Qazax şəhərində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi şöhrət bayramı keçirilib
Azərbaycan Respublikasının
Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə
Qazax şəhərində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş "Aprel döyüşləri
bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi vətənpərvərlik tədbiri
keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin
rəhbərliyi, Müdafiə Nazirliyinin rəsmiləri, Aprel şəhidlərinin valideynləri,
ailə üzvləri, döyüşlərdə yaralanaraq sağlamlıqlarını itirən əsgər və zabitlər,
paytaxt Bakıdan, qonşu rayonlardan gəlmiş Qarabağ müharibəsi veteranları,
ictimaiyyət nümayəndələri əvvəlcə Şəhidlər Xatirə Kompleksini ziyarət edərək
"Əbədi məşəl” önünə qırmızı qərənfillər düzüb, xalqımızın ümummilli lideri Heydər
Əliyevin xatirəsini yad edib, ulu öndərimizin adını daşıyan parkda keçirilən hərbi
şöhrət bayramına qatılıblar.
Hərbi orkestr "Azərbaycan
fanfarası”nı ifa etdikdən sonra Üzeyir Hacıbəylinin "Cəngi” musiqisinin sədaları
altında "Aprel zəfəri - 2016” ədəbi-musiqili-xoreoqrafik kompozisiya təqdim
olunub. Aparıcılar: Respublikanın Xalq artisti Pərvanə Qurbanova və Əməkdar incəsənət
xadimi Abdulla Qurbani Aprel zəfərinin yeni hərb tariximizdə mühüm yer
tutduğunu, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin dəfələrlə qeyd etdiyi kimi Aprel döyüşlərinin bizim şanlı tarixi qələbəmiz
olduğunu nəzərə çatdırıblar. Aprel zəfərinə həsr edilmiş mahnılar, hərbi
marşlar və rəqslər ifa edilib. Aprel döyüşlərində, Füzuli, Cəbrayıl.
Ağdərə rayonlarında və keçən ilin may ayında Naxçıvan Muxtar Respublikasında
uğurlu əks-hücum nəticəsində bir çox strateji yüksəkliklərin ələ keçirilərək
min hektarlarla ərazilərin nəzarətə götürülməsində müstəsna xidmətləri olmuş hərbi
hissələrin Bakıda, Azadlıq meydanında keçirilən hərbi paradlarda nümayiş
etdirilən döyüş bayraqları meydana gətirilib. Tədbir iştirakçıları həmin
bayraqları ayaq üstə alqışlarla qarşılayıb və işğal altında olan
torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliklərini bildiriblər. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov, Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat
İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim
Əliyev və "Şöhrət” ordenli, "Tərəqqi” medallı, dünya şöhrətli idmançımız, Azərbaycan
Güləş Federasiyasının vitse-prezidenti, "Sərhədçi” Olimpiya İdman Kompleksi rəisinin
müavini, Dövlət Sərhəd Xidmətinin baş zabiti Firdovsi Umudov çıxış ediblər. İcra başçısı Rəcəb Babaşov
Aprel zəfərinin qazanılmasında, uzun illərdən sonra xalqımıza qələbə sevincinin
yaşadılmasında dövlətimizin başçısı cənab İlham Əliyevin müstəsna xidmətlərinin
olduğunu minnətdarlıq hissi ilə tədbir iştirakçılarına çatdırıb. Qeyd olunub ki, müdrik və qətiyyətli
Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış
Aprel zəfəri Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun şanlı qələbəsidir.
Bu qələbə ordumuzun gücünü, dövlətimizin qüdrətini və xalqımızın həmrəyliyini
göstərdi. Düşmən ordusu bir həmləmizlə biabırçı məğlubiyyətə uğradı və illər
boyu bərkidib betonladığı, dinc əhalinin başına güllə, mərmi yağdırdığı mövqelərdən
bir gecədə qovulub çıxarıldı. Düşmən təkcə məğlub edilmədi,
o həm də sındırıldı. Düşmən Azərbaycan Ordusundan qat-qat gücsüz olduqlarını
etiraf etdilər. Çıxış edən natiqlər
vurğulayıblar ki, Aprel döyüşlərindən keçən 3 il ərzində də Respublika Prezidenti
İlham Əliyevin diqqəti sayəsində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin
artırılması, maddi-texniki bazasının, silah-sursat arsenalının müasirləşdirilməsi istiqamətində çox mühüm
tarixi işlər görülüb. Azərbaycan Ordusunun müasir standartlara cavab verən peşəkar
orduya çevrilməsində Azərbaycanın iqtisadi inkişafı vacib rol oynayır və bunun
arxasında şəxsən dövlətimizin başçısının gərgin əməyi, uğurla apardığı daxili və
xarici siyasət durur. Bir gün öncə Müdafiə
Nazirliyinin xüsusi təyinatlı qoşunlarının hərbi hissələrindən birində olmuş
Ali Baş Komandan İlham Əliyevin şəxsi heyətlə görüşündə Aprel döyüşləri barədə
dediyi fikirlər hərbi şöhrət bayramı iştirakçıları tərəfindən alqışlarla
qarşılanıb: "Aprel döyüşləri bizim tarixi qələbəmizdir, müasir tariximizdə ən
uğurlu hərbi əməliyyatlardan biridir. Bu döyüşlər göstərdi ki, Azərbaycan əsgəri,
zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə
borcunu yerinə yetirməyə hazırdır”. Tədbirdə Şəmkir hərbi birliyinin
hərbi qulluqçuları öz məharətlərini nümayiş etdirib, H.Aslanov adına Mərkəzi
Zabitlər Evinin və Gəncə Qarnizonu Zabitlər Evinin yaradıcı heyətləri, eləcə də
respublikanın incəsənət ustaları Vətəni, Ordumuzu tərənnüm edən konsert proqramı
ilə çıxış ediblər. Aprel döyüşlərində şəhidlik
zirvəsinə ucalan, Qazax rayonundan pərvazlanan şəhid kapitan Mühüd Orucov, baş
leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin qəhrəmanlıqları xatırlanıb,
onların ölməzliyi naminə məşəllər yandırılıb. Şəhid valideynləri dövlət tərəfindən
daim diqqət və qayğı ilə əhatə olunduqlarını, Prezident İlham Əliyev və Birinci
vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Əməkdar incəsənət xadimi,
Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin layihəsi əsasında
Müdafiə Nazirliyinin təşkil etdiyi hərbi vətənpərvərlik tədbirləri həftəsi Bakı
şəhərində yekunlaşacaqdır. GOYEZEN.AZ
Facebook-da paylaş