• Təqvim

  • Maraq



İcra başçısı mərkəzi bazarda sakinlərin qayğıları ilə maraqlanıb

Bu gün tam əminliklə deyə bilərik ki, ölkəmizdə bütün sahələrdə vətəndaş amili ön planda tutulur. Vətəndaşlara olan diqqət və qayğı həyata keçirilən bütün işlərdə prioritet sahə kimi özünü göstərir. Ölkə Prezidenti İlham Əliyevin çıxışları zamanı "Xalqa ləyaqətlə xidmət etmək hər bir dövlət məmurunun borcudur. Mən Prezident kimi öz vəzifəmi xalqa xidmətdə görürəm” söyləməsi ölkəmizdə vətəndaş amilinin hər zaman yüksəkdə tutulmasını bir daha nümayiş etdirir. Ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr son 3 ildir ki, Qazaxda görülən işlərdə, həyata keçirilən tədbirlərdə, vətəndaşlara olan diqqət və qayğıda öz real əksini tapmaqdadır. Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun sakinlərlə keçirdiyi görüşlər də bunun bariz nümunəsidir. İcra başçısının mütəmadi olaraq sakinlərin arasında olması, onların qayğıları ilə yaxından maraqlanması, narahat edən məsələləri öz dillərindən eşitməsi və həlli istiqamətində tapşırıqlar verməsi bir amala xidmət edir ki, onun da kökündə vətəndaş məmnunluğu, onların rahatlığı, xoş güzəranı dayanır. Rayon rəhbərinin sakinlərin arasında olması və onlarla səmimi söhbət aparması demək olar ki, artıq bir ənənəyə çevrilib.

Bu gün icra başçısı "Nazim” MMC-yə məxsus şəhərin mərkəzində yerləşən mərkəzi bazarda olub, sakinlərlə görüşüb, səmimi söhbət edərək onları narahat edən məsələlərlə, qayğılarla maraqlanıb.

Rayon rəhbəri bildirib ki, rəhbər kimi təyin olunduğum ilk gündən çalışıram ki, hər zaman siz sakinlərin yanında olum, mövcud vəziyyəti, sizləri narahat edən qayğıları öz dilinizdən eşidim. Son illər respublikamızda həyata keçirilən abadlıq, quruculuq işlərindən söz açan icra başçısı bu inkişafın Qazax rayonundan da yan keçmədiyini qeyd edib. Rayonda görülən işlərdən, eləcə də mərkəzi bazarda yaradılan səliqə-sahman işlərindən danışan icra başçısı bildirib ki, görülən bütün işlərin, həyata keçirilən tədbirlərin arxasında xalqa xidmət dayanır.

Sakinlərlə səmimi söhbət aparan rayon rəhbəri satılan hər bir məhsulun keyfiyyətinə fikir verilməsini tövsiyə edib və əhalinin sağlamlığının qorunması baxımından keyfiyyətin, xüsusilə də sanitariya qaydalarına ciddi əməl olunmasının çox vacib məsələ olduğunu vurğulayıb.

Sakinləri narahat edən bəzi məsələləri dinləyən rayon rəhbəri bununla bağlı aidiyyatı şəxslərə ciddi iradlarını bildirib və tapşırıqlarını verib.

Rayon rəhbəri ilə səmimi söhbət edən sakinlər ölkə başçısı tərəfindən əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan, imzalanan Fərman və Sərəncamlardan, vətəndaşlara olan dövlət qayğısından söz açaraq razılıqlarını bildiriblər. Əmək haqqının, təqaüdlərin, sosial müavinətlərin və bu qəbildən olan bir neçə sahə üzrə olan artımları onlara göstərilən diqqət və qayğı kimi qiymətləndiriblər. Respublikada, eləcə də Qazaxda aparılan abadlıq, quruculuq işlərinə, əhalinin rifah halının yaxşılaşdırılmasına görə ölkə başçısına öz dərin minnətdarlıqlarını çatdırıblar.

 


GOYEZEN.AZ



Facebook-da paylaş