• Təqvim

  • Maraq



Qazaxda şəhidlərə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğı hər zaman yüksək səviyyədə olub, bundan sonra da olacaqdır...


Bu gün Qərbin qapısı sayılan, sazın, sözün beşiyi hesab edilən, tarixi şəxsiyyətləri, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə tanınan Qazaxda ölkə başçısının qayğısı sayəsində son 3 ildə olan inkişaf hər kəsə yaxşı məlumdur. Demək olar ki, hər gün, hər il bir yeniliyin şahidi oluruq. Son illər dövlət başçısının yüksək diqqət və qayğısı nəticəsində respublikamızın hər yerində olduğu kimi Qazaxda da istər iqtisadi, istər sosial, istərsə də abadlıq-quruculuq sahəsində olan uğurlu inkişaf hər kəsin sevincinə səbəb olur. Hər kəs bu inkişafı və yeniliyi könül xoşluğu ilə qəbul edir və daim fərəh hissi keçirir. Bu yazıda məqsədimiz rayonda görülən işləri sadalamaq deyil. Əsl məqsədimiz son günlər medianın, xəbər saytlarının, portallarının gündəmini zəbt edən bir xəbər haqqında fikirlərimizi bildirmək, ən əsası da həmin saytlardan, sosial şəbəkə istifadəçilərindən fərqli olaraq məlumatı, məsələnin əslini olduğu kimi çatdırmaqdır.

Gələk əsas mətləbə. Bu günlərdə blogger Tural Yusifli Qazax rayonunun Quşçu Ayrım kəndində lentə aldığı və evinin təmirə ehtiyacı olduğunu deyən şəhid anası, 78 yaşlı Əsmər Cəfərovanın videosunu sosial şəbəkədə paylaşdı. Və bütün xəbər saytları da bilib-bilmədən bu məlumatı manşetə çevirərək Qazaxda şəhidlərə, onların ailə üzvlərinə diqqət və qayğının göstərilmədiyini ön plana çəkdilər.

Hansı ki, ölkə başçısı cənab İlham Əliyevin şəhid ailələrinə hər zaman diqqətinin şahidi olmuşuq. İmzalanan fərman və sərəncamlar, görülən bütün işlər də bir daha sübut edir. Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın unudulmaması, şəhid ailələrinin sosial vəziyyətinin və maddi rifahının yaxşılaşdırılması ölkə başçısının yürütdüyü siyasətin əsas istiqamətlərindən biridir. Dövlət başçısının şəhid ailələrinə olan diqqət və qayğısı 3 ildir ki, Qazaxda da bütün sahələrdə hər zaman ön planda tutulur.

Bu gün hər kəsə yaxşı məlumdur ki, ölkə başçısının şəhid ailələrinə olan diqqət və qayğısı hər bir dövlət məmuru üçün örnəkdir. Eyni zamanda da hər bir məmurun vəzifə borcudur. Qazax Rayon İcra Hakimiyyəti və şəxsən icra başçısı tərəfindən şəhid ailələrinə olan diqqət və qayğını bu gün xəbər başlıqlarında nə yazdıqlarını bilməyənlər bilməsələr də, rayonda olan şəhid ailələri yaxşı bilirlər. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizə, onların əziz xatirəsinə olan yüksək hörmət və ehtiramı son illər Qazaxda görülən işlərdən aydın şəkildə görmək olar.

Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara  Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altındadır. 5 kəndi – Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli kimi kəndləri isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda şəhidlərimizin xatirəsi isə hər zaman əziz tutulur, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.

"Rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə qayğı göstərilmir”, - deyənlərə demək istəyirik ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu gündən atdığı ilk addım məhz şəhidlər qəbiristanlıqlarını və xiyabanlarını ziyarət etmək oldu. Rayon sakinləri olaraq ilk görüşdüyü insanlar da məhz şəhid ailələri, onların yaxınları, doğmaları oldu. Rayonda aparılan abadlıq və quruculuq işlərinə yenə də həmin müqəddəs məkanlarda - şəhid qəbiristanlıqlarında və xiyabanlarında görülən işlərlə start verildi. Şəhidlərimizin uyuduğu qəbiristanlıqlar, onların xatirəsinə ucaldılmış abidələr, parklar, bulaqlar, xiyabanlar abadlaşdırıldı, yeniləndi, əsaslı şəkildə təmir edilərək şəhidlərimizin adına layiq hala gətirildi.

