən biri
olan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin
tikintisinin yüksək səviyyədə başa çatmasını, yenə də böyük layihələr hesab
edilən su və kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi
avtomobil yolunun çəkilişlərini rayonumuz üçün əlamətdar hadisə kimi qeyd edib.
Respublikamızda, eləcə də bölgələrimizdə təhsilin inkişafı
üçün görülən məqsədyönlü işlərdən danışan icra başçısı Qazaxda "Yeniləşən
Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edildiyini bildirib. İlin əvvəlində964 şagird yerlik S.Vurğun adına
şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə
verilməsini, daha sonra "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə
ehtiyacı olan 11 məktəbin salınmasını, Heydər Əliyev Fondu tərəfindən Xalq
yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd
tam orta məktəbin əsaslı tikintisini, 220 şagird yerlik Ş.Nəsibova adına Sarıvəlli
kənd tam orta məktəb üçün yeni binanın inşa olunmasını, Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbi üçün yeni binanın tikilməsini
gələcəyimiz olan uşaqlara, eləcə də təhsil sahəsinə olan diqqət və qayğı kimi
qeyd edib.
Bağçalarda aparılan əsaslı
yenidənqurma işlərindən söz açan icra başçısı yola saldığımız 2019-cu ilin bu
sahədə əlamətdar olduğunu qeyd edib. 2019-cu ilin əvvəlində 90
yerlik şəhər 6 saylı körpələr evi-uşaq bağçasının və may ayında Qazaxbəyli
kənd uşaq bağçasının istifadəyə verilməsini bu sahədə görülən işlərin davamı kimi
göstərib. Vurğulayıb ki, beləliklə, son 3 ildə rayon üzrə olan 25 bağçadan
21-i müasir standartlara cavab verən səviyyəyə çatdırılıb ki, həmin təmirli bağçalardan
biri də məhz Xanlıqlar kəndindədir.
Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyeva tərəfindən gənclər siyasətinin uğurla davam etdirildiyini qeyd
edən icra başçısı ölkəmizdə gənclərin inkişaf etməsi üçün hər cür imkan və şərait
yaradıldığını bildirib. Respublika Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı
ilə 2020-ci ilin "Könüllülər ili” elan edilməsini həmin uğurlu siyasətin və
gənclərə olan qayğının bariz nümunəsi kimi qeyd edib.
Əvvəlki illərdə rayonda suvarma
ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması
sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu
ildə də davam etdirildiyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə
təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə
dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu
il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi
dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı,
Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının
qazıldığını qeyd edib. Son 3 ildə rayonda 60-dan artıq subartezian
quyusunun qazıldığını, bu işlərin 2020-ci ildə də davam etdiriləcəyini və
Xanlıqlar kəndində də nəzərdə tutulacağını vurğulayıb.
Hesabat yığıncağında erkən nikahlarla, eləcə yeni ailə quran
gənclərin nikaha daxil olması ilə əlaqədar olan məsələlərdən, narkomaniya ilə
mübarizə sahəsində görülən işlərdən söhbət açan rayon rəhbəri bu mövzu ilə
bağlı istər maarifləndirmə işinin yüksək səviyyədə təşkil olunmasını, istərsə
də ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət
bildirərək xüsusi diqqət ayırmalarını bildirib.
İcra başçısı Xanlıqlar
kəndində mövcud olan problemlərdən də söz açıb. Rayon rəhbəri kənddə SİP kabelləşmənin
aparılması, kənd uşaq bağçasında əlavə qrupun yaradılması, torpaq məcralı
arxların beton üzlüyə alınması, kənddə 100-dən çox yaşayış evinin 35 kv-luq yüksək gərginlikli
elektrik xəttinin altında yerləşməsi və s. məsələləri bildirib. Qeyd edilən məsələlərinköklü şəkildə həll olunması üçün "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına
salındığını vurğulayıb.
