Sərhəd kəndi Qaymaqlıda səyyar görüş keçirilib
Bu gün ölkə başçısı İlham Əliyevin
tapşırıq və tövsiyəsinə uyğun olaraq hər həftə keçirilən növbəti səyyar görüş rayonun sərhəd kəndi olan Qaymaqlıda keçirilib. Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin
iştirakı ilə keçirilən görüşdə yola saldığımız 2019-cu ildə qazanılan uğur və
nailiyyətlərdən, həyata keçirilən genişmiqyaslı işlərdən danışılıb, həmçinin
sakinləri narahat edən məsələlər dinlənilib, qayğılarla maraqlanılıb. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq yenicə qədəm qoyduğumuz
2020-ci ilin gəlişi münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb. Yola saldığımız ildə əldə olunan nailiyyətlərin bu il
də uğurla davam etdiriləcəyini bildirib. 2019-cu ildə proqrama uyğun olaraq
Qaymaqlı kəndində 7 dəfə səyyar görüşdə olduğunu qeyd edən icra başçısı bu cür
görüşlərin bu il də mütəmadi olaraq keçiriləcəyini vurğulayıb. İcra başçısı bildirib ki, həmişə olduğu kimi, bugünkü
səyyar görüşün də məqsədi sakinlərin qayğılarını
dinləmək, sizlər tərəfindən qaldırılan məsələlərin, səslənən fikirlərin
həlli istiqamətində əməli işlər görməkdir. Bu görüşün vətəndaşları narahat edən
məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə
yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında
məsələ qaldırmaqdan ibarət olduğunu bir daha vurğulamaqdır. Ölkə rəhbərinin də söylədiyi kimi dövlət məmurlarının əsas
vəzifəsinin xalqa xidmət olduğunu göstərməkdir. Rayon rəhbəri ölkə başçısının növbəti dəfə Prezident
seçildikdən sonra yürütdüyü məqsədyönlü dövlət siyasətindən, son vaxtlar
dövlət məmurları, vətəndaş-məmur münasibətləri haqqında söylədiyi fikirlərdən,
apardığı kadr islahatından, vətəndaşlara göstərdiyi diqqət və qayğıdan,
xüsusilə də əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması
istiqamətində imzaladığı çoxsaylı Fərman və Sərəncamlardan, Birinci
vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısından da
danışıb. 2019-cu ilin istər iqtisadi, istərsə də kadr
islahatları baxımından yadda qalan bir il olduğunu qeyd edən icra başçısı ölkə
rəhbərinin düşünülmüş siyasəti nəticəsində 2018-ci ilin sonları və 2019-cu ildə
vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata
keçirilən iqtisadi islahatlardan söz açıb. Respublika Prezidenti tərəfindən
istər ötən ilin sonları, istərsə də 2019-cu il ərzində həyata keçirilən
iqtisadi islahatların birbaşa vətəndaşların rifah halına yönələn islahatlar
olduğunu və verilən vədlərin uğurla yerinə yetirilməsi kimi qeyd edib. Ölkə
rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman
və Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn
vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini bildirib. 2019-cu ilin 18
iyununda imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri
istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın
160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər
sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz
artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması
istiqamətində atılan ən uğurlu addımlar kimi dəyərləndirib. Xüsusilə də
problemli kreditərin həlli ilə bağlı imzalanan Fərmanı, ödənişli əsaslarla
təhsil alan tələbələrə təqaüdlərin verilməsini atılan ən humanist addım kimi
qeyd edib. İcra başçısı Qazaxda istər şəhər mərkəzində,
istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC
tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa
edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən
tikilən "Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən
inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə
verilməsini, "Saloğlu” fərdi mebel
firması tərəfindən yeni tikilən fabrikin inşasını rayonda işsizliyin aradan
qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib. İcra başçısı Respublika
Prezidentinin diqqət və qayğısı sayəsində yola saldığımız 2019-cu ilin respublikamız,
eləcə də Qazax rayonu üçün abadlıq-quruculuq ili kimi, uğur və nailiyyətlərlə
zəngin bir il kimi yadda qaldığını bildirib. İl ərzində xeyli sayda işlərin
görüldüyünü, ən əsası da rayon üçün böyük əhəmiyyət daşıyan layihələrin məhz
2019-cu ildə öz müsbət həllini tapdığını söyləyib. Rayon rəhbəri qeyd edib ki, əsas məsələlərdən
biri 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin
tikintisi idi ki, bu iş yüksək səviyyədə başa çatdırılıb. Bundan əlavə, yenə də
böyük layihələr hesab edilən su və kanalizasiya xəttinin və
Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişləridir ki,
uğurla davam etdirilir. İcra başçısı Ağköynək və Qarapapaq kəndlərinin də su və
kanalizasiya sisteminin yenidən qurulmasını kənd sakinlərinə olan dövlət