Qazaxda şəhidlərimizə olan sonsuz ehtiram bununla da bitmədi. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı əsl xiyaban adını daşıyacaq görkəm aldı. Xiyabanda aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması, 287 nəfər şəhidin ruhunun bir məkanda toplanması şəhidlərimizə, onların ruhuna ən böyük töhfə oldu.

Bəli, bu gün nəinki şəhid ailələri, rayon sakinləri, eləcə də Qazaxa ayrı-ayrı dövlətlərdən, bölgələrdən gələn qonaqlar qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar.










 










 

Ölkə başçısının şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələr Qazaxda da uğurla icra olunur. Bu gün Qazaxda şəhidlərimizə verilən yüksək dəyəri özündə əks etdirən işlərdən biri də məhz onların adlarını daşıyan bulaqların tikilməsi, eyni zamanda da təmir olunmasıdır. Son 3 ildə rayonda Aprel şəhidləri kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun, əsgər Orxan Əliyevin, şəhidlərin qız qardaşı adlandırdığımız Vəfa (Mansurova) Dəmirçioğlunun adlarına şəhərin mərkəzində yeni bulaqların tikilməsi, Milli Qəhrəmanlarımızdan Alı Mustafayevin, Mərfət Nəsibovun, Firuddin Şamoyevin, Şamoy Çobanovun, Aqil Musayevin, yenə də şəhidlərimizdən Şahvələd Abbasovun, Qoşqar Qurbanovun, Qaratel Hacımahmudovanın, Səməd Hacıyevin adlarını daşıyan, "Şəhid Polislərin xatirəsinə”, "1 gün 31 şəhidin xatirəsinə” olan bulaqların yenidən qurulması bu istiqamətdə görülən işlərin ən bariz nümunəsidir. Bu gün birmənalı şəkildə deyə bilərik ki, Vətən, torpaq uğrunda canından keçən şəhidlərimizin göstərdiyi şücaət, qəhrəmanlıq hər zaman yüksək qiymətləndirilir. Şəhidlərimizin xatirəsinə olan bu bulaqların yenidən qurulması məhz şəhidlərimizə olan hörmət və ehtiramın bundan sonra da daim yüksəkdə tutulması deməkdir.














Ölkə Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın Qarabağ müharibəsi veteranlarına və əlillərinə, imtiyazlı ailələrə, ehtiyacı olan insanlara göstərdiyi qayğı Qazaxda da öz real əksini tapır. Qazax bələdiyyəsi tərəfindən 59 Qarabağ müharibəsi əlilinə, 35 şəhid ailəsinə və 14 ehtiyata buraxılmış hərbi qulluqçulara pulsuz həyətyanı torpaq sahəsinin verilməsi də dövlətin və dövlət başçısının bu təbəqədən olan insanlara göstərdiyi qayğıdır.   

Bu gün ölkə Prezidenti İlham Əliyevin sərhəd bölgələrində yaşayan insanlara olan diqqət və qayğısı, səmimi münasibəti Qazaxda da hiss olunur. Məhz dövlət başçısının qayğısı ilə əhatə olunan sərhəd kəndləri sərhəddə yerləşmələrinə baxmayaraq özünün inkişaf dövrünü yaşayır, günü-gündən inkişaf edir. Dövlətin qayğısını hər an hiss edən kənd sakinləri təsərrüfat və heyvandarlıqla məşğul olurlar.

Ölkə rəhbərinin dəstəyi sayəsində son 3 ildə sərhəd kəndlərində sakinlərin təhlükəsizliklərinin təmin olunması istiqamətində də məqsədyönlü işlər görülür. Sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrımda istinad divarlarının çəkilməsi həmin işlərin əyani sübutudur. Bu günə kimi Məzəmdə 57 evin qarşısına 2530 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad divarlarının çəkilməsi, bundan əlavə, sakinlərin xahişini nəzərə alaraq daha 5 evin qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkilməsinin nəzərdə tutulması, eyni zamanda kəndə rahat və təhlükəsiz şəraitdə gedib-gəlmək üçün ötən illərdə yol kənarına çəkilən istinad divarının çəkilişinin bu il də davam etdirilməsi düşmənlə sərhəddə yaşayan sakinlərin təhlükəsizliklərinin təmin olunması istiqamətində atılan uğurlu addımlardır.


