Qazaxda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə 31 Mart soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bir əsr öncə baş vermiş faciədən danışıb. Qeyd edib ki, Azərbaycanda XIX-XX əsrlərdə baş verən bütün faciələr torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin xalqımıza qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin digər bölgələrində davam etdirilən, minlərlə günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnən soyqırımı günündən bizi bir əsrlik zaman fasiləsi ayırsa da, tarixdə heç zaman unudulmayacaq. Rayon rəhbəri qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu, soydaşlarımızın amansız işgəncələrə, qarətlərə məruz qaldığını qeyd edib. İcra başçısı bildirib ki, mart soyqırımına ilk siyasi-hüquqi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. 1998-ci il martın 26-da ümummilli liderin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla hər il 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Rayon rəhbəri ulu öndərin soyqırımla bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
İcra başçısı Rəcəb Babaşov Prezident İlham Əliyevin rəhbərliyi altında itirilmiş torpaqlarımızın geri qaytarılacağına, tarixi həqiqətlərin bərpa ediləcəyinə əmin olduğunu bildirib.
Digər çıxış edənlər də vurğulayıblar ki, vaxt gələcək, erməni daşnakları öz layiqli cəzalarını alacaqlar.
GOYEZEN.AZ
Facebook-da paylaş