“Venzana” layihəsi bölgədə işsizliyin aradan qaldırılmasında gerçəkləşdirilən ən uğurlu layihədir
Bu gün bütün dünyada güclü dövlət
kimi tanınan Azərbaycanda ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə
iqtisadiyyatının ixrac qabiliyyətinin artırılması, ətraf rayonlarda məşğulluğun
təmini baxımından böyük tədbirlər həyata keçirilir, layihələr reallaşdırılır.
Respublika Prezidentinin 2014-cü il 26 dekabr tarixli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci
illər üçün Dövlət Proqramı"na uyğun olaraq ölkəmizdə sənaye parklarının
yaradılmasına, fabriklərin inşasına başlanılmışdır. Artıq bu istiqamətdə işlər
davam etdirilir, müvafiq sərəncamdan irəli gələn vəzifələr uğurla həyata
keçirilir. Qazax rayonunda 2000-ci ildən fəaliyyət
göstərən "Saloğlu” mebel fabriki nəinki respublikamızda, eləcə də artıq xarici
ölkələrdə belə tanınır. Fabrik Qərb bölgəsinin ən böyük rəqabətli müəssisələrindən
biridir. Fabrikin istehsal etdiyi məhsullar alıcılar tərəfindən böyük rəğbətlə
qarşılanır. Bu gün "Saloğlu” fərdi firması
19 illik fəaliyyəti dövründə yerli mebel istehsalı sahəsində öz sözünü deməklə
yanaşı, xarici bazarda da "Made in Azerbaijan” brendini layiqincə təmsil etməyə
nail olmuşdur. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na qoşulan
"Saloğlu” mebel fabriki 400 nəfərlik kollektivlə, respublikamızın Qərb bölgəsində,
Qazax rayonunda yerləşməklə ölkə iqtisadiyyatına öz töhfəsini verir. 2004 və 2016-cı illərdə möhtərəm Prezident İlham
Əliyevin fabrikə ziyarətləri zamanı verdiyi tövsiyə və tapşırıqlardan ruhlanan
müəssisə hədəflərini daha da böyüdərək, 2500 nəfərlik yeni iş yerlərinin
açılması istiqamətində bir neçə yeni istehsal fabriklərinin tikintisinə
başlayıb. Bu gün Ölkə Prezidenti İlham Əliyevin təməlini
atdığı "Venzana” layihəsinin tikintisi uğurla davam etməkdədir. Layihə əsasında
yeni fabrik cari ilin sonuna qədər fəaliyyətə keçərək, istehsal edəcəyi mebel məhsullarının
2020-ci ilin ilk rübündə Avropaya ixracatını planlaşdırır."Venzana” layihəsi təkcə böyük bir fabrikin ərsəyə gəlməsi demək deyil. Eyni
zamanda, bölgədə işsizliyin aradan qaldırılmasında reallaşdırılan ən uğurlu
layihələrdən biridir. Bu gün bu layihənin gerçəkləşməsi həm ölkə iqtisadiyyatının
güclənməsi, həm də əhalinin maddi rifah halının yaxşılaşması deməkdir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov da "Saloğlu” mebel fabrikində olub, layihə əsasında inşa olunan yeni fabrikin
tikintisi ilə maraqlanıb. "Saloğlu”
mebel firmasının direktoru Tacəddin Mustafayev görülən işlər barədə ətraflı
məlumat verərək qeyd edib ki, layihə uğurla həyata keçirilir. Qeyd edib ki, məqsəd idxaldan asılılığı azaltmaq,
əlavə vəsait xərclənməsinin qarşısını almaq, əhalinin məşğulluğunu
artırmaqdır. Eyni zamanda, əsas hədəflərdən biri məhsul istehsalını artırmaq və
daxili bazarı gücləndirməkdir. Sonra rayon rəhbəri fabrikdə olan
yeni mebellərə baxış keçirib. Fabrikdə çalışan işçilərlə səmimi söhbət edən icra başçısı onlara işlərində
uğurlar arzulayıb. GOYEZEN.AZ
"Venzana" layihəsini gerçəkləşdirən böyük fabrikin tikintisi
Facebook-da paylaş