Qazaxda şair-publisist, jurnalist Məmməd Əfşanın 80 illik yubileyi qeyd olunub
Qazaxda
yubiley tədbirlərinin keçirilməsi artıq ənənə halını alıb. Belə ki, şairlərin,
yazarların, saz, söz adamlarının yubiley tədbirlərinin keçirilməsi, onların
yaradıcılığına hər zaman qiymət verilməsi bu ənənənin ən bariz nümunəsidir. Belə
yubiley tədbirlərindən biri Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər
Birliyinin üzvü, şair-publisist, jurnalist Məmməd Əfşanın (Məmmədov Məmməd
Hüseyn oğlu) 80 illik yubileyi münasibətilə keçirilib. Qazax Rayon İcra
Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə Məmməd Əfşan yaradıcılığından söhbət açılıb, onun doğma
elə, obaya, yurda olan bağlılığından, Vətənə olan sevgisindən danışılıb. Şəhərin
mərkəzində yerləşən Ədəbiyyat Muzeyinin akt zalında təşkil olunan yubiley tədbirində
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul
işçiləri, təhsil, mədəniyyət işçiləri, şairlər, aşıqlar, ağsaqqallar, ziyalılar,
BDU Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin əməkdaşları və tələbələri,
yubilyarın yaxınları, doğmaları, KİV nümayəndələri iştirak ediblər. Tədbirin
aparıcısı, AYB Qazax zona filialının sədri, Əməkdar
incəsənət xadimi, şair
Barat Vüsal yubiley tədbirini açıq elan edərək təbrik üçün sözü rayon rəhbərliyinə
verib.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq
qonaqları salamlayıb,M.Əfşanı 80 illik yubileyi münasibətilə təbrik edib, Ölkə Prezidenti İlham
Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət, incəsənət
xadimlərinə, şairlərə, söz adamlarına, qazaxlılara verdiyi dəyərdən, göstərdiyi
diqqət və qayğıdan danışıb. Rayon rəhbəri ölkə Prezidentinin
qazaxlılara verdiyi dəyəri özündə əks etdirən Sərəncamlardan da söz açıb. Qazax
Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı
imzalanmış 3 noyabr 2018-ci il tarixli Sərəncamın Qazax təhsilinə, elminə verilən
ən böyük qiymət olduğunu qeyd edib. Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik
yubileyinin qeyd olunması ilə bağlı imzalanmış 28 yanvar 2019-cu il tarixli Sərəncamı,
daha sonra görkəmli ədibin adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam
orta məktəbin istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu
tərəfindən əsaslı təmir olunmasını qazaxlı ziyalılara verilən ən böyük dəyər
kimi qiymətləndirib. Bundan başqa, Heydər Əliyev Fondu tərəfindən Xalq şairi
Vaqif Səmədoğlunun şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında
büstünün qoyulmasını ziyalılara olan ən böyük ehtiram kimi dəyərləndirib. İcra başçısı rayonda şairlərə, saz, söz adamlarına
göstərilən diqqət və qayğıdan söz açaraq keçirilən yubiley tədbirlərini, anım
günlərini, kitab təqdimatlarını qeyd edib. Bu gün Qazaxda bütün sahələrə olduğu
kimi, mədəniyyət, xüsusilə də ədəbiyyat sahəsində çalışan insanlara xüsusi
qayğı ilə yanaşıldığını vurğulayıb. Fəaliyyətə başladığı ilk gündən şairlərə,
saz, söz adamlarına, onların yaradıcılığına həmişə yüksək qiymət verdiyini diqqətə
çatdırıb. Rayon rəhbəri yubilyarın Vətəninə, elinə, obasına bağlı bir şair,
ziyalı olduğunu vurğulayaraq onun yazdığı şeirlərin, əsərlərin, bütövlükdə
yaradıcılığının bugünkü gənc şairlər, yazarlar üçün bir məktəb olduğunu
bildirib.
Şair
Barat Vüsal çıxış edərək tədbirdə iştirak edənləri Məmməd Əfşanın 80 illik
yubileyinin keçirilməsi münasibətilə təbrik edib, ziyalılara, şairlərə verilən
yüksək qiymətə, göstərilən diqqətə görə başda ölkə başçısı olmaqla rayon rəhbərliyinə
minnətdarlığını çatdırıb. Bugünkü yubiley tədbirinin yüksək səviyyədə təşkil
olunmasını ziyalılara olan qayğının daha bir bariz nümunəsi kimi dəyərləndirib.
Şairin həyat və yaradıcılığından söz açan B.Vüsal onun ilk xeyir-duasını Xalq
şairlərimiz Səməd Vurğundan, Osman Sarıvəllidən aldığını qeyd edib. Bildirib
ki, M.Əfşan 1939-cu ilin 27 iyun tarixində Qazax rayonunun dilbər guşəsi olan
Aşağı Əskipara (hazırda düşmən tapdağı altındadır) kəndində dünyaya göz açıb.