qayğısı kimi göstərib. Ölkə başçısının təhsilə olan yüksək diqqət və
qayğısından söz açan icra başçısı 2019-cu ilin məktəb tikintisi baxımından da
yaddaqalan olduğunu bildirib. "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə
ehtiyacı olan 11 məktəbin salınmasını rayonda təhsilin inkişafına olan qayğı
kimi qeyd edib. İlin əvvəlində S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin
əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, daha sonra Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176
şagird yerlik Kosalar kənd tam orta
məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulmasını, yenə
də Fond tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220
şagird yerlik yeni binanın tikilməsini, Təhsil Nazirliyi tərəfindən 180 şagird
yerlik Qaymaqlı kənd tam orta məktəbin tikintisini gələcəyimiz olan uşaqlara,
eləcə də təhsil sahəsinə olan diqqət və qayğının bariz nümunəsi kimi göstərib. İcra başçısı rayonda
azyaşlı körpələrə göstərilən qayğının, onların sağlam, hərtərəfli və düzgün
böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitin 2019-cu ildə də daim
diqqət mərkəzində saxlanıldığını bildirib. 2019-cu ilin əvvəlində 90 yerlik şəhər 6 saylı körpələr evi-uşaq
bağçasının və may ayında Qazaxbəyli kənd uşaq bağçasının istifadəyə verilməsini
bu sahədə görülən işlərin davamı kimi qeyd edib. Ümumiyyətlə, son 3 ildə rayon üzrə olan 25
bağçadan 21-nin müasir standartlara cavab verən səviyyəyə çatdırılmasını
gələcəyimiz olan uşaqlara göstərilən qayğının bariz nümunəsi kimi vurğulayıb. İcra başçısı qeyd edib ki, bu gün bir neçə kənd var ki, bağçanın açılmasına
böyük ehtiyac var. Qaymaqlı kəndi də həmin kəndlər sırasındadır və bu sahədə məqsədyönlü
işlərin görülməsi nəzərdə tutulub. Rayon rəhbəri uzun
illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını
bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər
rayonun Qazaxbəyli, Ürkməzli,
Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək,
Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib.
Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də
subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən
rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdirildiyini bildirib. Əkin sahələrinin
suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya
tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika
Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü
işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama
əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı,
Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazıldığını
qeyd edib. Son 3 ildə rayonda 60-dan artıq subartezian quyusunun
qazıldığını, bu işlərin 2020-ci ildə də davam etdiriləcəyini və Qaymaqlı
kəndində də nəzərdə tutulduğunu vurğulayıb. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və qazla
bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə
görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu
Ayrım, Fərəhli, Cəfərli və Bala
Cəfərli kəndlərində SİP kabelləşmə işinin tam başa
çatdığını qeyd edib. Digər kəndlərdə olduğu kimi, sərhəddə yerləşən Qaymaqlı
kəndində də SİP kabelləşmə aparılacağını bildirib. Görüşdə
erkən nikahlar və narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən söhbət
açan rayon rəhbəri bu mövzu ilə bağlı istər maarifləndirmə işinin yüksək
səviyyədə təşkil olunmasını, istərsə də ictimai qınağın olmasını, ziyalıların,
ağsaqqalların bu məsələyə münasibət bildirərək xüsusi diqqət ayırmalarını
vurğulayıb. Kənd sakinlərindən Elvin Binnətov, Samir
Abdurrəhmanov, Minarə Vəliyeva, Məleykə Əliyeva, Kazım Kazımov və başqaları çıxış
edərək onlarla
mütəmadi olaraq görüşə gəldiyinə, diqqət və qayğı göstərdiyinə görə rayon
rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən Qaymaqlı kəndində
görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu yüksək
qiymətləndiriblər. Ölkəmizdə vətəndaşlara, xüsusilə də sərhəddə yaşayan
sakinlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon
rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını
bildiriblər. Səmimi söhbət əsasında
keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra
məsələlərdən də söz açıblar. Vətəndaşların kənddə Mədəniyyət evinin tikintisi,
SİP kabelləşmənin aparılması, Kür çayından qidalandırıcı xəttin çəkilməsi, içməli, eləcə də suvarma
suyu və digər məsələrlə bağlı müraciətlərini dinləyən rayon rəhbəri hər bir
məsələyə diqqətlə baxılacağını bildirib. İşlə bağlı müraciət edən sakinlərə isə
"Saloğlu” mebel firmasında və kənddə aparılacaq məktəb tikintisində müvafiq iş
yerləri təklif olunub. GOYEZEN.AZ
Facebook-da paylaş