• Təqvim

  • Maraq



Gəncə-Qazax istiqaməti üzrə “Qarabağ Azərbaycandır!” devizi altında təşkil olunan avtoyürüş Qazaxdan start götürüb


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır!” devizi altında təşkil olunan avtoyürüş Qərbin qapısı sayılan Qazaxdakı Şəhidlər xiyabanından start götürüb.

Şəhərin mərkəzində Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın əziz xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, AQMƏVŞA İctimai Birliyinin respublika üzrə sədr müavini Şura Musayev, Gəncə Qarnizonu Zabitlər Evinin əməkdaşları ehtiyatda olan polkovnik Nazim Əhmədov, gizir Asif Zeynalov, operator Seymur Namazov, Qarabağ müharibəsi əlilləri, gənclər, N saylı hərbi hissənin əsgərləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının, o cümlədən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri olmuş mərhum Kamandar Məmmədovun ruhuna dua oxunub, əziz xatirələri dərin ehtiramla yad olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq qonaqları və yürüş iştirakçılarını, eləcə də bütün qazaxlıları 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. AQMƏVŞA İctimai Birliyinin Dövlət Bayrağı Günü münasibətilə təşkili etdiyi avtoyürüşün Qazaxdan start götürülməsinə görə birliyin rəhbərliyinə rayon ictimaiyyəti adından minnətdarlığını bildirib. Mərdlik, qeyrət simvolu olan, mədəniyyətin, sazın, sözün beşiyi sayılan, Qərbin qapısı hesab edilən Qazaxda bu cür tədbirin keçirilməsini yüksək qiymətləndirib. Qazaxda Qarabağ müharibəsi əlillərinin və veteranlarının hər zaman dövlətə, dövlətçiliyə sadiqlik nümayiş etdirdiyini qeyd edən icra başçısı onlar tərəfindən vətənpərvərlik mövzulu tədbirlərin keçirilməsinin ənənə halını aldığını qeyd edib. Onların ürəyində olan Vətən sevgisini, torpağa olan bağlılıqlarını hər zaman yüksək qiymətləndirdiyini deyən icra başçısı bu gün hər bir qazaxlının qazilərimizlə fəxr etdiyini, onlara hörmətlə yanaşdığını söyləyib. Bu gün Qarabağ müharibəsi əlillərinin öz sağlamlıqlarını itirmələrinə baxmayaraq onlarda ordumuzda olan şücaətin, torpağa sevginin, bağlılığın, döyüşə hazırlıq səviyyəsinin, düşməni hər an məhv etmək istəyinin olmasının hər bir vətəndaşda qürur və fəxarət hissi doğurduğunu diqqətə çatdırıb. Sonda hər bir yürüş iştirakçısına uğurlar diləyən rayon rəhbəri növbəti belə yürüşləri işğal altında olan torpaqlarımızda, eləcə də Qazaxın düşmən tapdağında qalan Bağanıs Ayrım, Barxudarlı, Xeyrımlı, Sofulu, Qızılhacılı, Aşağı Əskipara Yuxarı Əskipara kəndlərində etmələrini arzulayıb.

 

AQMƏVŞA İctimai Birliyinin respublika üzrə sədr müavini Şura Musayev çıxış edərək tədbir iştirakçılarını və Qarabağ müharibəsi əlillərini birliyin sədri Mehdi Mehdiyevin adından salamlayıb, ən xoş təbriklərini çatdırıb. 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş avtoyürüşün məqsəd və əhəmiyyətindən danışan Ş.Musayev oktyabrın 3-də Soçidə keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında ölkə Prezidenti cənab İlham Əliyevin çıxışı zamanı düşmənə layiqli cavab olaraq söylədiyi "Qarabağ Azərbaycandır!” ifadəsinə bu gün hər bir azərbaycanlının, o cümlədən də Qarabağ müharibəsi əllilərinin dəstək olmaq üçün var qüvvələri ilə çalışdıqlarını vurğulayıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə İctimai Birliyin təşkil etdiyi bu avtoyürüşün də məhz bu məqsədə, amala xidmət etdiyini qeyd edib. Vətənpərvərlik ruhlu bu yürüşün 3 istiqamət üzrə təşkil olunduğunu bildirib. Birinci istiqamət üzrə Bakı-Hacıqabul-Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər, ikinci istiqamət üzrə Lənkəran-Masallı-Cəlilabad-Bilasuvar-Beyləqan, üçüncü istiqamət üzrə isə Qazax-Ağstafa-Tovuz-Şəmkir-Gəncə şəhər və rayonlarını əhatə etdiyini söyləyib. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın dəstəyi və qüdrətli ordumuzun gücü sayəsində tezliklə işğalda olan torpaqlarımızın azad ediləcəyini və növbəti belə yürüşlərin o torpaqlara təşkil olunacağını bildirib. O günün elə də uzaqda olmadığını bir daha diqqətə çatdırıb.

AQMƏVŞA İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini Xasay Balayev, birliyin üzvü Namiq Alıyev, şəhid kapitan Mühüd Orucov adına Tədris Mərkəzinin rəhbəri Gülanə Hüseynova çıxış edərək əlamətdar gün və yürüş münasibətilə səmimi ürək sözlərini bildiriblər. Gəncə-Qazax istiqaməti üzrə olan yürüşün, bugünkü tədbirin məhz Qazaxdan başlanmasının heç də təsadüfi olmadığını, bu gün düşmənlə sərhəddə 168 km məsafədə mətin dayanan Qazaxın, qazaxlıların hər zaman bu cür tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu qeyd ediblər. Bu cür tədbirlərin ilk deyil, dəfələrlə keçirilməsini, rayon gənclərinin, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunmaları, döyüş əzmində böyümələri üçün belə tədbirlərin tez-tez keçirildiyini, yürüşlərin təşkil olunduğunu vurğulayıblar. Bugünkü yürüşün məhz Dövlət Bayrağı Günü münasibətilə keçirilməsini qürur yerimiz, mənliyimiz, kimliyimiz olan bayrağa olan böyük ehtiram kimi qiymətləndiriblər. Bugünkü yürüşün Qərbin qapısı sayılan Qazaxdan, xüsusilə də müqəddəs bir məkandan, Vətən oğullarının, şəhidlərimizin xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanından başlanmasını minnətdarlıq hissi ilə qarşılayıblar.

Sonra tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsinə ucaldılmış memorial önünə gül dəstəsi düzərək onlara olan ehtiramlarını bildiriblər.

Daha sonra yürüş iştirakçıları üzərində "Qarabağ Azərbaycandır!” şüarı yazılmış və üçrəngli Azərbaycan bayrağı olan, ölkə başçısının onlara hədiyyə etdiyi avtomobillərlə yola düşüblər.



















 






GOYEZEN.AZ



Facebook-da paylaş