Azərbaycan Pedaqoji Dillər İnstitutunun fransız dili fakültəsinə daxil olmuş,
daha sonra təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universitetinin) jurnalistika fakültəsində davam etdirib. Əmək fəaliyyətinə
"Abşeron” qəzeti redaksiyasında məsul katib kimi başlayıb. İlk şeiri Qazaxda nəşr
olunan "Kommuna yolu” qəzetində, ilk məqaləsi "Azərbaycan gəncləri” qəzetində,
ilk felyetonu "Abşeron” qəzetində, xaricdə ilk şeirləri Özbəkistanda və
Latviyada dərc olunub. İlk şeirlər kitabı "Dostluq töhfəsi” Daşkənddə nəşr
edilib. B.Vüsal
bildirib ki, sayca 50-dən artıq kitab müəllifi olan şairin yaradıcılığı olduqca
zəngindir. İlk sanballı əsəri "Üç qardaş” povestlər trilogiyasıdır. Sonra iki
cildlik "Mən görən kişilər” publisist xatirələr toplusunu yazıb. "Dünya mənim
dünyam deyil” adlı seçilmiş şeirlər kitabı nəşr olunub. Daha sonra "Sönməz
ocağın dühası” (M.Əlizadə ilə birlikdə), "Ömür karvanı”, "Bir ömrün dastanı”
(rus dilinə tərcümə olunub), "Göyçənin tərlanı”, "Kişiliyi yaşadan kişi”, "Əzablı
yolların yolçusu”, "Qasırğalar burulğanında”, "Tale hökmü”, "Qaçaq Tavat” adlı
povest və romanları, "Buzov” və "Tanrı hökmü” pyesləri şairin yaradıcılığında zənginliyi
özündə əks etdirən ən qiymətli əsərlərdir. Ən son şeirlər toplusu olan "Taleyim
alnıma yazılıb mənim” kitabı isə bu il nəşr olunub.
Şairə,
AYB-nin işçisi Güləmayıl Murad çıxış edərək Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anar müəllimin M.Əfşanın 80 illik yubileyi münasibətilə yubilyara
ünvanladığı təbrik məktubunu oxuyub və səmimi arzularını çatdırıb. Mədəniyyətimizə,
incəsənətimizə verilən yüksək dəyərə görə dövlət başçısına və rayon rəhbərliyinə
sonsuz təşəkkürlərini bildirib. Yazdığı şeirləri ilə yubilyarı bir daha təbrik
edib. BDU-nun
Qazax filialında Riyaziyyat və informatika kafedrasının müdiri, professor
Hüseyn Xəlilov, rayon ağsaqqalı, Prezident təqaüdçüsü Kamal Əhmədov, AYB-nin
Qazax Zona filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu, şairə, AYB-nin üzvü
Tamella Poladlı, Aşağı Əskipara kənd tam orta məktəbin müəllimi Əliağa
Süleymanov, tədbir iştirakçılarından Fərhad Qocamanov çıxış edərək yubilyarı təbrik
edib, onun yaradıcılığından, şairlə bağlı xatirələrindən danışıblar. Bu cür
yubileylərin keçirilməsini dahi insanlara, ustadlara böyük ehtiram, bu gün
yazıb-yaradan insanlara, şairlərə göstərilən ən böyük qiymət kimi qeyd ediblər.
M.Əfşan yaradıcılığından söz açan çıxışçılar onun şeirlərində, yazdığı əsərlərdə
doğma Vətənə, elinə, obasına bağlılığının, ana təbiətə vurğunluğunun, Vətən,
yurd, torpaq həsrəti çəkməsinin aydın şəkildə əks olunduğunu, Azərbaycan ədəbiyyatında
öz dəst-xətti, öz üslubu olduğunu, şeir dili ilə deyə bilmədiklərini nəsrləri
ilə çatdırdığını vurğulayıblar. Yubliyarın
qardaşı Əməkdar jurnalist Sərhəd Məmmədov çıxış edərək qardaşı ilə bağlı xatirələrindən
danışıb, bir ziyalı, ağsaqqal kimi onunla hər zaman fəxr etdiyini qeyd edib. Dövlətimiz
və ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən ziyalılarımıza olan diqqət
və qayğını yüksək qiymətləndirib. Bu gün qardaşının yubiley tədbirinin belə
yüksək səviyyədə təşkil olunmasına görə əməyi keçən insanlara minnətdarlığını
bildirib. Tədbirdə BDU-nun Qazax filialının Ədəbiyyat
ixtisasının I kurs tələbəsi Günel Eyyubova yubilyarın "Şair ürəyi”, II kurs tələbəsi
Qənirə Musayeva isə "Səslə məni” şeirlərini tədbir iştirakçılarına və şairə ərmağan
ediblər. Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca və
Aydın Orucovun ifasında şairin böyük fateh Teymurləngə yazdığı "Haqq divanı” əsərindən
nümayiş olunan parça da alqışlarla qarşılanıb. Qazax
Aşıqlar Birliyinin sədri Camoy Qurbanov, aşıqlardan Saqif Məzəmli, Yaşar
Gülümcanov, Şahin Süleymanov ifa etdikləri mahnı töhfələri ilə yubilyarı təbrik
ediblər. Yubilyar
Məmməd Əfşan çıxış edərək onun yaradıcılığına verilən qiymətə, göstərilən diqqət
və qayğıya görə başda ölkə başçısı olmaqla rayon rəhbərliyinə və tədbirin ərsəyə
gəlməsində əziyyəti keçən insanlara öz dərin minnətdarlığını bildirib. Sonda
yubilyara anadan olmasının 80 illiyi münasibətilə Qazax Rayon İcra Hakimiyyəti başçısının
Fəxri Fərmanı təqdim olunub.
GOYEZEN.AZMƏMMƏD
ƏFŞAN — 80 ---------------------
Facebook-da paylaş