Sərhəddə yerləşən Kəmərli kəndində hesabat yığıncağı keçirilib
Bu gün növbəti hesabat yığıncağı rayonun sərhəd kəndi
olan Kəmərlidə keçirilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının Kəmərli kənd İnzibati Ərazi
Dairəsi üzrə nümayəndəliyinin 2019-cu ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə
dair hesabatında sakinlərin dövlət tərəfindən hər cür qayğı ilə əhatə
olunmasından, kəndin sərhəddə yerləşməsinə baxmayaraq problemlərin operativ şəkildə
həll edilməsindən danışılıb. A.Bəbirov adına Xanbağı kənd
tam orta məktəbində keçirilən hesabat yığıncağında Qazax Rayon İcra
Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, aparatın Hüquq şöbəsinin müdiri Səba Paşayeva və
kənd sakinləri iştirak ediblər. Yığıncağın
aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər səsləndirilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya
Həsənova hesabat yığıncağında giriş sözü ilə çıxış edərək kənd sakinlərini
salamlayıb, rayon rəhbərliyinin səmimi arzularını çatdırıb. Yola saldığımız 2019-cu
ilin ölkəmiz və xalqımız üçün uğurlu bir il olduğunu qeyd edərək yeni ildə daha
böyük nailiyyətlər qazanmalarını arzu edib. Müavin bildirib ki, bu gün Ulu Öndər
Heydər Əliyevin dövlət siyasətinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsinin nəticəsidir ki, ölkəmiz bütün sahələr üzrə inkişaf edir.
Bu inkişafın təməlində isə dövlət və xalq birliyi, ölkə başçısının öz vətəndaşına
olan yüksək diqqət və qayğısı dayanır. G.Həsənova qeyd edib ki, bu gün Azərbaycanın
bütün bölgələri kimi, Qazaxın inkişafına da ölkə prezidenti İlham Əliyev tərəfindən
daim yüksək diqqət və qayğı göstərilir. Son 3 ildə ölkə başçısının qayğısı, rayon
rəhbərliyinin işgüzarlığı sayəsində dinamik inkişaf yolunda olan Qazaxın siması
tamamilə dəyişmiş, rayonumuz respublikanın abad, gözəl bölgələrindən birinə
çevrilmişdir. Yola saldığımız 2019-cu ildə
Qazaxda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun
olaraq görülən işlərin böyük miqyas aldığını qeyd edən müavin Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə
yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça
müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun,
İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax
Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod
Zavodunun istifadəyə verilməsini işsizliyin aradan qaldırılması istiqamətində həyata
keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib. "Saloğlu” fərdi mebel
firması tərəfindən yeni tikilən fabrikin inşasını da işsizliyin aradan
qaldırılması istiqamətində görülən işlər kimi vurğulayıb. Qeyd edib ki, hazırda
rayonda ən böyük layihələrdən biri olan 10 korpusdan ibarət 145 çarpayılıq
Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisi idi ki, bu iş yüksək səviyyədə
başa çatdırılıb. Bundan əlavə, yenə də böyük layihələr sayılan su və
kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil
yolunun çəkilişləri uğurla davam etdirilir. Respublikamızda, eləcə də bölgələrimizdə
"Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edilməsindən
danışan müavin 2019-cu ilin əvvəlində S.Vurğun adına şəhər 2 nömrəli tam orta
məktəbin yenidənqurmadan sonra şagirdlərin istifadəsinə verilməsini, hazırda
Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbin Heydər
Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulmasını, yenə də Fond
tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin tikintisini,
Təhsil Nazirliyi tərəfindən Qaymaqlı kənd tam orta məktəbin tikintisini Qazaxda
dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani sübutu kimi qiymətləndirib.
Kəmərli kənd İƏD-si üzrə nümayəndə Səməd Orucov
hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, ölkəmizin hər yerində olduğu kimi, rayon rəhbərliyinin
gərgin əməyi və görülən genişmiqyaslı işlər nəticəsində son 3 ildir ki, Qazax respublikamızın
bölgələri arasında seçilir. İcra nümayəndəsi bildirib ki, Kəmərli kəndinin
inzibati ərazisi 3887 hektarlıq bir sahəni əhatə edir. Ərazidə 786 təsərrüfat,
3205 nəfər əhali yaşayır. Əhalinin 1577 nəfərini kişilər, 1628 nəfərini isə
qadınlar təşkil edir. Nümayəndəlik 1 kəndi əhatə edir. Nümayəndəliyin ərazisində
1 xəstəxana, 2 tam orta məktəb, 1 folklor evi, 1 folklor klubu, 1 kitabxana,
poçt və ATS fəaliyyət göstərir. Rayonun bütün ərazilərində olduğu kimi, kəndin ərazisində
bir çox işlər görülmüşdür. Kəndarası yollara qum-çınqıl tökülərək hamarlanmış,
1 ədəd keçid körpüsü təmir edilmiş, kənd ərazisində olan istismar müddətini
bitirmiş 27 ədəd elektrik dayağı, 250 metr elektrik xətti Elektrik şəbəkəsi tərəfindən
yenisi ilə əvəz olunmuşdur. Kənd fəallarının və "DOST” MMC-nin işçilərinin
iştirakı ilə kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun ətrafında
və kənd qəbiristanlıqlarında mütəmadi olaraq təmizlik işləri aparılmışdır. Kəmərli
bələdiyyəsi tərəfindən məişət tullantılarının atılması üçün 0,50 hektar torpaq
sahəsi ayrılmış və ayrılmış ərazilərdə 3 ədəd zibil quyuları qazılmışdır. Nümayəndəliyin
ərazisi həmişə diqqət mərkəzində saxlanılmışdır. Kənd ərazisində olan zibilliklər
vaxtı-vaxtında təmizlənib səliqə-sahman
yaradılmışdır. Yol kənarlarına və kəndə yaxın ərazilərə zibil tökülməsinin
qarşısı alınmışdır. Əhaliyə ciddi tapşırıqlar verilmişdir. Əhalinin sağlamlığının keşiyində dayanan Kəmərli kənd
xəstəxanasında 7 nəfər həkim və tibb işçiləri çalışır. Xəstəxana yeni tikilib
istiadəyə verilmişdir. Hesabat dövründə xəstəxanada 41 nəfər müalicə alıb.
