Əsas Səhifə > Manşet / Rəsmi > Qazax şəhərində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi şöhrət bayramı keçirilib

Qazax şəhərində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi şöhrət bayramı keçirilib


3-04-2019, 20:08

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazax şəhərində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş "Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi vətənpərvərlik tədbiri keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin rəsmiləri, Aprel şəhidlərinin valideynləri, ailə üzvləri, döyüşlərdə yaralanaraq sağlamlıqlarını itirən əsgər və zabitlər, paytaxt Bakıdan, qonşu rayonlardan gəlmiş Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri əvvəlcə Şəhidlər Xatirə Kompleksini ziyarət edərək "Əbədi məşəl” önünə qırmızı qərənfillər düzüb, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, ulu öndərimizin adını daşıyan parkda keçirilən hərbi şöhrət bayramına qatılıblar.




 




Hərbi orkestr "Azərbaycan fanfarası”nı ifa etdikdən sonra Üzeyir Hacıbəylinin "Cəngi” musiqisinin sədaları altında "Aprel zəfəri - 2016” ədəbi-musiqili-xoreoqrafik kompozisiya təqdim olunub. Aparıcılar: Respublikanın Xalq artisti Pərvanə Qurbanova və Əməkdar incəsənət xadimi Abdulla Qurbani Aprel zəfərinin yeni hərb tariximizdə mühüm yer tutduğunu, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi Aprel döyüşlərinin bizim şanlı tarixi qələbəmiz olduğunu nəzərə çatdırıblar. Aprel zəfərinə həsr edilmiş mahnılar, hərbi marşlar və rəqslər ifa edilib.


Aprel döyüşlərində, Füzuli, Cəbrayıl. Ağdərə rayonlarında və keçən ilin may ayında Naxçıvan Muxtar Respublikasında uğurlu əks-hücum nəticəsində bir çox strateji yüksəkliklərin ələ keçirilərək min hektarlarla ərazilərin nəzarətə götürülməsində müstəsna xidmətləri olmuş hərbi hissələrin Bakıda, Azadlıq meydanında keçirilən hərbi paradlarda nümayiş etdirilən döyüş bayraqları meydana gətirilib. Tədbir iştirakçıları həmin bayraqları ayaq üstə alqışlarla qarşılayıb və işğal altında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliklərini bildiriblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev və "Şöhrət” ordenli, "Tərəqqi” medallı, dünya şöhrətli idmançımız, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, "Sərhədçi” Olimpiya İdman Kompleksi rəisinin müavini, Dövlət Sərhəd Xidmətinin baş zabiti Firdovsi Umudov çıxış ediblər.

İcra başçısı Rəcəb Babaşov Aprel zəfərinin qazanılmasında, uzun illərdən sonra xalqımıza qələbə sevincinin yaşadılmasında dövlətimizin başçısı cənab İlham Əliyevin müstəsna xidmətlərinin olduğunu minnətdarlıq hissi ilə tədbir iştirakçılarına çatdırıb.

Qeyd olunub ki, müdrik və qətiyyətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış Aprel zəfəri Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun şanlı qələbəsidir. Bu qələbə ordumuzun gücünü, dövlətimizin qüdrətini və xalqımızın həmrəyliyini göstərdi. Düşmən ordusu bir həmləmizlə biabırçı məğlubiyyətə uğradı və illər boyu bərkidib betonladığı, dinc əhalinin başına güllə, mərmi yağdırdığı mövqelərdən bir gecədə qovulub çıxarıldı.

Düşmən təkcə məğlub edilmədi, o həm də sındırıldı. Düşmən Azərbaycan Ordusundan qat-qat gücsüz olduqlarını etiraf etdilər.




Çıxış edən natiqlər vurğulayıblar ki, Aprel döyüşlərindən keçən 3 il ərzində də Respublika Prezidenti İlham Əliyevin diqqəti sayəsində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının, silah-sursat arsenalının  müasirləşdirilməsi istiqamətində çox mühüm tarixi işlər görülüb. Azərbaycan Ordusunun müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində Azərbaycanın iqtisadi inkişafı vacib rol oynayır və bunun arxasında şəxsən dövlətimizin başçısının gərgin əməyi, uğurla apardığı daxili və xarici siyasət durur.

Bir gün öncə Müdafiə Nazirliyinin xüsusi təyinatlı qoşunlarının hərbi hissələrindən birində olmuş Ali Baş Komandan İlham Əliyevin şəxsi heyətlə görüşündə Aprel döyüşləri barədə dediyi fikirlər hərbi şöhrət bayramı iştirakçıları tərəfindən alqışlarla qarşılanıb: "Aprel döyüşləri bizim tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Bu döyüşlər göstərdi ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır”.

Tədbirdə Şəmkir hərbi birliyinin hərbi qulluqçuları öz məharətlərini nümayiş etdirib, H.Aslanov adına Mərkəzi Zabitlər Evinin və Gəncə Qarnizonu Zabitlər Evinin yaradıcı heyətləri, eləcə də respublikanın incəsənət ustaları Vətəni, Ordumuzu tərənnüm edən konsert proqramı ilə çıxış ediblər.

Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan, Qazax rayonundan pərvazlanan şəhid kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin qəhrəmanlıqları xatırlanıb, onların ölməzliyi naminə məşəllər yandırılıb. Şəhid valideynləri dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını, Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin layihəsi əsasında Müdafiə Nazirliyinin təşkil etdiyi hərbi vətənpərvərlik tədbirləri həftəsi Bakı şəhərində yekunlaşacaqdır.

























GOYEZEN.AZ 


Geri qayıt