Qazaxda Novruz bayramı təntənəli şəkildə qeyd olunub
Qədim və milli bayramımız olan Novruz bayramı respublikamızın bütün
bölgələrində olduğu kimi, Qazaxda da böyük təntənə ilə qeyd olunub. Bu münasibətilə
rayonumuzda ümumrayon şənliyi keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
ilə keçirilən Novruz şənliyi ilə əlaqədar Olimpiya İdman Kompleksinin qarşısı
bayramsayağı, Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb,
Novruzun rəmzi olan böyük tonqal çatılıb. Rayon sakinlərində xoş əhval-ruhiyyə
yaradan Novruz bayramında minlərlə rayon sakini iştirak edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının
məsul işçiləri, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyəti Novruz şənliyində iştirak etmək üçün Olimpiya
İdman Kompleksinə gəliblər. Bayramın atributları sayılan Kosa və Keçəlin, Bahar qızın qonaqları
salamlaması ilə tədbir start götürüb. Zurnaçıların, aşıqların baharı, Azərbaycanı
tərənnüm edən mahnıları ətrafa yayılıb, bayram şənliyinin iştirakçılarında xoş
ovqat yaradıb. Novruzun rəmzi olan tonqal alovlandırıldıqdan sonra Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov və qonaqlar bayram ovqatlı sərgilərə, bayramsayağı
bəzənmiş süfrələrə, pəhləvanların, idmançıların və uşaqların maraqlı
çıxışlarına, əl işlərindən ibarət nümunələrə, qədim məişət əşyalarına tamaşa
ediblər. Adət-ənənələrimizə uyğun hazırlanmış Novruz təamları ilə tanış olub,
ululardan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayişinə baxıb,
aşıqların ifasında qədim el havalarını dinləyiblər. Bayram şənliyində Kosa və Keçəlin zarafatları, Bahar qızın söylədikləri
şeirlər, məzəli əhvalatlar, Novruzla bağlı adətlər, oxunan rəngarəng mahnılar və
müxtəlif rəqslər rayon sakinlərinin və tamaşaçıların sevincinə səbəb olub. Sonra Novruz bayramına həsr olunmuş tədbir Olimpiya İdman
Kompleksinin içərisində konsert proqramı ilə davam etdirilib.
Aparıcılar Akif Əmirov və Zəmanə Dərviş konsert proqramını açıq elan
edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, rayon sakinlərinə
ən xoş arzularını çatdırıblar. Qeyd ediblər ki, Novruz bayramı ulu babalarımızın zəngin mənəvi aləmini dolğun təcəssüm
etdirir. Ən qədim təsəvvürləri qoruyub saxlamış bu bayram təbiətlə insanın
sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsidir. Odlar diyarına onun hər gəlişi
min illərin ənənəsinə uyğun, rəngarəng mərasimlər və el şənlikləri ilə müşayiət
olunmuşdur. Milli özünüdərkin təşəkkülündə müstəsna mövqeyə malik Novruz ənənələri
çoxəsrlik tarixi keçmişinə daim ehtiramla yanaşan xalqımızın dünya mədəniyyətinə
misilsiz töhfələrindəndir. Həmin ənənələrin müqəddəs ərməğan kimi həmişə uca
tutulması və layiqincə yaşadılaraq gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının
vətəndaşlıq borcudur. Bildirilib ki, Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd
olunması ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Sovet imperiyası dövründə qeyd olunmasına sərt qadağa qoyulan bu əziz
bayramın uzun illərin fasiləsindən sonra 1969-cu ildən respublikamızda təntənə
ilə qeyd edilməsinə başlanılmışdır. Bu, ulu öndər Heydər Əliyevin öz xalqına,
onun qədim, zəngin tarixinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani
təzahürü idi. Vurğulanıb ki, dövlət başçısı İlham
Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin daha sürətli və davamlı
inkişafının əsası qoyulmuş, ictimai-siyasi sabitlik möhkəmləndirilmiş, Azərbaycan
Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmişdir. Bütün bu uğurları vətəndaşlarımız
öz gündəlik həyatında qabarıq hiss edir, gələcəyə böyük ümid bəsləyirlər.
Xalqımız builki Novruz bayramını məhz belə bir yüksək ovqatla qarşılayır. Ölkə
başçısının milli dəyərlərimizə son dərəcə diqqətlə yanaşdığının, mədəniyyətimizin
inkişafına xidmət edən lazımi tədbirlərin həyata keçirildiyinin şahidi oluruq.
