• Təqvim

  • Maraq



Sərhəddə yerləşən Kəmərli kəndində hesabat yığıncağı keçirilib


Bu gün növbəti hesabat yığıncağı rayonun sərhəd kəndi olan Kəmərlidə keçirilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının Kəmərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2018-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair hesabatında sakinlərin dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunmasından, kəndin sərhəddə yerləşməsinə baxmayaraq problemlərin operativ şəkildə həll edilməsindən danışılıb.

A.Bəbirov adına Xanbağı kənd tam orta məktəbində keçirilən hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov və kənd sakinləri iştirak ediblər. Yığıncağın aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər səsləndirilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev hesabat yığıncağında giriş sözü ilə çıxış edərək kənd sakinlərini salamlayıb, rayon rəhbərliyinin səmimi arzularını çatdırıb. Yola saldığımız 2018-ci ilin ölkəmiz və xalqımız üçün uğurlu bir il olduğunu qeyd edərək yeni ildə daha böyük nailiyyətlər qazanmalarını arzu edib. Birinci müavin bildirib ki, bu gün ulu öndər Heydər Əliyevin dövlət siyasətinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmiz bütün sahələr üzrə inkişaf edir. Bu inkişafın təməlində isə dövlət və xalq birliyi, ölkə başçısının öz vətəndaşına olan yüksək diqqət və qayğısı dayanır. M.Alıyev qeyd edib ki, bu gün Azərbaycanın bütün bölgələri kimi, Qazaxın inkişafına da ölkə prezidenti İlham Əliyev tərəfindən daim yüksək diqqət və qayğı göstərilir. Son iki il yarımda isə rayon rəhbərliyinin qayğısı sayəsində dinamik inkişaf yolunda olan Qazaxın siması tamamilə dəyişmiş, rayonumuz respublikanın abad, gözəl bölgələrindən birinə çevrilmişdir. 



Yola saldığımız 2018-ci ildə Qazaxda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işlərin böyük miqyas aldığını qeyd edən birinci müavin "Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsinin, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən və son tamamlanma işləri aparılan Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasının tikintisini həmin abadlıq işlərinə nümunə göstərib.


 

Respublikamızda, eləcə də bölgələrimizdə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edilməsindən danışan M.Alıyev hazırda rayonumuzda əsaslı şəkildə yenidən qurulan S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə görülən işləri bunun əyani sübutu kimi qiymətləndirib. Qeyd edib ki, bu il rayonda daha 3 məktəbin əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub ki, həmin məktəblərdən biri də Kəmərli kənd məktəbidir. Kosalar və Qaymaqlı məktəbləri ilə yanaşı, bu məktəbin də əsaslı şəkildə yenidən qurulacağını bildirib.

Yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan müavin həmin işlərin bu il də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını göstərib.

Kəmərli kənd İƏD-si üzrə nümayəndə Səməd Orucov hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, ölkəmizin hər yerində olduğu kimi, rayon rəhbərliyinin gərgin əməyi və görülən genişmiqyaslı işlər nəticəsində son iki il yarımdır ki, Qazax respublikamızın bölgələri arasında seçilir.

İcra nümayəndəsi bildirib ki, Kəmərli kəndinin inzibati ərazisi 3887 hektarlıq bir sahəni əhatə edir. Ərazidə 778 təsərrüfat, 3181 nəfər əhali yaşayır. Əhalinin 1574 nəfərini kişilər, 1607 nəfərini isə qadınlar təşkil edir. Nümayəndəlik 1 kəndi əhatə edir. Nümayəndəliyin ərazisində 1 xəstəxana, 2 tam orta məktəb, 1 folklor evi, 1 folklor klubu, 1 kitabxana, poçt və ATS fəaliyyət göstərir.

A.Bəbirov adına Xanbağı kənd tam orta məktəbində 2018-2019-cu tədris ilində 23 nəfər müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olurlar. Məktəbdə təhsil alan şagirdlərin sayı 104 nəfərdir. Məktəbin məzunlarından 1 nəfər ali məktəbə, 1 nəfər isə kollecə daxil olmuşdur.

Şagird sayı 164 nəfər olan A.Kəmərli adına Kəmərli kənd tam orta məktəbində 25 müəllim çalışır. Məktəbin məzunlarından 6 nəfəri ali təhsil məktəbinə daxil olub ki, onların da 4 nəfəri 500-dən yuxarı bal toplamışdır. 2 nəfəri isə kollecə daxil olmuşdur.

15 çarpayılıq Kəmərli kənd xəstəxanasında əhalinin sağlamlığının keşiyində 24 həkim və tibb işçiləri dayanır. Hesabat dövründə xəstəxanada 254 nəfər müalicə almışdır. Xəstəxananın 4 otağı təmir edilmişdir.



Nümayəndəlik ərazisində fəaliyyət göstərən Kəmərli kənd folklor evi, Xanbağı folklor klubu da hesabat ilində işlərini günün tələbləri səviyyəsində yerinə yetirərək il ərzində bir sıra tədbirlər həyata keçirmişlər. Kənd ərazisində yerləşən kitabxanada 16 mindən artıq kitab fondu vardır. 

Qazax Rayon İcra Hakimiyyəti tərəfindən tarixi və dini bayramlarda şəhid ailələrinə, tənha, kimsəsiz ailələrə bayram sovqatı paylanılmışdır. 

Əhalinin 476 nəfəri qocalığa, 120 nəfəri sosial pensiya, 3 nəfər sosial yardım, 80 nəfəri isə müharibə veteranı kimi müavinət alırlar. 