 

Bundan əlavə, Quşçu Ayrım kəndində bu ilin Novruz bayramı ərəfəsində dam örtüklərinin yenilənməsi üçün 193 ailəyə 2414 ədəd yeni şiferin verilməsi sərhəddə yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması deməkdir.


Yenə də Quşçu Ayrım kənd sakini, şəhid anası Məmmədova Gülsəhər Məsim qızının evinin təmirinə köməklik olunması ilə bağlı müraciətinə yerində baxılması və köməklik olunması, onun evinin təmir edilməsi sərhəd kəndində yaşayan sakinlərə dövlət tərəfindən olan qayğının, dəstəyin əyani göstəricisidir.










Onu qeyd edək ki, sərhəd kəndlərində, o cümlədən də Quşçu Ayrım kəndində təmirlə bağlı köməklik olunan sakinlərin sayı bununla kifayətlənmir.

İndi isə gələk bu neçə gündə saytlarda xəbər başlıqlarına çevrilən Əsmər nənəyə (Cəfərova Əsmər Əsgər qızına). Hansı ki, yazılarda da qeyd edildi ki, Əsmər nənənin evi qəzalı vəziyyətdədir, təmirə ehtiyacı var və lakin heç kim onun müraciətinə baxmır. Həmin yazıları dərc edənlərə demək istəyirik ki, Əsmər Cəfərovanın Quşçu Ayrım kəndində yerləşən 1970-ci illərdə tikilmiş, bir mərtəbədən ibarət iki otaqlı fərdi yaşayış evinin dam örtüyünün təmiri üçün elə bu ilin mart ayında Rayon İcra Hakimiyyəti tərəfindən 20 ədəd şifer verilib. Digər qəzalı vəziyyətdə olan evlər kimi Ə.Cəfərovanın evi də təmirə ehtiyacı olan evlərin siyahısına qeyd edilib. Bundan başqa, ailəyə məxsus Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən fərdi yaşayış evi də var.



Yazılarda bir fikir də səsləndi ki, Əsmər Cəfərovanın oğlu şəhid olub və şəhid ailəsinə qayğı göstərilmir. Sadəcə istər bu videonu paylaşan, istərsə də həmin videodan məqsədli şəkildə istifadə edib yazıları yayımlayan insanlara demək istəyirik ki, Qazaxda nəinki şəhid ailələri, eləcə də hər bir vətəndaş diqqət mərkəzindədir. Bu gün Əsmər nənənin oğlu Cəfərov Murad Ayvaz oğlu şəhid olmasa belə (2001-2002-ci illərdə hərbi xidmətdə olub və hərbi xidmətdən qayıtdıqdan sonra 2004-cü ildə vərəm xəstəliyindən vəfat edib) ona olan münasibət hər bir Qazax vətəndaşına olan münasibətlə eynidir.

Sonda bir daha söyləmək istəyirik ki, Qazaxda istər şəhid ailəsinə, istər məcburi köçkünə, istər Qarabağ müharibəsi əlilinə, veteranına, istər sərhəddə yaşayan sakinlərə, istərsə də hər bir qazaxlı vətəndaşa olan diqqət və qayğı hər zaman yüksək səviyyədə olub və bundan sonra da olacaqdır. Ölkə başçısının yürütdüyü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda hər zaman ön planda dayanacaqdır. Necə ki, son 3 ildir ki, hər bir rayon sakini bunun əyani şahidi olur. Ən əsası da Qazaxda harada yaşamasından asılı olmayaraq hər bir qazaxlı yaxşı bilir ki, onların arxasında dayanan Azərbaycan dövləti, ölkə başçısı və rayon rəhbərliyi var.

P.S. Bəlkə də bu yazı çoxlarında müxtəlif fikirlər formalaşdıracaq. Tək deyəcəyimiz odur ki, bu yazı hər hansısa xəbər saytının öz məqsədləri naminə istifadəsi üçün nəzərdə tutulmayıb.

GOYEZEN.AZ



Facebook-da paylaş