Bu illərdə ölkə prezidenti İlham Əliyev mənəvi irsimizlə bağlı kitabların dərc
olunmasından tutmuş yaradıcı şəxslərin fəaliyyətinin qiymətləndirilməsinə qədər
müxtəlif sərəncamlar imzalamışdır. Bu, ölkə rəhbərinin ulu öndərin siyasi
kursunun layiqli davamçısı kimi həm də mədəni-mənəvi irsimizə bağlılığından xəbər
verir. Diqqətə
çatdırılıb ki, Novruz bayramı demək
olar ki, Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiyada,
İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda,
Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur. 2009-cu il sentyabrın 30-da isə
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi
nəticəsində Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına
daxil edilmişdir. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü
sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan
edilmişdir.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram şənliyində çıxış edərək Novruz
bayramı münasibətilə ölkə prezidenti İlham Əliyev, Birinci vitse-prezident
Mehriban xanım Əliyeva başda olmaqla bütün xalqımızı, rayon sakinlərini səmimi
qəlbdən təbrik edib, hər bir ailəyə sevinc, firavan günlər, əmin-amanlıq
arzulayıb. Azərbaycan xalqının min illər boyu qəlbində yaşatdığı bu ən əziz
günün - Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzu edib. Rayon rəhbəri qeyd edib
ki, Novruz xalqımız tərəfindən qədim zamanlardan həmişə barışıq, dostluq, səmimiyyət,
təmizlik və yeniləşmə əhval-ruhiyyəsi yaradan Bahar bayramı kimi qeyd olunub.
Novruz təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı
bir bayramdır. Novruz tarixən hər bir azərbaycanlı ailəsinin ən əziz qonağı
olmuşdur. Bu gün isə bu gözəl bayram Azərbaycan xalqının, o cümlədən hər bir
Qazax sakininin evində qonaqdır. Bu gün biz öz sevimli bayramımızı sevinc hissi
ilə, hörmətlə qarşılayır və ürək dolusu deyirik, xoş gəldin, əziz bayramımız,
yolun açıq, qədəmlərin səyalı olsun. Səmimi ürək sözlərini çatdıran icra
başçısı tezliklə işğal altında olan rayonlarımızın, eləcə də Qazaxın işğal
olunmuş 7 kəndinin azad olunmasını və bu cür bayram tədbirlərinin həmin torpaqlarımızda
qeyd edilməsini arzulayıb. Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında qələbə müjdəli xəbərin bütün dünyaya yayılacağı günün uzaqda olmadığını
bildirib.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva tədbirdə çıxış
edərək rayon sakinlərini bayram münasibətilə təbrik edib, səmimi ürək sözlərini
çatdırıb. Respublika prezidentinin uğurlu siyasəti nəticəsində ölkəmizin, eləcə
də bütün bölgələrimizin gündən-günə inkişaf etdiyini qeyd edən deputat son illər
Qazaxın da həmin inkişaf edən rayonlar sırasında dayandığını bildirib. Müstəqil
Azərbaycanın çiçəklənməsi naminə həyata keçiriləcək bütün işlərində ölkə
başçısına və rayon rəhbərinə uğurlar arzulayıb. Ü.Ağayeva da Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında işğalda olan torpaqlarımızın tezliklə azad
olunmasını, qələbələrimizin, zəfərlərimizin həmin torpaqlarda qeyd edilməsini, ən
əsası da üçrəngli Azərbaycan bayrağının o torpaqlarda dalğalanmasını arzulayıb. Sonra Bakıdan rayonumuza dəvət olunmuş müğənnilər
növbə ilə səhnədə yer alıblar. İlkin olaraq səhnəyə çıxan Əməkdar artist Tural
Abdullayev ifa etdiyi mahnıları ilə bayram təbriklərini çatdırıb. Xalq artistləri Şahnaz
Haşımova və Sabir Əliyevin musiqi töhfələri də əsl bayram əhval-ruhiyyəsi
yaradıb. Konsert proqramı getdikcə
daha rəngarəng mahnılarla davam edib. Oxunan nəğmələr tamaşaçılar arasında əks-səda
doğurub. Səhnədə müğənnilər bir-birini əvəz edir, konsertə toplaşanların zövqünə
uyğun mahnılar ifa ediblər. Əməkdar artist Aybəniz Haşimovanın və rəhbərlik
etdiyi Sənət Akademiyasının tələbələri Müzəffər Fərzəliyevin, Milana Nəbiyevanın,
Seymur Məlikzadənin, Həsən Əliyevin ifa etdikləri bir-birindən gözəl nəğmələr
rayon sakinləri tərəfindən alqışlarla qarşılanıb. Respublikanın
Əməkdar artisti Şəadət Ömərovun ifa etdiyi mahnılar da bayram şənliyinə böyük coşqu qatıb, hər tərəfi alqış sədaları
bürüyüb. Gənc və istedadlı müğənni Nəsimi Kamaloğlunun ifası da yaddaqalan olub. Sazın, sözün beşiyi olan
Qazax hər zaman aşıq mahnıları ilə seçilib. Aşıqlarımızın ifası həmişə
alqışlarla qarşılanıb. Aşıqlardan Camoy Qurbanov, Yaşar Gülümcanov, Saqif Məzəmli
və Şahin Süleymanov tərəfindən səslənən şən-şux mahnılar tamaşaçıların könlünü
oxşayıb. Beləliklə, Novruz
bayramı münasibətilə Qazax Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə
uğurlardan danışılıb, nailiyyətlərdən söz açılıb, uğurlarımıza həsr olunmuş
mahnılar oxunub, nəğmələr ifa edilib. Bahar bayramı
münasibətilə təşkil edilmiş konsert proqramı böyük ruh yüksəkliyi ilə başa
çatıb. GOYEZEN.AZ
Facebook-da paylaş