Xanlıqlar kənd İƏD-si üzrə nümayəndə Xasay
Balayev hesabat məruzəsi ilə çıxış edərək ötən ilin Qazax rayonu üçün uğurlu olduğunu
bildirib. Qeyd edib ki, son illər respublikamızın həyatı yaddaqalan tarixi
hadisələrlə zəngin olmuşdur. Bu nailiyyətlər ölkə başçısının uzaqgörən, məqsədyönlü
daxili və xarici siyasətindən irəli gəlir. Ölkəmiz 2019-cu ildə həm daxili, həm
də xarici siyasətində bir çox uğurlara imza atmışdır. Müstəqil Azərbaycan dövlətinin
gündən-günə inkişaf etməsi, dünya dövlətləri sırasında qabaqcıl yer tutması və
suveren bir dövlət kimi dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi bütün
bunların bariz nümunəsidir. İcra nümayəndəsi qeyd edib ki, ötən il rayonumuz, o
cümlədən Xanlıqlar kəndi üçün də uğurlu olmuşdur.
Kənd haqqında məlumat verən icra nümayəndəsi
bildirib ki, Xanlıqlar kəndinin əsası XVII əsrə təsadüf
edir. Əvvəllər "Baba Dərviş”, İmperiya dövrünədək "Xanlıqlar”, Sovet hakimiyyəti
dövründə "Musaköy”, müstəqillik qazandıqdan sonra isə yenidən "Xanlıqlar"
adlandırılan kənd Qərbdən 29 km Ermənistanla həmsərhəddir. Hazırda Xanlıqlar kəndində
3647 nəfər əhali yaşayır ki, bunlar da 935 təsərrüfatda cəmləşir. 2019-cu ildə
Xanlıqlar kəndində 6 nikah, 35 doğum, 19 ölüm qeydə alınmışdır.
Kəndin ümumi ərazisi 3805 hektardır. Həyətyanı
və tikililər altında olan torpaq sahəsi 141 hektardır. Kənddə aparılan torpaq
islahatı nəticəsində torpaqların 457 hektarı dövlət mülkiyyətinə, 2285 hektarı
bələdiyyə mülkiyyətinə, 873 hektarı isə 840 ailəyə pay torpağı kimi
verilmişdir. Xanlıqlar kənd əhalisi əsasən əkinçilik və heyvandarlıq məhsullarının
istehsalı ilə məşğuldur. Torpaq islahatından sonra əhalinin güzəranı
yaxşılaşmış, bir çox sahələrdə: yaşayış evlərinin tikintisində, şəxsi
mal-qaranın sayında bu və ya digər sahələrdə əvvəlki illərə nisbətən irəliləyişə
nail olunmuşdur. 2019-cu təsərrüfat ilində əkinçilərimiz 510 hektarda payızlıq
taxıl, 25 hektarda qarğıdalı, 120 hektarda kartof, 231 hektarda yonca, 65
hektarda tərəvəz əkib becərmişlər. Ölkə Prezidentinin kənd təsərrüfatının
inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində yerlərdə kənd təsərrüfatı
məhsulları istehsalçıları güzəştli şərtlərlə yanacaq, motor yağları, mineral
gübrələr və kənd təsərrüfatı texnikaları ilə təmin olunmuşlar. Kənd ərazisində
kənd təsərrüfatı texnikalarının kifayət qədər olması və əvvəlki illərə nisbətən
suvarma suyunun səmərəli verilməsi nəticəsində ötən il daha çox kənd təsərrüfatı
məhsulları istehsal olunmuşdur. 2019-cu təsərrüfat ilində 1917,6 ton buğda,
177,8 ton arpa istehsal edilmişdir. 2019-cu ildə kənd təsərrüfatı məhsullarının
istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və
motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına əkin aparılmış 716,44
hektar sahə üçün 423 vətəndaşa kart vasitəsilə 50744 manat yardım verilmiş,
ehtiyacı olanlara 70 faiz güzəştlə mineral gübrələr satılmışdır. Ölkəmizdə postneft
dövrünün başa çatdığına görə ölkə prezidenti İlham Əliyevin kənd təsərüfatına
ayırdığı diqqət və qayğı nəticəsində Xanlıqlar kəndində baramaçılığın və digər
sahələrin inkişafına xüsusi diqqət yetirilmişdir. Hesabat ili ərzində 480 kq
barama, 5100 kq tütün məhsulu yetişdirilərək aidiyyatı üzrə təhvil verilmişdir.
Əhalidə olan mal-qaranın cins tərkibi yaxşılaşdırılmaqla sayı ildən-ilə artır.