Ambulator qəbul 2000, çarpayı günlərinin sayı isə 436 nəfər olmuşdur. Xəstəxanada
işləyən həkim və tibb işçiləri ərazidə yaşayan əhalinin sağlamlığı keşiyində
dayanmışlar. Əhali arasında müxtəlif xəstəliklərə qarşı vaxtlı-vaxtında peyvəndlər
aparılır, tibb işçiləri daim ərazidə olur. Antisanitariya hallarının qarşısını
almaq üçün lazımi tədbirlər aparılır. Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbində
2019-2020-ci tədris ilində 23 nəfər müəllim şagirdlərin təlim-tərbiyəsi,
onların müasir səviyyədə təhsil almaları uğrunda çalışırlar. Məktəbdə təhsil
alan şagirdlərin sayı 92 nəfərdir. Məktəbin məzunlarından 3 nəfəri ali məktəbə,
3 nəfəri isə Kollecə daxil olmuşdur. Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbində
24 nəfər müəllim öz bilik və bacarıqlarını təhsil alan şagirdlərə çatdırır. Məktəbdə
təhsil alan şagirdlərin sayı 165 nəfərdir. Məktəbin məzunlarından 5 nəfəri ali
təhsil məktəbinə daxil olub ki, onlarında 1 nəfəri 500 baldan çox toplamışdır.
2 nəfəri isə kollecə daxil olmuşdur. Kənddə əhaliyə xidmət göstərən rabitə və poçt xidmətləri
əhalinin tələbatını tam ödəyir. Elektrik, qaz, rabitə xidmətlərinin dəyəri ay
daxilində poçt şöbəsinə ödənilir.
Nümayəndəlik ərazisində fəaliyyət göstərən Kəmərli
kənd folklor evi və Xanbağı folklor klubunda bir sıra konsert proqramları,
ictimai tədbirlər, əlamətdar günlərin qeyd olunması həyata keçirilir. Belə tədbirlərə
misal olaraq 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
bayramını, 20 Yanvar faciəsini, 26 Fevral – Xocalı soyqırımını, 21 Mart - Novruz
bayramını, 9 May - Qələbə Gününü, 28 May – Respublika Gününü, 15 İyun – Milli Qurtuluş
Gününü və s. tədbirləri göstərmək olar. Kənd ərazisində yerləşən kitabxanada 16
mindən artıq kitab fondu vardır. Kənd əhalisi asudə vaxtlarını burada bədii
qiraətlə məşğul olurlar. Hesabat ərzində oxucuların sayı 901 nəfər olmuş, kitab
verilişi isə 10398 olmuşdur. Kitabxananın özünəməxsus yeri olmadığından Kəmərli
İcra nümayəndəliyinin binasında yerləşir. Kənddə yaşayan əhali əsasən heyvandarlıq və
bitkiçiliklə məşğul olur. Hazırda əhaliyə məxsus 1379 baş iribuynuzlu heyvan
vardır ki, bunlardan da 895 başı ana inəklərdir. Xırdabuynuzlu heyvanların sayı
6042 baş təşkil edir ki, bunlardan da 3821 başı ana qoyunlardır. Əhaliyə məxsus
iri və xırdabuynuzlu heyvanlar arasında zoobaytar xidmətləri aparılmış,
heyvanlara qarayara, brüselyoz, vərəm və taun əleyhinə qarşı peyvəndlər
aparılmışdır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni
mayalanmaya üstünlük verilməsi üçün tərəfimizdən əhali arasında daim marifləndirmə
işləri aparılır. 2019-cu ildə 630 hektar taxıl biçini qısa müddət ərzində
qonşu aqroservislərdən gətirilmiş kombaynlar vasitəsilə aparılmışdır. Bundan
560 hektarı buğda, 70 hektarı arpa olmuşdur. Tütünçüluyün inkişafı ilə əlaqədar
2019-cu ildə kənddə 3 hektar ərazidə tütün əkilmiş, sahədən 5007 kq məhsul
yığılaraq Şəki şəhərində yerləşən tütün kombinatına təhvil verilmişdir. Bundan əlavə,
362 kq barama istehsal olunmuşdur. Baramaçılığın
inkişaf etdirilməsi üçün kənd ərazisində 1 dəfə ağacəkmə aksiyası keçirilmiş və
800 ədəd tut tingləri əkilmişdir. 2020-ci ilin məhsulu üçün 589 hektar sahə əkilmişdir
ki, bundan da 278 hektara buğda, 140 hektar sahəyə isə arpa səpilmişdir. Dövlət başçısının "Kənd təsərrüfatı
