• Təqvim

  • Maraq



Qazaxbəyli kəndində səyyar görüş keçirilib


Bu gün ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən hər həftə keçirilən növbəti səyyar görüş Qazaxbəyli kənd sakinləri ilə olub. Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə yola saldığımız 2019-cu ildə qazanılan uğur və nailiyyətlərə, həyata keçirilən genişmiqyaslı işlərə nəzər salınıb, eləcə də qarşıda duran işlərdən və vəzifələrdən danışılıb. Həmçinin sakinləri narahat edən məsələlər dinlənilib, qayğılarla maraqlanılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq qarşıdan gələn 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb. Ötən il beş, bu il isə proqrama uyğun olaraq yeddi dəfə Qazaxbəyli kəndində olduğunu qeyd edib.

İcra başçısı bildirib ki, ölkə rəhbərinin də söylədiyi kimi biz məmurların əsas vəzifəsi xalqa xidmət göstərmək, bu cür görüşlər keçirərək siz sakinlərin qayğılarını dinləmək, görüş zamanı qaldırılan məsələlərin, səslənən fikirlərin həlli istiqamətində əməli işlər görməkdir. Rayon rəhbəri bugünkü görüşün də məhz vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu bildirib.

Səmimi söhbət əsasında keçən görüşdə ölkə başçısının növbəti dəfə Prezident seçildikdən sonra yürütdüyü məqsədyönlü siyasətdən, son vaxtlar dövlət məmurları, vətəndaş-məmur münasibətləri haqqında söylədiyi fikirlərdən, apardığı kadr islahatından, vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, xüsusilə də əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində imzaladığı çoxsaylı Fərman və Sərəncamlardan, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısından söhbət açılıb.

İcra başçısı ölkə rəhbərinin düşünülmüş siyasəti nəticəsində istər ötən ilin sonları, istərsə də bu il vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlardan da söz açıb və bu gün həmin islahatların uğurla icra edildiyini bildirib. Dövlət başçısının verdiyi sözlərin bu gün öz real əksini tapmasını vətəndaşlara olan ən böyük diqqət və qayğısı kimi göstərib. Respublika Prezidenti tərəfindən istər ötən ilin sonları, istərsə də bu ilin əvvəllərində həyata keçirilən iqtisadi islahatların birbaşa vətəndaş amilinə xidmət edən islahatlar olduğunu və verilən vədlərin uğurla yerinə yetirilməsi kimi qeyd edib. Həmin islahatların kökündə əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılmasının dayandığını söyləyib. Ölkə rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini bildirib. İyunun 18-də imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən uğurlu addımlar kimi dəyərləndirib. Xüsusilə də ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini gənclərə olan ən böyük dəstək kimi qeyd edib.

Respublika Prezidentinin diqqət və qayğısı sayəsində yola saldığımız 2019-cu ilin Qazaxda abadlıq-quruculuq ili kimi, uğur və nailiyyətlərlə zəngin bir il kimi yadda qaldığını qeyd edən icra başçısı il ərzində xeyli sayda işlərin görüldüyünü bildirib. Rayon rəhbəri vurğulayıb ki, 2019-cu ilin uğurlu layihələrindən biri rayonda 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisi idi ki, bu iş yüksək səviyyədə başa çatdırılıb. Bundan əlavə, yenə də böyük layihələr sayılan su və kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişləridir ki, uğurla davam etdirilir.

Görüşdə dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən Qazaxda görülən məqsədyönlü işlərdən də söz açılıb. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin əyani sübutu kimi göstərilib.

Ölkə başçısının təhsilə olan yüksək diqqət və qayğısından söz açan icra başçısı 2019-cu ilin təhsil sahəsində qazanılan nailiyyətlərlə də yadda qaldığını bildirib. Yola saldığımız ildə məktəb tikintisi ilə bağlı məqsədyönlü işlər görüldüyünü qeyd edib. İlin əvvəlində S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, daha sonra "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını, həmin məktəblərdən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı tikintisini, Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin yenidən tikilməsini, Qaymaqlı kənd tam orta məktəbin əsaslı təmirini gələcəyimiz olan uşaqlara, eləcə də təhsil sahəsinə olan diqqət və qayğı kimi qeyd edib. 

 

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan icra başçısı bu gün rayon üzrə olan 25 bağçadan 21-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Rayon rəhbəri qeyd edib ki, hər dəfə kənddə görüş zamanı səsləndirilən məsələlədən biri Qazaxbəyli kənd uşaq bağçasının əsaslı təmir olunması idi ki, biz bu istəyinizin də müsbət həllinə nail olduq. Bu ilin may ayında həmin bağça yüksək səviyyədə yenidən qurularaq körpə fidanların istifadəsinə verildi.

Rayon rəhbəri son illər respublikamızda, eləcə də Qazaxda işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən də danışıb. Ölkə Prezidentinin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin təşkil olunması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin nəzdində "DOST İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasını, ölkə vətəndaşlarının ictimai işlərə cəlb edilməsini bu sahədə atılan ən uğurlu addım kimi qiymətləndirib. Hazırda Qazax rayonu üzrə "DOST İş Mərkəzi” MMC tərəfindən 420 nəfərin işlə təmin olunduğunu, gələcəkdə isə bu sayın artacağını bildirib.

İcra başçısı Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini,  "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi dəyərləndirib.

Rayon rəhbəri  uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdirildiyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazıldığını qeyd edib. Son 3 ildə rayonda 60-dan artıq subartezian quyusunun qazıldığını, bu işlərin qarşıdan gələn 2020-ci ildə də davam etdiriləcəyini və Qazaxbəyli kəndində də nəzərdə tutulacağını vurğulayıb.

"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin Dövlət Proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlar əldə etməsindən xəbər verir.  Rayon rəhbəri həmin Dövlət Proqramına Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması, arxların beton üzlüyə alınması və bunun kimi bir sıra məsələlərin salındığını vurğulayıb.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli vəBala Cəfərli  kəndlərində SİP kabelləşmə işinin tam başa çatdığını qeyd edib. Digər kəndlərdə olduğu kimi Qazaxbəyli kəndində də həyata keçiriləcəyini bildirib.

Kənd sakinlərindən Lətifə Mirzəliyeva, Nazim Xəlilov, Nəbi Babacanov, Gözəl Allahverdiyeva, Lütfi Səyalı və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son illər respublikamızın bölgələrində, Qazax rayonunda, eləcə də kəndlərdə görülən genişmiqyaslı işlərə görə ölkə Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Rayonda görülən işlərdən danışan sakinlər 2019-cu ildə aparılan abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. Xüsusilə də Qazaxbəyli kəndində uzun illərdən bəri mövcud olan içməli su probleminin həll olunmasını, kənddəki uşaq bağçasının yüksək səviyyədə təmir edilməsini razılıq hissi ilə qarşılayıblar. Çıxış edənlər sakinlərə göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər.

Görüşdə minnətdarlıqla yanaşı, sakinlərin müxtəlif səpkili müraciətləri də dinlənilib. Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.






GOYEZEN.AZ



Facebook-da paylaş