Hesabat ilində vətəndaşlardan müxtəlif mövzuda 13 yazılı və 15 şifahi müraciət daxil olmuşdur. Həmin müraciətlərə yerində baxılmış və müsbət həll olunmuşdur. İcra nümayəndəliyi üzrə 2018-ci ildə 27 məktub daxil olmuş, kənar təşkilatlara 834 arayış və məktub göndərilmişdir.  

Hesabat dövründə 1 nigah, 23 doğum, 30 ölüm qeydiyyatı aparılmışdır. 

Ərazidə yaşayan əhali əsasən heyvandarlıq və bitkiçiliklə məşğul olurlar. Hazırda əhaliyə məxsus 1375 baş iribuynuzlu heyvan vardır ki, bunlardan da 892 başı ana inəklərdir. Xırdabuynuzlu heyvanların sayı 6030 baş təşkil edir ki, bunlardan da 3815 başı ana qoyunlardır. Əhaliyə məxsus iri və xırdabuynuzlu heyvanlar arasında zoobaytar xidmətləri aparılmış, heyvanlara qarayara, brüselyoz, vərəm və taun əleyhinə qarşı peyvəndlər aparılmışdır.

2018-cı ildə 650 hektar taxıl biçini qısa müddət ərzində aparılmışdır. Bundan 560 hektarı buğda, 90 hektarı arpa olmuşdur. Bundan əlavə, 304 kq barama istehsal olunmuşdur. Baramaçılığın inkişaf etdirilməsi üçün kənd ərazisində 2 dəfə ağacəkmə aksiyası keçirilmiş, 360 ədəd tut tingləri əkilmişdir. 2019-cu ilin məhsulu üçün 691 hektar sahə əkilmişdir ki, bundan da 621 hektara buğda, 70 hektar sahəyə isə arpa səpilmişdir.



Dövlət başçısının "Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinə dair” 23 yanvar 2007-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar 2018-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda əkini üçün hər hektara 90 manat, digər əkinlər üçün isə hər hektara 50 manat subsidiya verilmişdir.

Rayonumuzun bütün ərazilərində olduğu kimi, kəndimizin ərazisində bir çox işlər görülmüşdür. Əhaliyə məxsus pay torpaqlarının suvarılması üçün dövlət vəsaiti hesabına Kür çayından qalxan nasosxana və su xətti yenidən qurularaq işlək vəziyyətə gətirilmiş, 500 hektar pay torpağının suvarılması nəzərdə tutulmuşdur. Həyətyanı torpaqların suvarılması üçün mövcud arxlar nizamlanıb, yol keçidlərinə suötrücü borular salınmışdır. 

Əhalinin içməli suya olan tələbatını ödəmək üçün "Azərsu” ASC tərəfindən 1 ədəd artezian quyusu qazılmış, 2 km su xətti çəkilmişdir. Həmin arteziandan Xanbağı məktəbinə şagirdlərin istifadəsi üçün 1 ədəd bulaq tikilmiş, həmin bulağın ətrafı hasarlanmış və yaşıllaşdırılmışdır. 4 ədəd artezian motoru və nasosu, 3 yerdə isə içməli su xətti təmir edilmişdir. 2019-cu ildə 1 ədəd artezian quyusunun qazılması nəzərdə tutulmuşdur.

Kəndarası yollara qum-çınqıl tökülərək hamarlanmış, 1 ədəd keçid körpüsü təmir edilmiş və asfalt örtüyünün kəndin mərkəzindən keçən hissəsində təmir işləri aparılmış, kənd ərazisində olan istismar müddətini bitirmiş 30 ədəd elektrik dayağı Qazax Elektrik Şəbəkəsi tərəfindən yenisi ilə əvəz olunmuşdur. Kənd fəallarının iştirakı ilə kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun ətrafında və kənd qəbiristanlıqlarında mütəmadi olaraq təmizlik işləri aparılmışdır. Kənd ərazisində olan zibilliklər vaxtlı-vaxtında təmizlənmiş, səliqə-səhman yaradılmışdır. Yol kənarlarına və kəndə yaxın ərazilərə zibil tökülməsinin qarşısı alınmışdır. Əhaliyə ciddi tapşırıqlar verilmişdir.

Kənd ağsaqqallarından Rəhim Rəhimov, Məhəmməd Məmmədov, Kəmərli kənd tam orta məktəbin direktoru Minarə Rəhimova, Xanbağı kənd tam orta məktəbin direktoru Sərhəd Məmmədov, şair Mübariz Qaragözlü, aşıq Hüsən Dərgahoğlu, sakinlərdən Nədimi Orucov, Tapdıq Mansurov, Səməd Orucov, Binnət Bəkirov və başqaları kənddə görülmüş işlərdən danışaraq qeyd ediblər ki, Kəmərli kəndi sərhəddə yerləşsə də bu gün kənddə heç bir problem, heç bir çatışmazlıq yoxdur. Çünki son iki il yarımdır ki, kənd sakinlərinin qaldırdıqları məsələlərə rayon rəhbərliyi tərəfindən daim diqqət yetirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayon sakinlərinə, eləcə də sərhəd bölgəsində yaşayan insanlara xüsusi qayğı ilə yanaşdığını qeyd edən çıxışçılar rayonda vətəndaş amilinin hər zaman ön plana çəkildiyini bildiriblər. Çıxış edənlər rayonda təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, eləcə də digər sahələrə xüsusi həssaslıqla yanaşıldığını vurğulayıb, bu istiqamətdə görülən işləri yüksək qiymətləndiriblər. Hesabat ilində görülən işləri rayon sakinlərinin rifah halının yaxşılaşdırılması istiqamətində ən uğurlu addım kimi dəyərləndirən sakinlər bütün bunlara görə ölkə başçısına və rayon rəhbərliyinə kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.













 


GOYEZEN.AZ



Facebook-da paylaş