01.01.2020-ci il tarixə kənd əhalisinin 1765 baş iribuynuzlu mal-qarası, 5540
baş qoyun-keçisi, 17450 ev quşları sayılaraq qeydə alınmışdır. Qarayara,
quduzluq, dabaq xəstəliklərinə qarşı rayon Baytarlıq İdarəsinin Xanlıqlar kənd
sahə həkimləri tərəfindən dövlət vəsaiti hesabına pulsuz profilaktiki tədbirlər
aparılmış və daim nəzarət altında saxlanılır. Hesabat ilində kənd əhalisinin
sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması
istiqamətində də bir sıra məqsədyönlü işlər görülmüşdür. Əhalinin özünüməşğulluq
proqramının yerinə yetirilməsi məqsədilə Xanlıqlar kəndində yaşayan 10-dan çox
ailəyə iri və xırdabuynuzlu heyvanlar verilmişdir. Bundan başqa, arıçılığın
inkişaf etdirilməsi üçün arı ailələrinə verilən subsidiya Xanlıqlar kəndində
arı saxlayanların sayını artırmış, ötən ilə nisbətdə arı saxlayan təsərrüfatların
sayı artaraq 35-ə çatmışdır.
Hesabat ili dövründə rayonumuzla yanaşı
Xanlıqlar kəndində də bir sıra təqdirəlayiq işlər görülmüşdür. Kənd əhalisi ilə
mütəmadi olaraq görüşlər keçirilmiş, onların problemləri ətraflı araşdırılmış və
lazımi tədbirlər planı hazırlanaraq icrasına başlanılmışdır. Hesabat ili ərzində
əhalinin qaldırdığı problemlərin bir çoxu artıq öz həllini tapmışdır. Qazax
Rayon İcra Hakimiyyəti başçısının Xanlıqlar kənd İƏD-si üzrə nümayəndəliyi
2019-cu ildə öz işini Respublika Prezidentinin Fərman və Sərəncamlarından, eləcə
də Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının verdiyi tapşırıqlardan irəli
gələn məsələlərin həll edilməsi istiqamətində aparmağa çalışmışdır. Kənddə
aparılan işin qayda və metodlarında müsbət dəyişikliklər edilmiş, əhali ilə
canlı ünsiyyətə, qarşıya çıxan sosial-mədəni problemlərin həllində ictimaiyyət
nümayəndələrinin yaxından iştirakına üstünlük verilmişdir. Kənddə görülməsi
vacib olan məsələlər ilin əvvəlindən perspektiv iş planına daxil edilmiş,
icrası kənddə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinə,
maddi-məsul şəxslərə həvalə edilmişdir. Belə ki, 2019-cu ildə nümayəndəliyin iş
planına vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması, əhalinin enerji
daşıyıcıları ilə təmin edilməsi, kəndarası yolların təmiri, gənclərin hərbi-vətənpərvərlik
ruhunda tərbiyə edilməsi, hərbi çağırışın təşkili, ekologiya və sanitariya işlərinə
nəzarət, əkinçilik işlərində və heyvandarlığın inkişafında əhaliyə köməklik, səhiyyə,
təhsil, mədəniyyət, rabitə və ticarət müəssisələrinin fəaliyyəti, kənd ərazisində
yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, imkansız və kimsəsizlərə
qayğı göstərmək, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması, kənd ərazisində
milli və ümumi bayramların qeyd edilməsi, kənd ərazisinin, qəbiristanlıqların təmiz
saxlanılması məqsədilə rayon rəhbərliyinin təşəbbüsü ilə mütəmadi iməciliklər
keçirilməsi və bu kimi məsələlər daxil edilmişdir.
İcra nümayəndəsi bildirib ki, Xanlıqlar kəndi
Qazax rayonunun abad kəndlərindən biridir. Kəndin daim elektrik enerjisi, mavi
qaz yanacağı və içməli su ilə təmin edilməsi bunun sübutudur. Xanlıqlar kəndində
həkim məntəqəsi, 612 nömrəlik EATS, "Xanlıqlar" su sexi, poçt, Qazax
Peşə liseyi, "Aqrofud” MMC, "Azərcell” və "Bakcell” mobil telefon
stansiyaları, 35-10 kv-luq yarımstansiya, məişət xidməti obyektləri, mağazalar,
təhsil və mədəniyyət müəssisələri fəaliyyət göstərir. Bu müəssisə və obyektlərdə
yüzlərlə kənd sakini işləyir, öz maddi ehtiyaclarını ödəyir və xalqın xidmətində
dururlar. Xanlıqlar kənd kitabxanasının binası qəzalı vəziyyətdə olduğundan
kitabxana tərəfimizdən yeni binaya köçürülmüş, təmir edilərək oxucuların
istifadəsinə verilmişdir.