istehsalçılarına dövlət dəstəyinə dair” 13 yanvar 2007-ci il tarixli sərəncamından
irəli gələn vəzifələrin icrası ilə əlaqədar 2019-cu ildə kənd təsərrüfatı məhsulları
istehsalçılarına buğda əkini üçün hər hektara 90 manat, digər əkinlər üçün isə
hər hektara 50 manat subsidiya verilmişdir. Həyətyanı torpaqların suvarılması üçün mövcud
arxlar nizamlanıb, yol keçidlərinə su ötrücü borular salınmışdır. Əhalinin içməli
suya olan tələbatını ödəmək üçün Prezidentin sərəncamına əsasən 1 ədəd subartezian
quyusu qazılmış, 1500 metr su xətti çəkilmiş və 20 ailə içməli su ilə təmin
edilmişdir. İl ərzində 6 ədəd artezian motoru və nasosu, 3 yerdə isə içməli su
xətti təmir edilmişdir. 2020-ci ildə 2 ədəd subartezian quyusunun qazılması nəzərdə
tutulmuşdur. Rayon İcra Hakimiyyəti tərəfindən tarixi və dini
bayramlarda şəhid ailələrinə, tənha,
kimsəsiz ailələrə bayram sovqatı paylanılmışdır. 2019-cu ildə kənddə fəaliyyət göstərən məscidin təmiri
üçün sahibkarlar tərəfindən yardım edilmiş, məscid təmir olunmuş və Kəmərli bələdiyyəsi
tərəfindən elektrik sayğacı ilə təmin edilmişdir. Əhalinin 460 nəfəri qocalığa, 178 nəfəri sosial
pensiya, 80 nəfəri isə müharibə veteranı kimi müavinət alırlar. Vətəndaşlardan müxtəlif mövzuda 8 ədəd yazılı və 12
şifahi şikayətlər daxil olmuşdur. Həmin şikayətlərə yerində baxılmış və müsbət
həll olunmuşdur. İcra nümayəndəliyi üzrə 2019-cu ildə 23 məktub daxil olmuş, kənar
təşkilatlara 806 arayış və məktub göndərilmişdir. Hesabat dövründə 3 nikah, 25 ölüm qeydiyyatı
aparılmışdır. Təsərrüfat kitabları, mühasibat sənədləri tələb olunan səviyyədə
işlənmişdir. Kənd ağsaqqallarından Rəhim Rəhimov, Məhəmməd Məmmədov,
Kəmərli kənd tam orta məktəbin direktoru Minarə Rəhimova, Xanbağı kənd tam orta
məktəbin direktoru Sərhəd Məmmədov, Kəmərli kənd folklor evinin müdiri Yetər
Mustafayeva, şair Mübariz Qaragözlü, sakinlərdən Qurban Allahmanov, Tapdıq Mansurov
və başqaları kənddə görülmüş işlərdən danışaraq qeyd ediblər ki, Kəmərli kəndi sərhəddə
yerləşsə də hər zaman dövlət qayğısı ilə əhatə olunub. Son 3 ildir ki, kənd
sakinlərinin qaldırdıqları məsələlərə rayon rəhbərliyi tərəfindən daim diqqət
yetirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayon sakinlərinə,
eləcə də sərhəd bölgəsində yaşayan insanlara xüsusi qayğı ilə yanaşdığını qeyd
edən çıxışçılar rayonda vətəndaş amilinin hər zaman ön plana çəkildiyini
bildiriblər. Çıxış edənlər rayonda təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı,
eləcə də digər sahələrə xüsusi həssaslıqla yanaşıldığını vurğulayıb, bu istiqamətdə
görülən işləri yüksək qiymətləndiriblər. Hesabat ilində görülən işləri rayon
sakinlərinin rifah halının yaxşılaşdırılması istiqamətində ən uğurlu addım kimi
dəyərləndirən sakinlər bütün bunlara görə ölkə başçısına və rayon rəhbərliyinə kənd
sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Sakinlər tərəfindən səsləndirilən
Kür çayından İncəsu dəryaçasına su xəttinin çəkilməsi, Kəmərli kənd tam orta məktəbin
istilik sisteminin qazla təmin edilməsi, kənd yolunun sıradan çıxmış hissələrinin
təmir olunması, kənddə əhalinin suvarma və içməli suya olan tələbatının
yaxşılaşdırılması, kənddə SİP kabelləşmənin aparılması və digər məsələləri dinləyən müavin hər bir məsələyə diqqətlə
baxılacağını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş