• Təqvim

  • Maraq



Qazaxda 22 Noyabr - ədliyyə işçilərinin peşə bayramı qeyd olunub


Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 101 illiyi tamam olur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da ədliyyə işçiləri peşə bayramlarını qeyd ediblər. Bu münasibətlə Qazax Rayon İcra Hakimiyyətində tədbir keçirilib. Tədbirdə icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə təşkilatların rəhbərləri, məhkəmə, ədliyyə işçiləri, məktəb direktorları, KİV nümayəndələri iştirak ediblər.



Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar. Dahi şəxsiyyətin adını daşıyan Mərkəzdə müstəqil Azərbaycanın çiçəklənməsi naminə həyata keçirdiyi misilsiz xidmətlərə bir daha nəzər salıblar.







 


 

Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbiri icra başçısı Rəcəb Babaşov giriş sözü ilə açaraq Azərbaycan ədliyyəsinin yaranmasının 101 illiyi və ədliyyə işçilərinin peşə bayramları münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərinitəbrik edib, xoş arzularını çatdırıb.

Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, cənab Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından, rayonda aparılan abadlıq və quruculuq işlərindən danışıb.

Rayon rəhbəri Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə həyata keçirilən tədbirlərin və qazanılan nailiyyətlərin Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan genişmiqyaslı işlərin göstəricisi olduğunu vurğulayıb. O, dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin və məhkəmə-hüquq sisteminin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyini, səlahiyyətlərinin xeyli genişləndiyini, cəmiyyətdə yerinin və rolunun əhəmiyyətli dərəcədə artdığını bildirib. Ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyətini qeyd edib.


Qazax Rayon Məhkəməsinin hakimi Nemət Musayev çıxış edərək müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş  22 noyabr - ədliyyə işçilərinin peşə bayramı gününün artıq 19 ildir ki, ədliyyə və məhkəmə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunduğunu bildirib. Azərbaycan ədliyyəsinin yaranma tarixindən, keçdiyi keşməkeşli yoldan söz açan hakim qeyd edib ki, müasir Azərbaycan ədliyyəsinin yaranması - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb. Belə ki, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib, o cümlədən 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Azərbaycanda ilk Ədliyyə naziri Xəlil bəy Xasməmmədov, daha sonra Fətəli xan Xoyski, Teymur bəy Makinski, Aslan bəy Səfikürdski yüksək postda təyinat alıblar. AXC dövründə qurumun sonuncu rəhbəri yenidən Xəlil bəy Xasməmmədov olub.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra inqilab komitəsinin 1920-ci il 13 may tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilib. Yeni yaradılan Xalq Ədliyyə Komissarlığının səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilib. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilib.

1933-cü ildə məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyini müşahidə etmək məqsədilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilib. Lakin 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni təsdiq edilən Əsasnaməsi ilə bu qurumun səlahiyyətləri xeyli məhdudlaşdırılıb, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olub. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilib, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə olunub, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil edilib. Bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülüb.

N.Musayev qeyd edib ki, Azərbaycanda Ədliyyə sisteminin intibahı, Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis olunması Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilib, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib. Ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranıb. Azərbaycan ədliyyəsi ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra da Ulu Öndər Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. Belə ki, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə rolu artıb.

2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, nazirliyə vəzifələr həvalə edilib, strukturu təkmilləşdirilib. Müstəqillik dövründə ilk dəfə olaraq - dövlət başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub və Respublika Prezidenti tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb. Ölkə başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilib.


Hakim vurğulayıb ki, Prezident İlham Əliyevin "Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli Sərəncamı ölkəmizdə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biri olmaqla elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı mühüm addımlar atılması baxımından son dərəcə əhəmiyyətli oldu. Məhkəmə sisteminə elektron idarəetmənin daha mütərəqqi tətbiqi baxımından bu layihə Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatına layiq görülüb.

N.Musayev qeyd edib ki, dövlət başçısının təşəbbüsü ilə yaradılmış və artıq bütün dünyada Azərbaycan brendi kimi məşhurlaşmış "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən notariat və qeydiyyat orqanları tərəfindən aparılan əməliyyatların və verilən sənədlərin böyük hissəsi məhz ədliyyə qurumlarının payına düşür. Xüsusi qeyd olunmalıdır ki, bu gün ədliyyənin bütün sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə böyük diqqət yetirilir. Səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar nazirlik tərəfindən hazırlanan və elektron notariat informasiya sisteminə və aidiyyəti məlumat banklarına birbaşa çıxışı olan "Elektron notariat çantası” vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək mümkündür. Xüsusi vurğulamaq lazımdır ki, dövlət başçısının Azərbaycan ədliyyəsinə yüksək diqqət və qayğısının daha bir nümunəsi də bu sahədə çalışan əməkdaşların mütəmadi qaydada təltif olunmasıdır. Ötən il Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla 68 nəfərin yüksək fəxri adlar, ali xüsusi rütbələr, orden və medallarla təltif edilməsi, eləcə də ötən gün təltiflərlə bağlı növbəti Sərəncamın imzalanması bu ali diqqətin bariz nümunələrindən biridir. Bu yüksək diqqət və qayğı ölkəmizdə ədliyyə sahəsində daha böyük uğurların əldə olunacağına qəti inam yaradır. N.Musayev peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçilərinin Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışaraq xalqımıza şərəflə xidmət edəcəklərinə, ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirəcəklərinə əminliyini qeyd edib.

Rayon Prokuroru Əlirza Babayev, Polis şöbəsinin rəisi Ədalət Əliyev, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək ədliyyə və məhkəmə orqanlarında çalışan bütün əməkdaşları Azərbaycan ədliyyəsinin 101 illik yubileyi və əlamətdar gün münasibətilə təbrik ediblər. Geniş səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyinin demokratik cəmiyyətin qurulmasında böyük pay sahibi olduğunu diqqətə çatdırıblar. Onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində uğurlar arzulayıblar.



 

Sonda "22 Noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə və əmək funksiyalarını peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə” ədliyyə işçilərinin bir qrupuna Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.

Fəxri Fərmana layiq görülmüş Qazax Rayon Məhkəməsinin hakimi Nemət Musayev, Rayon Məhkəməsi aparatında böyük mütəxəssis Fəridə Qocayeva və məsləhətçi Leyla Həsənova onlara göstərilən yüksək diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq ədliyyə işçilərini peşə bayramları münasibətilə bir daha səmimi qəlbdən təbrik edib, müstəqil, suveren dövlət olan Azərbaycanın bundan sonra da yüksəklərdə olması naminə gördükləri bütün işlərdə uğurlar arzulayıb.



 

GOYEZEN.AZ



Facebook-da paylaş