Xanlıqlar kəndinin əhalisinin maddi rifah
halının yaxşılaşdırılmasında və kəndin abadlaşdırılmasında nümayəndəlik öz işini
bələdiyyə ilə birgə qurmuş, elektrik transformatorlarının, subartezian quyularının daim işləməsini, içməli su
xəttinin, təbii bulaqların dayanıqlığını, kəndarası yolların 7 km-ə yaxın hissəsinin
təmir olunmasını təmin etmişdir.
Kənddə yaşayan şəhid ailələrinə, Qarabağ
müharibəsi əlillərinə, imkansız və kimsəsizlərə keçirilən bayram tədbirlərində
maddi və mənəvi köməkliklər göstərilmişdir. 2 nəfər Qarabağ əlili pulsuz həyətyanı
torpaq sahəsi ilə təmin edilmişdir. Bununla yanaşı kənddə 1 ədəd artezian quyusu
qazılaraq istifadəyə verilmişdir. Ötən ildə qazılmış artezian quyusunun yanında
sakinlərin istifadəsi üçün Xanlıqlar bələdiyyəsinin hesabına hündürlüyü 14
metr, tutumu 15 ton olan su çəni quraşdırılmışdır. Həmin su çənindən uzunluğu 2
km-ə yaxın, diametri 60 mm olan plastik su boruları çəkilərək əhalinin istifadəsinə
verilmişdir. Kəndin əsas içməli su mənbəyi olan "Bayramov” su xəttinin üzərində
təmir işləri aparılmışdır. Bu təmir nəticəsində içməli su ilə kəndin 80 faizi təmin
edilir. Bundan başqa, Xanlıqlar bələdiyyəsi tərəfindən "Karqaya" bulağının da
borularında təmir-bərpa işləri aparılmış, 300 metr boru xətti yenisi ilə əvəz
olunaraq suyun kəndə gəlməsi təmin edilmişdir. Həmin bulaqda yeni su anbarı
tikilmiş son tamamlanma işləri gedir. Bundan başqa, kəndin "Həməşəlilər” məhləsində
"Faxralı" arxının üstündə olan körpü yenidən qurulmuşdur.
Ümummilli Lider Heydər Əliyevin "Təhsil millətin
gələcəyidir” deməsi əbəs yerə söylənilməmişdir. Hər bir xalqın gələcəyi onun təhsilindən,
təhsilə göstərilən diqqət və qayğıdan asılıdır. Belə ki, kənd ərazisində bir
Peşə liseyi, bir tam orta məktəb, bir əsas ümumtəhsil məktəbi və bir körpələr
evi-uşaq bağçası fəaliyyət göstərir.
Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində
359 nəfər şagird təhsil alır ki, bunların da təlim-tərbiyəsi ilə 49 nəfər müəllim
və 22 texniki işçi məşğul olur. 2019-cu ildə məktəbi 19 şagird bitirmişdir.
Onların hamısı attestat almış, 8 nəfər ali, 7 nəfər isə orta ixtisas məktəblərinə
daxil olmuşlar. Ali məktəblərə qəbul olmuş 8 şagirddən 1 nəfər Əliyev Vəli
Vüqar oğlu 569 bal, 1 nəfər Omarov Kamil Cahid oğlu 556 bal, 1 nəfər Kərimova
Ülkər Sabir qızı 478 bal toplamışlar. 5 nəfər tələbə 350 baldan yuxarı nəticə
göstərmişdir. 2008-ci ilin qışında güclü şaxtalar zamanı sıradan çıxmış məktəbin
istilik sisteminin əsaslı təmir olunma məsələsi hesabat ilində qaldırılmışdı.
Bu gün artıq həmin məsələ öz həllini tapmaq üzrədir. Orta məktəbin istilik
sistemi qismən bərpa olunmuşdur. Qaz xəttinin çəkilməsi, istilik sisteminin qaz
xəttinə keçməsinin yaxın günlərdə təmin olunması üçün Təhsil Nazirliyi
qarşısında məsələ qaldırılmışdır. Bununla yanaşı məktəbin elektrik sisteminin əsaslı
təmirinə ehtiyac vardır.
A.Mikayılov adına əsas ümumtəhsil məktəbində
isə 82 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 23 nəfər müəllim heyəti,
12 nəfər texniki işçi məşğul olur. Dərsə davamiyyət
91-92% səviyyəsindədir.
Xanlıqlar kənd körpələr evi-uşaq bağçasında
55 uşağın təlim-tərbiyəsi ilə 21 nəfər müəllim və texniki işçi məşğul olur.
2017–ci ildə bağça rayon rəhbərliyi tərəfindən əsaslı təmir olunduqdan sonra
valideynlərin bağçaya marağı daha da artmış 55 uşaq bağçada olduğu halda 50 nəfər
uşaq da növbəyə alınmışdır. Ona görə də bir əlavə qrupun açılmasına ehtiyac
yaranmışdır. Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində
kənddə bir çox işlər görülmüşdür. Nümayəndəlik SHXÇDX-nin Qazax rayon Şöbəsi ilə
daim əlaqədədir. Hərbi xidmətə çağırışçıların həqiqi hərbi xidmətə göndərilməsi
mütəmadi olaraq təmin edilmiş, kənd sakinləri arasında hərbi xidmətdən yayınma
halları qeydə alınmamışdır. 2019-cu ildə təlim məqsədilə səfərbərlik elan
edilmiş Xanlıqlar kəndindən 8 nəfər müxtəlif komandalara əsasən vaxtında
SHXÇDX-nin Qazax rayon şöbəsinə gəlmələri tam təmin edilmişdir.
Xanlıqlar kəndində fəaliyyət göstərən həkim məntəqəsi
2018-ci ildə əsaslı təmir olunduqdan sonra kənd sakinlərinin sağlamlığının
mühafizəsində öz müsbət təsirini göstərmişdir. Xanlıqlar kəndində vəfat edən 19
nəfərin əksəriyyəti yaşlı nəslin nümayəndələri olmuşdur. Bundan başqa, kənd həkim məntəqəsində fəaliyyət göstərən həkim
personalı daim uşaqlar arasında müxtəlif peyvənd işləri aparmış, onların sağlamlığının
qorunmasını diqqətdə saxlamışlar. Hamilə qadınların daim nəzarətdə saxlanılması
nəticəsində 2019-cu ildə 56 nəfər sağlam doğum olmuş, uşaq ölümünün qarşısı
alınmışdır. Bir sözlə, dövlətin səhiyyə sahəsinə olan diqqət və qayğısı əhalimizin
sağlamlığına tam zəmanət verir.
Xanlıqlar kənd poçt şöbəsi də əhalidən
toplanan enerji daşıyıcılarının haqlarının vaxtında yığılıb təhvil verilməsini
və əhali tərəfindən göndərilən və əhaliyə gələn məktub, banderol və digər göndərişlərin
vaxtında sahiblərinə çatdırılmasını təmin etmişdir. Xanlıqlar kəndində yeni
poçt binasının tikintisi üçün tərəfimizdən yer ayrılmışdır.
Respublikamızın dinamik inkişafında, xalqın
sosial rifahının yaxşılaşdırılmasında enerji daşıyıcılarının rolu əvəzsizdir.
Xanlıqlar kəndində bu sahədə çox işlər görülmüşdür. Əhaliyə 24 saat fasiləsiz
elektrik enerjisi və mavi qaz yanacağı verilir, sərfiyyat pulları vaxtında
toplanıb ödənilir. Lakin kəndin 100-dən çox yaşayış evinin 35 kv-luq elektrik xəttinin
altında yerləşməsi kənd əhalisinin haqlı narahatlığına səbəb olur. Bunun üçün də
rayon rəhbərliyi müvafiq orqanlar qarşısında məsələ qaldırmış və Dövlət
Proqramına salınmşdır. Bundan başqa, Xanlıqlar kəndində yeni salınmış yaşayış
massivlərinə elektrik, qaz xəttinin çəkilməsinə və telefon dirəklərinin, kabellərin
dəyişdiriləsinə ehtiyac vardır. Xanlıqlar kəndində SİP kabelləşmənin yarımçıq
qalması, kəndin mərkəzi yollarının asfaltlaşdırılması da kənd sakinlərinin
qaldırdığı məsələlərdəndir.
