Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 31 Mart - Azərbaycanlıların
Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
Səməd
Vurğun adına 2 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbirdə Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri,
təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə 31 Mart soyqırımı
qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov çıxış edərək bir əsr
öncə baş vermiş faciədən danışıb. Qeyd edib ki, Azərbaycanda
XIX-XX əsrlərdə baş verən bütün faciələr torpaqlarımızın zəbti ilə müşayiət
olunaraq, ermənilərin xalqımıza qarşı düşünülmüş, planlı surətdə həyata
keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. 1918-ci
il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin digər bölgələrində
davam etdirilən, minlərlə günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın
və uşağın qətli ilə nəticələnən soyqırımı günündən bizi bir əsrlik zaman fasiləsi
ayırsa da, tarixdə heç zaman unudulmayacaq. Rayon rəhbəri qətliam zamanı azərbaycanlılara
məhz milli mənsubiyyətinə görə divan tutulduğunu, soydaşlarımızın amansız işgəncələrə,
qarətlərə məruz qaldığını qeyd edib. İcra başçısı bildirib ki, mart soyqırımına ilk siyasi-hüquqi qiymət ulu öndər Heydər Əliyev
tərəfindən verilib. 1998-ci il martın 26-da ümummilli liderin imzaladığı "Azərbaycanlıların
soyqırımı haqqında” Fərmanla hər il 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü
kimi qeyd olunur. Rayon rəhbəri ulu öndərin soyqırımla bağlı siyasətinin
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
İcra başçısı Rəcəb Babaşov Prezident
İlham Əliyevin rəhbərliyi altında itirilmiş torpaqlarımızın geri
qaytarılacağına, tarixi həqiqətlərin bərpa ediləcəyinə əmin olduğunu
bildirib.
Digər çıxış edənlər də vurğulayıblar ki, vaxt gələcək, erməni
daşnakları öz layiqli cəzalarını alacaqlar.
GOYEZEN.AZ
Geri qayıt
|