Xanlıqlar kəndində yaşıllaşdırma işləri də
davam etdirilmiş, ağacəkmə kampaniyasında Qazax "Sınıq Körpü” yolunun 1-ci km-də
ötən illərdə əkilmiş 400-dən çox şam ağacı və meyvə ağaclarına tərəfimizdən
qulluq edilmişdir. Bundan başqa, baramaçılığın inkişafı məqsədilə Xanlıqlar kəndinin
ərazisində 1500–dən çox tut tingi əkilmişdir.
Hesabat ili ərzində Xanlıqlar kənd sakinlərinin
ərizə və şikayətlərinə baxılması, onların qəbul edilərək tələb və təkliflərinin
yerinə yetirilməsi sahəsində müsbət işlər görülmüşdür. İl ərzində vətəndaşlardan
10 ərizə və 19 şifahi müraciət daxil olmuşdur. Ərizələr məzmun etibarı ilə təsərrüfatdan
ayrılma və sosialyönümlü müraciətlərdən ibarətdir. Şifahi müraciətlərin əksəriyyəti
isə torpaq sərhədləri, yol, suvarma suyu və qonşu münasibətləri ilə əlaqədar
olan məsələlərdir. Həmin şifahi müraciətlər və verilmiş ərizələr vətəndaş
müraciət etdiyi gündən dərhal sonra münaqişəli tərəflərin birgə iştirakı ilə
yerində həll edilmiş, tərəflər razı salınaraq işin mahiyyəti onlara izah
edilmişdir. İl ərzində nümayəndəliyə yuxarı təşkilatlardan 34 ədəd məktub, qərar
və sərəncam daxil olmuşdur. Məktublara aidiyyatı olaraq cavab verilmiş, qərar və
sərəncamların icrası üçün isə lazımi tədbirlər görülmüşdür. 2019-cu ildə icra
nümayəndəliyində 13 kabinet iclası keçirilmiş, həmin iclaslarda 24 məsələ
müzakirə olunmuşdur.
Ümummilli Lider Heydər Əliyevin "Şəhid ailələrinə,
Qarabağ müharibəsi əlillərinə, müharibə veteranlarına hörmət etmək, onların
problemlərini həll etmək hər bir namuslu Azərbaycan vətəndaşının və dövlət məmurunun borcudur "
tövsiyəsini əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov Qazax rayonunda, o cümlədən
Xanlıqlar kəndində də bütün
şəhid ailələri və Qarabağ əlilləri ilə bir-bir söhbətlər aparmış onların
problemləri yerindəcə həll olunmuşdur.
Məruzə ətrafında çıxış edən sakinlərdən
Xatın Hüseynxanova, Həqiqət Daşdəmirova, Yolçu Mustafayev, Münəvvər Məmmədova,
Həsən Həsənov, Azad Məmmədov, Hüseyn Hacıyev, Natiq Çobanov hesabat ilində kənddə
görülmüş işləri yüksək qiymətləndiriblər. 2019-cu ildə respublikamızda, eləcə də
bölgələrimizdə görülən işlərə, əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına,
əhaliyə göstərdiyi diqqət və qayğıya görə Xanlıqlar kənd camaatı adından
Prezident İlham Əliyevə və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Sakinlər 2019-cu ildə
Xanlıqlar kəndində həyata keçirilən abadlıq-quruculuq işlərinin yenicə qədəm
qoyuduğumuz 2020-ci ildə də uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Kənddə
iki dayanacaq arasında yerləşən 2 km-ə yaxın yolun asfaltlanmasını, bu gündən
işlərə start verilməsini minnətdarlıq hissi ilə qarşılayıblar. Qeyd ediblər ki,
yolun çəkilişinə başlanılması bir daha sübut edir ki, 2020-ci il də rayonumuz
üçün quruculuq ili kimi yadda qalacaq. Sakinlər sonda yolun çəkilişinə görə bir
daha ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Sakinlər kənddə 35 kv-luq
elektrik hava xəttinin dəyişdirilməsi, 1 ədəd subartezian quyusunun qazılması,
kənd tam orta məktəbin qazlaşdırılması və s. bağlı istəklərini də bildiriblər. Sakinlər
tərəfindən qaldırılan məsələləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə
baxılacağını qeyd edib.
GOYEZEN.AZ
Geri qayıt
|